Ermənistanda gələn ayın 2-də baş tutacaq prezident seçkiləri ərəfəsində vəziyyətin daha da gərginləşməsi müşahidə olunur. Ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsi fonunda əhalinin hakimiyyətdən narazılığı özünün pik həddinə çatmaqdadır. Müxalifət düşərgəsi isə Serj Sarkisyanı və komandasını indi ən müxtəlif cinayətlərdə ittiham edir.
Bu xüsusda yenidən nəzər salınan hadisələrdən biri ölkədə 10 il əvvəl baş verən hadisələrdir. Elə qeyd olunan fonda müşahidə edilən odur ki, Ermənistanda ictimai-siyasi vəziyyət yenidən sürətlə gərginləşir.
Hazırda diqqət cəlb edən əsas məsələ isə real vəziyyətdə “Yelk“ partiyası ilə hakim Respublika Partiyası arasında qalmaqalın getdikcə dərinləşməsidir. “Yelk“ partiyası 10 il əvvəl martın 1-də İrəvanda baş verən qanlı hadisələrdə Serj Sarkisyanı və onun komandasını günahlandırır. Serj Sarkisyanın 2008-ci ilin 1 mart hadisələrində birbaşa əli olduğu bildirilir. Xatırladaq ki, həmin gün baş verən qanlı toqquşmada 10 dinc sakin öldürülüb, 200 nəfər müxtəlif dərəcədə xəsarət alıb. Daha 100 nəfər isə həbs edilib. Həmin hadisələrin araşdırılması və faktların toplanması üzrə qrup hələ də hadisələrdə əli olanları üzə çıxarmayıb. “Yelk“partiyasının rəhbəri Nikol Paşinyan 1 mart hadisələrinin hakim partiyanın biabırçılığı olduğunu deyib. Deputat 2008-ci il martın 1-də paytaxtda baş verən qanlı iğtişaşlarla bağlı hazırladıqları beş bənddən ibarət ittiham aktını müzakirəyə təqdim edib. O qeyd edib ki, hakimiyyət 10 il əvvəl qətlə yetirdiyi vətəndaşların ailələrinə və zorakılıq tətbiq etdiyi insanlara yüksək məbləğdə kompensasiya ödəməlidir. Keçmiş baş prokuror Gevork Kostanyan da 2008-ci ilin mart hadisələrini ölkə tarixi üçün qara ləkə hesab edir.
Yuxarıda qeyd olunduğu kimi, martın 1-də baş vermiş hadisələrin öyrənilməsi və faktların toplanması üzrə qrup hələ də hadisələrdə əli olanları üzə çıxarmayıb. Elə bu fonda yaxınlaşan prezident seçkiləri ilə bağlı on il sonra həmin iğtişaşlar yenidən Ermənistan gündəmini zəbt edib. “Yelk“ partiyası 2008-ci il martın 1-də baş verənlərdə Ermənistan rəhbərliyini günahlandırır. Partiyanın sədri Nikol Paşinyan bildirir ki, məhz Serj Sarkisyan keçmiş müdafiə naziri Seyran Ohanyana həmin gün şəhərin küçələrinə qoşun yeridilməsi əmrini verib. Nəticədə xüsusi təyinatlı qoşunlar mitinqə toplaşanların üzərinə yeridilib. Aksiya zamanı iğtişaşları da Sarkisyanın mülki geyimdə olan adamları törədib. Paşinyan diqqətə çatdırıb ki, 1 mart qurbanları cəmiyyətə cinayətkar kimi təqdim edilir: “ Onlar sadəcə, Ermənistanda növbəti prezident seçkisindən sonra seçkinin nəticələrinə etiraz edən dinc sakinlər olublar. İki gün davam edən etiraz aksiyası mitinq iştirakçıları və polis arasında qarşıdurma ilə yekunlaşıb. Sarkisyan isə hakimiyyəti zor gücünə ələ keçirdikdən sonra ölkə rəhbəri kimi öz üzərinə düşən funksiyaların heç birini həyata keçirə bilməyib. Hətta hakimiyyət 10 il əvvəl öldürdüyü insanların ailəsinə kompensasiya belə ödəməyib“. N.Paşinyan beynəlxalq insan haqları qurumlarını Ermənistandakı özbaşınlıqlara göz yummamağa çağırıb. Həmçinin ölkənin baş prokurorluğuna 10 il əvvəl baş verənlərlə bağlı düzgün tədqiqat aparılmasını tövsiyə edib. İğtişaşlar zamanı öldürülən 29 yaşlı İrəvan sakini Qor Kloyanın atası da bildirir ki, indiki hakimiyyət onların övladlarının qanı üzərində qurulub. Ona görə də bu hökumətdən yaxşıya doğru heç nə gözləmirlər. Qanlı iğtişaşlar zamanı zərərçəkənlər cinayətkarların cəzalandırılması üçün Avropa Məhkəməsinə də müraciət ediblər. Şikayətə payızda baxılması gözlənir.
Erməni siyasi şərhçi Sarkis Artsruninin “1in.am” saytında dərc olunan məqaləsində isə bildirilir ki, 2008-ci il prezident seçkisindən sonra Robert Köçəryan həm Levon Ter-Petrosyanın küçələrdəki tərəfdarlarının öhdəsindən gəlməyə, həm də cinayətlər vasitəsilə yeni prezident Serj Sarkisyanı özündən asılı vəziyyətə salmağa çalışırdı: “23 fevralda Köçəryan 1 mart qanlı əməliyyatının hazırlığına başladı. Bununla o, Petrosyanın ümumxalq hərəkatını dağıtmaq və Sarkisyan hakimiyyətini minalamaq istəyirdi. Köçəryan 10 illik hakimiyyəti dönəmində dövlətə qarşı ikinci cinayətini işləmişdi. 27 oktyabr 1999-ci ildə onun vasitəsilə dövlət elitası başsız qaldı, 1 mart 2008-də isə Ermənistan cəmiyyəti hədəf oldu. Hər iki cinayətin izləri Moskvaya aparır. Təsadüfi deyil ki, 1 mart əmrini Köçəryan Putinlə Moskvadakı görüşündən 1 gün sonra vermişdi. Amma bu hadisələrin yaşanmasında əsas günahkarlardan biri indiki prezidentdir”. Bütün bunlar fonunda hesab edilir ki, Sarksiyanın yenidn hakimiyyətdə qalmaq niyyətini həyata keçirməsi elə də asan olmayacaq. Yeri gəlmişkən qeyd edək ki, yuxarıda göstərilənləri əsas gətirərək, müxalifət martın 1-də hakimiyyətə qarşı yeni kütləvi etiraz aksiyaları təşkil etməyi düşünür. Hesab edilir ki, yeni aksiyalara qoşulanların sayı artsa, hadisələrin inkişafı Sarksiyanın yenidən hakimiyyəti zəbt etməsini çətinləşdirəcək.
Tahir TAĞIYEV