Qabil Hüseynli: “Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və heç bir halda, Ermənistanın nəzarəti altında qala bilməz”
Nüfuzlu britaniyalı ekspert, Karnegi Fondunun elmi əməkdaşı Tomas de Vaal 30 il bundan əvvəl Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxmaq barədə separatçı qərarından sonra münaqişənin necə inkişaf etdiyinə və hansı mərhələyə gəlib çatdığına nəzər salıb.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanması imkanı 20 il bundan əvvələ nisbətən indi daha məhduddur: “Manevrlər üçün məkan daralır və burada ən kəskin, ən ağrılı məsələ budur ki, ermənilər təkcə Dağlıq Qarabağın özünü nəzarətdə saxlamırlar. Mən belə düşünürəm ki, münaqişənin istənilən həll variantında Dağlıq Qarabağ ermənilərin nəzarəti altında qalacaq. Lakin burada Dağlıq Qarabağ ətrafındakı ərazilərin məsələsi də var, hansı ki, həmin ərazilər Dağlıq Qarabağ muxtariyyətinin tərkibində olmayıblar. Bu Azərbaycan rayonları da erməni qoşunlarının işğalı altındadır. Əlbəttə, Azərbaycan bu ərazilərin itirilməsi ilə heç vaxt barışmayacaq, hansı ki, orada yarım milyondan çox azərbaycanlı yaşayıb və onlar indiyə qədər qaçqın statusundadır. Digər tərəfdən, erməni tərəfi möhkəm təhlükəsizlik təminatı almasa, bu rayonları qaytarmaz. Hesab edirəm ki, 20 il bundan qabaq məsələni həll etmək daha sadə idi, nəinki indi".
Ekspert qeyd edib ki, hərbi əməliyyatların yenidən başlanması risqi həmişə yüksək olaraq qalır. Onun fikrincə, Azərbaycan və Ermənistan prezidentləri müharibə istəmirlər: "Kim risqə gedib bu cür təhlükəli münaqişəni alovlandırmaq istəyər? Hansı ki, kütləvi insan tələfatına və dağıntılara gətirib çıxaracaq. Lakin digər tərəfdən münaqişədə gərginlik dərəcəsi çox yüksəkdir. Qarşılıqlı sözlü təhdidlər və təmas xəttinə ağır silahların-artilleriyanın, aviasiyanın cəmləşdirilməsi. Orada çox ciddi militarizasiya gedir. Bu da o deməkdir ki, cəbhədəki komandirlərin də öz çəkisi var-birdən hansısa artilleriya yaylım atəşi açılsa, atəşkəsin hansısa ciddi pozulması halı baş versə, o, təcili qərar qəbul etməlidir, ola bilsin bu zaman o heç Bakıya və ya Yerevana zəng vurmağa da imkan tapmasın. Və bu situasiyada əlbəttə ki, risq çox böyükdür".
Britaniyalı ekspertin açıqlamasında xüsusilə diqqətçəkən bir fikir var. O qeyd edir ki, münaqişənin istənilən həll variantında Dağlıq Qarabağ ermənilərin nəzarəti altında qalacaq. Bununla tanınmış ekspert nə demək istəyib?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, britaniyalı ekspertin bu fikri onun üçün yeni deyil: “Münaqişə başlayan andan bunu Azərbaycana açıq formada deməsələr də, hər zaman qulağına pıçıldayıblar ki, ətraf rayonlar qaytarılsa da, Dağlıq Qarabağ ermənilərin nəzarətində qalmalıdır. Azərbaycan heç vaxt bu təkliflə razılaşmayıb, bundan sonra da razılaşmayacaq. Biz hər zaman bu istiqamətdə ikili standartlarla üzləşmişik. Bunun çoxu da ermənilərə bəslənən xristian təəssübkeşliyindən irəli gəlib. ATƏT-in Lissabon sammitində MDB məkanında olan digər münaqişə ocaqları ilə bağlı konkret qərar qəbul olunub. Həmin sammitin yekun qətnaməsində Gürcüstanın və Moldovanın ərazi bütövlüyü tanınıb. Ancaq Azərbaycanla bağlı bildirilib ki, buradakı məsələ əlahiddə xüsusiyyətə malikdir. Buna ona görə eyham edirlər ki, guya burada ermənilərin sayı bir qədər çoxdur. Halbuki, ermənilərin özü də etiraf edirlər ki, onlar Dağlıq Qarabağa İrandan köçürülüblər. Yəni abxazlar, osetinlər kimi aborigen xalq deyillər. Demək istədiyim budur ki, Tomas de Vaal da həmin təsirlərin altında bu açıqlamanı verir. Ancaq vəziyyət bir qədər dəyişib. Avropa İttifaqı rəsmilərinin son bəyanatları göstərir ki, onlar Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyirlər. Xüsusilə də Mogerininin son açıqlaması bunun qətiyyətli sübutu sayıla bilər. Rəsmi səlahiyyət sahibi olan şəxslər belə düşünürlərsə, deməli, hansısa ekspertin mülahizəsindən narahatlıq keçirməyə dəyməz. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və heç bir halda, Ermənistanın nəzarəti altında qala bilməz. Bunu birmənalı şəkildə bilmələri lazımdır. Bu baxımdan da ekspertin gəldiyi qənaəti real saymıram və hesab edirəm ki, onun hadisələrə bir qədər real aspektdən yanaşmasına zərurət var”.
Məhəmmədəli QƏRİBLİ