Yeganə Hacıyeva: “Rusiya, faktiki olaraq, Ukraynanın Asiya regionuna çıxışını bağlayıb”
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) maraqlı təkliflə çıxış edib. Onlar hesab edirlər ki, Ukrayna-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı münasibətlərin gələcəkdə möhkəmləndirilməsinə imkan verəcək. Nazirlikdən bildirilib ki, Ukrayna Azərbaycan və Türkiyə ilə ənənəvi dostluq münasibətlərinə malikdir və hər iki tərəf Ukrayna ilə strateji tərəfdaşdır:
"Ukrayna-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı ölkələr arasında münasibətlərin gələcəkdə möhkəmləndirilməsinə kömək edəcək və Azərbaycan və Türkiyənin digər üçtərəfli əməkdaşlıq formatlarında uğurla reallaşdırdığı layihələrə analoji olaraq qarşılıqlı faydalı layihələrin işlənib hazırlanmasına imkan verən platforma olacaq".
Qeyd edək ki, bundan öncə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev martın 6-da Bakıda Azərbaycan-Ukrayna-Türkiyə formatının yaradılması ilə bağlı ilk siyasi məsləhətləşmələrin keçiriləcəyini bildirib.
Belə bir əməkdaşlıq formatı üç ölkə arasında olan münasibətlərə hansı formada təsir edə bilər?
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, üç ölkənin daha yaxından əməkdaşlıq edə biləcəyi mümkündür: “Burada problem görmürəm və bu əməkdaşlıq formatının rəsmiləşdirilməsinə zərurət duyulur. Hazırkı məqamda da hər üç ölkə arasında münasibətlər qənaətbəxşdir. Bu həm siyasi, həm də iqtisadi sferanı əhatə edir. Siyasi anlamda, demək olar ki, mövqelərimizdə ziddiyyət yoxdur. Əksinə, bir çox məsələlərdə yaxından əməkdaşlıq edirik. Həm Ukrayna, həm də biz ərazi problemi, separatçılıqdan əziyyət çəkirik. Türkiyə ilə bizim birgə erməni problemimiz var. Bütün bunlar və digər zəruri faktorlar bu formatın ərsəyə gəlməsini zəruri edir. Azərbaycanın belə formatların ərsəyə gəlməsində geniş təcrübəsi də var. Region ölkələri arasında bizim bu yöndə göstərdiyimiz səylər öz müsbət nəticəsini verib. Türkiyə ilə Ukrayna arasında iqtisadi münasibətlər yüksək səviyyədədir. Ötən ilin statistikasına görə, Türkiyəni ziyarət edən ukraynalı turistlərin sayı 1 milyonu ötüb. Rusiya, faktiki olaraq, Ukraynanın Asiya regionuna çıxışını bağlayıb. Onlar həmin regionla əlaqəni Azərbaycan vasitəsilə reallaşdıra bilirlər.
Azərbaycan-Türkiyə və Azərbaycan-Ukrayna, eləcə də Türkiyə-Ukrayna münasibətlərinin pozitiv dinamikasını nəzərə alsaq, onda sözügedən üçbucaqda ümidverici transformasiyalar baş tuta bilər. Ola bilsin ki, müəyyən vaxtdan sonra üç dövlətin iqtisadi zəmində daha geniş işbirliyi də baş tusun. Əsas tələb ondan ibarətdir ki, bu çərçivədə real ticari artım alınsın, üçlük müxtəlif inteqrasiya layihələrində əlverişli imkanların gerçəkləşməsi üçün əməli zəmin yarada bilsin. Tranzit daşımalarında böyük imkanlar sezilir. Azərbaycanla Türkiyə onsuz da transkontinental dövlətlər sırasına aiddirlər. Ukrayna isə Şərqi Avropanın açar dövlətidir. Nəzərə alınsa ki, coğrafi baxımdam məmləkətlər bir o qədər də bir-birindən uzaq deyil, məsafələri müxtəlif əlverişli marşrutları cızmaqla bir qədər də azaltmaq olar. Lakin bu istiqamətdə gərək tərəflərin mütəxəssisləri koordinasiyalı əməkdaşlıq aparsınlar. Enerji proqramları baxımından da üçlüyün maraqları üst-üstə düşür. Azərbaycan həm istehsalçı, həm də tranziti təmin edən məmləkət kimi həm Türkiyəyə, həm də Ukraynaya çox dəstək verir. Həcmlər arta bilər və bu müstəvidə ölkələrin tam anlaşma şəraitində faydalı əməkdaşlıq aparması üçün böyük imkanlar görünür”.
Məhəmmədəli QƏRİBLİ