Elşən Mustafayev: “Bir dövlət başçısı bu qədər sapıq yol tutması ilə məhz belə müzakirələri haqq etmiş olub”
Məlum olduğu kimi, Ermənistan prezidenti Serj Sarkisyan Münhendə keçirilən təhlükəsizlik konfransında iştirak edib. Onun həmin konfransda iştirakı və çıxış etdiyi panelin adı Ermənistan mətbuatının özündə belə ironik qarşılanıb.
Məsələ burasındadır ki, Sarkisyanın çıxış etdiyi panelin adı “Giriş, yoxsa çıxış - Avropa və Rusiyanın arasında qalan ölkələr” olub. Sarkisyanın müzakirəsində iştirak etdiyi panelin adı onu doğrudan da çıxılmaz vəziyyətə salmış olub. Çünki Ermənistanın real vəziyyətdə tutduğu yol, yürütdüyü siyasət hamıya bəllidirsə, onda niyə Sarkisyanın çıxışını məhz bu adda paneldə təşkil ediblər? Görünür ki, Avropa siyasətçiləri Sarkisyanın, əslində, Avropa ilə Rusiyanın ortasında qalmış durumunu çox yaxşı fərq edirlər.
Ekspert Elşən Mustafayev qəzetimizə bildirdi ki, Avropada Sarkisyanın məhz bu adda paneldə oturdulması təsadüfi xarakter daşımayıb: “Təbii ki, Sarkisyan istəsəydi, həmin müzakirələrdə iştirak etməzdi. Ancaq bununla özünü daha pis duruma salmış olardı. O hesab edib ki, aparılan müzakirələrdən özləri üçün fayda götürə bilər. Amma bunun əksi olub və Sarkisyan çox biabırçı bir durumla üzləşib. Təsadüfi deyil ki, Ermənistanın daxili rəyində belə onun bu davranışı ciddi tənqid edilir. Avropa bununla Sarkisyanın impulsunu yoxlamaq istəyib. Onlar kimin hara girdiyini və orada qalıb və ya çıxmaq istəyinin olub-olmadığını hamıdan gözəl bilirlər. Məhz bu baxımdan da Sarkisyanı sözügedən mövzuda aparılan müzakirələrə qatıblar. Eyni zamanda, Avropa bununla Sarkisyanın onlara alterantiv sayılan Avrasiya İttifaqında təmsilçiliyilə bağlı onun rəyini öyrənmək istəyib. Çünki ötən il Ermənistan orada ola-ola həm də Avropa ilə çox yaxınlaşmağa cəhd etdi. Mən müzakirələri izlədim. Həmin paneldə Sarkisyan özünü çıxılmaz duruma saldı və verilən suallara məntiqli cavab verə bilmədi. Çünki bunun üçün Rusiya ilə Avropanın arasında sərgərdan qalmaq lazım deyil. İki mümkün variantdan birini seçməlisən, ya da hər bir tərəflə balanslı davranışı tətbiq etmək lazımdır. Bu da Sarkisyanın qabiliyyəti xaricindədir.
O artıq Rusiyanı seçib, ancaq həm də Avropanı əldən vermək istəmir. Məhz buna görədir ki, onu Avropa ilə Rusiyanın arasında qalan ölkə kimi qəbul edirlər. Sarkisyanın özünün bu adda müzakirədə iştirakı qəbul etməsi ona ünvanlanan “epiteti” həzm etməsi anlamına gəlir. Paneldə gedən müzakirələrdən göründü ki, aparıcı konkret olaraq ünvanladığı suallarla Sarkisyanı ələ salmış oldu. Çünki bir dövlət başçısı bu qədər sapıq yol tutması ilə məhz belə müzakirələri haqq etmiş olub”.
Məhəmmədəli QƏRİBLİ