Azər Həsrət: “Dəfələrlə olub ki, bizim müraciətimizdən sonra…” Zaur Əliyev: “Azərbaycana qarşı ikili standartlardan irəli gələn yanaşmadır” Hikmət Hacıyev: “Təəssüf ki, “National Geographic” kimi nüfuzlu nəşr Azərbaycanın işğal olunmuş ərazilərində separatçı rejimin təbliğatı ilə məşğuldur”
“National Geographic” jurnalının “İnstagram” səhfəsində Dağlıq Qarabağda iki erməni gəncinin toyu ilə bağlı fotosessiya paylaşılıb. Paylaşımda qeyd olunur ki, Artak Petrosyan və onun gəlini Armine Baqdasaryan mərasim zamanı əsas masanın arxasında oturublar və məclis “Dağlıq Qarabağ Respublikası”nın “Hadrut rayonu”nun Xtaberd kəndində təşkil olunub. Fotolar 2011-ci ilin yayında baş tutmuş toy mərasimindəndir.
Həmçinin, fotoda qeyd edilir: “Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində müstəqil respublikadır”.
Qeyd edək ki, “National Geographic” jurnalının “İnstagram” səhifəsinin çoxlu sayda izləyicisi var. Bu sosial səhifədə iki erməni gəncinin toy fotosessiyasının Dağlıq Qarabağda baş tutması haqqında paylaşımın edilməsi düzgün deyil.
Məlum paylaşımla bağlı Azərbaycan tərəfindən nə kimi tədbirlər görmək olar?
Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, “National Geographic” və ya digər beynəlxalq nəşrlərin əksər vaxtlarda münaqişə ilə bağlı məlumatı olmur: “Bu tip jurnallar təsadüfi insanların paylaşımını öz “İnstagram” səhifələrində yayırlar və nəyi paylaşdıqlarının fərqində belə olmurlar. Ancaq “Dağlıq Qarabağ Respublikası” ifadəsinin dırnaqda göstərilməməsi onu göstərir ki, bu adamlar faktiki olaraq onun qondarma olduğuna işarə vururlar. Hesab edirəm ki, məlum hadisə ilə bağlı Azərbaycanın müvafiq strukturları, eləcə də vətəndaş cəmiyyəti təmsilçiləri, ictimai şəxslər bu cür paylaşım edən səhifələrə sərt reaksiya verməlidirlər. Şəxsən mən bu cür paylaşımla qarşılaşdığım zaman izahlı şəkildə öz fikrimi rəy formasında qeyd edirəm. Dəfələrlə olub ki, bizim müraciətimizdən sonra düzəliş edilib və hətta üzrxahlıq da ediblər”.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, tarixçi Zaur Əliyev qəzetimizə açıqlamasında qeyd etdi ki, “National Geographic” kimi nüfuzlu nəşrdə bu cür materialın yayılması Azərbaycana qarşı ikili standartlardan irəli gələn yanaşmadır: “Bəllidir ki, bu jurnal dünyanın bir çox ölkələrində çap olunur. Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi göstərən jurnalın anidən belə bir addım atması iki faktoru ortaya qoyur. Birinci faktor kimi erməni diasporunun və lobbisinin təzyiq xarakterli fəaliyyətini qeyd etmək olar. Digər faktor isə Amerikanın ikili standartlardan irəli gələrək atdığı addımdır. Amerika Birləşmiş Ştatlarının özünün rəsmi mövqeyi var ki, Azərbaycan ərazisi toxunulmazdır və Dağlıq Qarabağ Azərbaycan Respublikasının ərazisi sayılır. Hətta BMT-nin 4-5 qətnaməsi də sübut edir ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir”.
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bir neçə gün əvvəl mediaya açıqlamasında bu cür faktların olmasından təəssüfləndiyini qeyd edib: “Təəssüf ki, “National Geographic” kimi nüfuzlu nəşr Azərbaycanın işğal olunmuş ərazilərində separatçı rejimin təbliğatı ilə məşğuldur. Əgər münaqişədən danışsaq, ilk növbədə etnik təmizləmə nəticəsində məcburi köçkün və qaçqına çevrilmiş 1 milyondan çox azərbaycanlının problemlərini qeyd etmək lazımdır. Hesab edirəm ki, bu cür materiallar Azərbaycanın işğal olunmuş ərazilərində saxtakar rejimin təbliğatıdır. Daha əvvəllər də “National Geographic” müəlliflərinin bu cür materiallarına etirazımızı bildirmişik”.
Günel CƏLİLOVA