Mehman Muradlı: “Xüsusi cinayət tribunalı yaradılması üçün BMT TŞ-nin qərarı lazımdır”
Ombudsman Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı Xocalı soyqırımı cinayətini törədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün bir sıra mexanizmlərin mövcud olduğunu bildirib: “Bunlardan biri Xocalı soyqırımı cinayətinin araşdırılması və bu cinayəti törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün Xocalı soyqırımı üzrə beynəlxalq tribunalın yaradılmasıdır". Onun sözlərinə görə, beynəlxalq tribunallar beynəlxalq cinayətlərin törədilməsində ittiham olunan fiziki şəxslər və dövlətlər üzərində ədalət mühakiməsinin həyata keçirilməsi üçün yaradılan bir mexanizmdir.
A.Səfixanlı qeyd edib ki, tarixdə müxtəlif vaxtlarda müxtəlif hadisələrlə bağlı beynəlxalq tribunallar yaradılıb. İlk dəfə İkinci Dünya Müharibəsindən sonra sülh və bəşəriyyət əleyhinə cinayətlərdə təqsirləndirilən şəxslərin cəzalandırılması üçün Nürnberq və Tokio tribunalları təsis olunub, daha sonra keçmiş Yuqoslaviya və Ruanda ərazisində baş vermiş genosid, sülh və bəşəriyyət əleyhinə olan cinayətləri törətmiş şəxslər üzərində ədalət mühakiməsinin həyata keçirilməsi üçün beynəlxalq cinayət tribunalları yaradılıb: "Hesab edirəm ki, Xocalı faciəsi zamanı törədilən əməllər genosid və insanlıq əleyhinə cinayətlərin tərkib hissəsini yaratdığından, Xocalı soyqırımı üzrə beynəlxalq tribunal yaradılmalıdır. Xüsusi olaraq vurğulamaq istərdim ki, “Müddətin hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə tətbiq edilməməsi haqqında” 26 noyabr 1968-ci il tarixli Konvensiyanın tələblərinə əsasən, törədilmə vaxtından asılı olmayaraq, genosid cinayətini törətmiş şəxslərin istənilən vaxt cinayət məsuliyyətinə cəlb oluna bilməsi tələbi də məsələnin aktuallığını daim saxlamış olur. Xocalı soyqırımı cinayətinin törədilməsində məsuliyyət daşıyan şəxslərin cəzalandırılması istiqamətində atılacaq digər addım isə bu cinayətin törədilməsində iştirakı sübuta yetirilmiş şəxslərin beynəlxalq axtarışa verilərək Azərbaycana gətirilməsinə nail olmaq və barələrində cinayət təqibini həyata keçirməkdir".
Ombudsman Aparatı rəhbərinin Xocalı soyqırımı ilə bağlı beynəlxalq tribunalın yaradılması tələbi öz təsdiqini tapa bilərmi və buna necə nail olmaq mümkündür?
Hüquqşünas Mehman Muradlı qəzetimizə bildirdi ki, buna nail olmaq mümkündür: “Əvvəl törədilən cinayətin bəşəriyyət əleyhinə olan soyqırım və ya qətliam olduğunu sübut etmək lazımdır ki, həmin hadisəyə beynəlxalq tribunal səviyyəsində baxılsın. Azərbaycan tərəfi bununla bağlı əlindən gələni edib. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən Xocalı soyqırımı ilə bağlı başlanmış cinayət işi çərçivəsində 7500-dən artıq istintaq hərəkəti aparılıb və 39 nəfərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib. Bütün bunlar deməyə əsas verir ki, Xocalıda baş verən cinayət soyqırım cinayəti idi. Çünki məqsəd konkret ərazidə yaşayan və konkret milli mənsubiyyətə məxsus olan əhali qrupunu məhv etmək olub. Əməliyyatı hazırlayanlar, onun həyata keçirilməsinə göstəriş verənlər və onu icra edənlər öz məqsədlərinə çatmış və əhalinin əhəmiyyətli hissəsini yaş, cins tərkibinə əhəmiyyət vermədən məhv etmişlər.
Xocalıda baş verənlər insanlıq əleyhinə cinayətdir. Çünki əməliyyatı həyata keçirən tərəf şəhər üzərində nəzarəti təmin edərək dinc əhaliyə qarşı amansız divan tutmuş, bütün yaş qrupuna daxil olan insanları qətlə yetirmiş, işgəncə vermiş, əsir götürmüş, uzun müddət psixoloji və fiziki təzyiqlər altında saxlamış, cinsi zorlama, zorla hamilə etmə, orqanların çıxarılması kimi qəddar və hərbi əməliyyatlara aidiyyəti olmayan və mülki əhaliyə yönələn vəhşiliklər törətmişlər.
Xocalıda baş verənlər hərbi cinayətdir. Çünki baş verən qətllər, digər zorakı hərəkətlər, şəhərin tamamilə yerlə-yeksan edilməsi hərbi məqsədlərə çatmaq üçün zəruri olan hədlərdən çox kənara çıxırdı. Həyata keçirilən əməliyyatın məqsədi təkcə bir inzibati ərazi vahidinin işğal olunması deyildi, həm də bu şəhərin sakinlərinin və özünün məhvi idi. Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməmiş, ermənilərin terrorçu, işğalçı əməllərinə qarşı qəti tədbirlər görülməyib. Eyni zamanda Xocalı soyqırımında Ümumdünya İnsan Haqları Bəyannaməsinin bir çox maddələri pozulub. BMT Təhlükəsizlik Şurasının qərarı ilə beynəlxalq cinayət baş vermiş ölkədə xüsusi olaraq beynəlxalq cinayət tribunalları yaradılması praktikası var. Eyni zamanda biz Xocalı soyqırımının beynəlxalq cinayət kimi tanınması üçün əsas verən hüquqi sənədlərdən də yararlana bilərik. Hər bir halda, bu işin istər Beynəlxalq Cinayət Məhkəməsinə verilməsi, istərsə də xüsusi cinayət tribunalı yaradılması üçün BMT TŞ-nin qərarı lazımdır”.
Məhəmmədəli QƏRİBLİ