Aqşin Əliyev: “Bununla Ermənistan Rusiyanın Dağlıq Qarabağ mövzusunda onların yanında olduğu təəssüratını yaratmaq istəyir”
Məlum olduğu kimi, fevral ayının 23-də Rusiyanın paytaxtı Moskva şəhərində “Qızıl ordu”nun yaradılmasının 100 illiyinə həsr edilmiş bayram tədbirləri keçirilib. Həmin tədbirlərdə Azərbaycan müdafiə nazirinin müavini səviyyəsində iştirak edib. Ermənistanı isə müdafiə naziri Vigen Sarkisyan təmsil edib.
Ermənistan mətbutaı Vigen Sarkisyanın məlum tədbirdə iştirakı və orada Rusiya prezidenti Vladimir Putinlə görüşdükdən sonra birbaşa Dağlıq Qarabağa yollanmasına siyasi bir don geydirməyə can atır. Bildirilir ki, V.Sarkisyan Xankəndidə qondarma qurumun rəhbərliyilə görüşüb. Onların qənaətincə, müdafiə nazirinin Putinlə görüşdən sonra belə bir zərurətin ortaya çıxması təsadüfi deyil və görünür, Sarkisyan Xankəndinə boş yerə yollanmayıb. V.Sarkisyanın bu hərəkət trayektoriyasında qeyri-adi nəsə axtarmağa dəyərmi?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, Ermənistan mətbuatının öz müdafiə nazirlərinin səfərlərində qeyri-adi nəsə axtarması təbiidir: “Bilirsiniz ki, V.Sarkisyan məxsusi olaraq Putin tərəfindən Moskvaya dəvət edilməyib. Onunla keçirilən görüş də Moskvada baş tutan bayram tədbirləri ərafəsinə təsadüf edir. Orada bir sıra ölkələrin nümayəndələri, o cümlədən bizim ölkənin də təmsilçisi olub. Rusiya ilə Ermənistanın hərbi sahədə əməkdaşlığı kiməsə sirr deyil. İki ölkə hətta bir-birilə hərbi müttəfiq sayılırlar. Çünki onların KTMT çərçivəsində qarşılıqlı əməkdaşlığı mövcuddur. Həmçinin, Rusiyanın Ermənistanda hərbi bazaları var. Ermənistanın xarici ölkələrlə olan sərhədini rus sərhədçiləri qoruyurlar. Bu baxımdan da Putinlə Ermənistan müdafiə naziri arasında danışıqların mövzusu bu aspektləri əhatə edə bilər. Ermənistan mətbuatının özündə də müzakirənin Rusiyanın Ermənistandakı hərbi bazaları ətrafında aparıldığı versiyası da səslənir. V.Sarkisyanın həmin görüşdən sonra dərhal Dağlıq Qarabağa yollanması blef də ola bilər. Xüsusilə də Dağlıq Qarabağla bağlı gedən danışıqların bu həssas mərhələsində belə bir gedişin edilməsi təsadüfi deyil. Bununla Ermənistan Rusiyanın Dağlıq Qarabağ mövzusunda onların yanında olduğu təəssüratını yaratmaq istəyir. Onsuz da bəzi detallar, xüsusilə də Rusiyanın Dağlıq Qarabağ məsələsində hansı mövqeyi bölüşdüyü bizə məlumdur. Ancaq bu mərhələdə inanmıram ki, Putin V.Sarkisyanı xüsusi missiya ilə Dağlıq Qarabağa göndərsin. Çünki elə bir fövqəladə hadisə baş verməyib”.
Məhəmmədəli QƏRİBLİ