Məhərrəm Zülfüqarlı: “Azərbaycan bu faktordan istifadə edib beynəlxalq məhkəmələrə müraciət edə bilər”
Dünyada vəhşicəsinə bir qətliam axtaran varsa, bu məhz Xocalıdır. Son dövr insanlıq tarixinin ən böyük zülmlərindən biri 26 il öncə Xocalıda baş verib. XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırım indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir.
Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Xolokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir. Sözügedən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olub və bütün dünyada geniş rezonansa səbəb olub.
Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində qeyd olunur. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdiklərini əks etdirən fotostendlər, sənədli filmlər nümayiş olunur, soyqırım həqiqətlərini əks etdirən kitablar sərgilənir. 2008-cu ilin mayından İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir.
Bütövlükdə, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində bir sıra işlər görülüb. Görülən işlərin nəticəsi olaraq, indiyə qədər 15 dövlət, həmçinin, ABŞ-ın 21 ştatı Xocalıda törədilən qətliamı soyqırım aktı kimi rəsmən tanıyıb. Bununla belə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş verən silahlı münaqişə zamanı törədilmiş Xocalı soyqırımının dünyada daha da tanıdılması üçün görüləcək işlərimiz çoxdur. Çünki Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün səyləri bir az da artırmq lazımdır. Ümumilikdə, Xocalı soyqırımını dünya dövlətlərinin 80 faizi tanısa, bu yöndə yekun son nəticə nədən ibarət olacaq?
Məsələyə münasibət bildirən tarix elmləri doktoru Məhərrəm Zülfüqarlının sözlərinə görə, Xocalı soyqırımının dünya dövlətləri tərəfindən tanınması hüquqi müstəvidə gələcəkdə Ermənistana qarşı bir sıra addımların atılmasına şərait yarada bilər: “Əvvəla bunun nəticəsində dünya ölkələri Azərbaycanda törədilən soyqırımı qəbul edir və bizim dərdimizlə həmrəy olurlar. Bu minvalla beynəlxalq aləmdə erməni faşistlərini ifşa edirik və təbliğat nöqteyi-nəzərindən müəyyən uğurlar əldə olunacaq. Ancaq yenə də bu məsələdə bir sıra işləri görmək bizim üzərimizə düşür. O baxımdan nə qədər çox sayda dövlət Xocalıda törədilən qırğını soyqırım kimi tanısa, bu bir o qədər bizim xeyrimizə olacaq. O mənada xeyrimizədir ki, Ermənistana qarşı bir sıra addımları atmaq mümkün olacaq. Azərbaycan bu faktordan istifadə edib beynəlxalq məhkəmələrə müraciət edə bilər. Necə ki, dünyada bir sıra soyqırımlar törədən ölkə rəhbərləri beynəlxalq məhkəmələr qarşısında cavab verməli olublar, eynilə bunu erməni vandalları barədə də tələb etmək olar. Nəzərə almaq lazımdır ki, hazırkı Ermənistan prezidenti Serj Sarkisyan Xocalıda törədilən soyqırımı etiraf edir. Sarkisyanın Ermənistanın müdafiə naziri olarkən araşdırmaçı Tomas de Vaala verdiyi müsahibəsində bununla bağlı toxunduğu məqamlar faktiki olaraq soyqırımın etirafı deməkdir. Onu da nəzərə almaq lazımdır ki, səhra komandiri olaraq Sarkisyan Xocalı faciəsində iştirak da edib. Bütün bunlar bizə tam əsas verir ki, məsələni beynəlxalq məhkəmə müstəvisi çərçivəsində qaldıraq və buna görə erməni qatilləri məsuliyyətə cəlb olunsunlar. Düzdür, dünyadakı mövcud ikili standartlar səbəbindən bunu hələlik reallaşdırmaq mümkün olmur. Ancaq məlum olanda ki, əksər dünya dövlətləri Xocalı soyqırımını tanıyıblar, o zaman hansısa qüvvə bu yöndə konkret addımların atılmasının qarşısını ala bilməyəcək. Bunun başlıca üstünlüyü və doğuracağı nəticə bundan ibarətdir. Ona görə də biz bu istiqamətdə səylərimizi daha da artırmalıyıq”.
Vidadi ORDAHALLI