Yeganə Hacıyeva: “Aİ doğrudan da irəliləyiş əldə etmək istəyirsə, bəlli bir standartların tətbiqinə nail olmalıdır”
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar ölkəmizə səfəri ilə əlaqədar verdiyi müsahibədə qeyd edib ki, bu onun ötən ilin noyabr ayında vəzifəsinin icrasına başladığı dövrdən etibarən Azərbaycana ikinci gəlişidir.
Klaar müsahibəsində Dağlıq Qarabağ münaqişəsindən də danışıb: “Şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi üzrə hazırkı mərhələdə mənim üçün rəhbərliyin fikirlərini öyrənmək çox maraqlıdır. Əminəm ki, bu səfər hazırda pozitiv bir mərhələdə olan Azərbaycanla ikitərəfli əməkdaşlığımıza dair məsələləri, o cümlədən Brüsseldə keçirilmiş Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası ilə bağlı məsələləri müzakirə etmək imkanı verəcək.
Dağlıq Qarabağ məsələsinin həll olunmaması münaqişə zonasından çox kənarlarda da hiss olunur. Dağlıq Qarabağ münaqişəsi çox zəngin bir region olan Cənubi Qafqaza həm iqtisadi, həm də sosial və mədəni sahədə öz potensialından tam istifadə etməyə imkan vermir. Aİ-nin mövqeyi olduqca aydındır: biz insanların və cəmiyyətlərin öz potensialını tam həyata keçirə biləcək dinc və firavan Cənubi Qafqaz istəyirik. Bunun üçün Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli vacibdir. Status-kvo bir çox cəhətdən dayanıqsız və olduqca kövrəkdir. Minsk Qrupu və onun həmsədrləri münaqişə tərəflərinin dəstəklədiyi problemin həlli üzrə beynəlxalq səviyyədə razılaşdırılmış formata malikdir və Aİ həmsədrlərin həll yolunu tapmağa yönəlmiş səylərini və təkliflərini tam dəstəkləyir. Vurğulamaq vacibdir ki, əsas məsuliyyəti tərəflər daşıyırlar, tərəflərin razılığı olmadan münaqişənin həlli mümkün deyil. Əlbəttə, bu, çətin ola bilər və Aİ bu cəhdlərdə Minsk Qrupunun həmsədrlərini və tərəfləri dəstəkləməyə hazırdır.
Bu, regionda keçirilən yüksək səviyyəli görüşlərdə münaqişənin həlli məsələsini müzakirə etməkdə israrlı olmağımızın səbəblərindən biridir. Biz münaqişənin sülh yolu ilə həllində irəliləyişə dair intensiv siqnallar göndəririk, eyni zamanda, tərəflərə deyirik ki, Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən danışıqlar vaxtı, eləcə də daha sonra həm sülh prosesini dəstəkləmək, həm də məsələn, qarşılıqlı əlaqəli iqtisadiyyatların və cəmiyyətlərin qurulması və ya yenidən qurulması üçün buradayıq. Aİ-nin xüsusi nümayəndəsi kimi, mən Minsk Qrupunun həmsədrləri ilə, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə sıx işgüzar əlaqələr qururam ki, bizim fəaliyyətimizin onların rəhbərlik etdiyi prosesi dəstəklədiyinə əmin olaq. Bundan əlavə, aramızda qarşılıqlı anlaşma olması üçün Brüsseldə bizim rəhbərliyi, həmçinin, üzv dövlətləri davam edən sülh prosesinin müxtəlif aspektləri barədə məlumatlandırmaq vacibdir.
Lakin Aİ yalnız siyasi fəaliyyətlə məhdudlaşmır. Biz hesab edirik ki, münaqişələrin səmərəli həlli üçün cəmiyyətlər də prosesə cəlb olunmalıdır. Digər münaqişələrin timsalında görmüşük ki, əgər cəmiyyətlər əvvəldən prosesə qoşulmayıbsa, sülh sazişləri reallaşmır. Mən düşünmürəm ki, Cənubi Qafqaz istisnadır. Buna görə də Aİ üçün rəsmi sülh prosesinin dəstəklənməsinin mühüm elementlərindən biri də cəmiyyətlərlə işləməkdir”.
Göründüyü kimi, Aİ rəsmisi münaqişənin həlli ilə bağlı fikirlərində cəmiyyətlərlə işləməyin zəruriliyini bir neçə dəfə vurğulayır. Cəmiyyətlərlə iş prinsipi deyəndə nümayəndə nəyi nəzərdə tutur?
Politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, Aİ nümayəndələrinin regiona, o cümlədən Bakıya səfərləri Aİ ilə Azərbaycan arasında imzalanması nəzərdə tutulan strateji saziş ətrafında müzakirələrin aparılması ilə bağlıdır: “Avropa İttifaqı münasibətlərin daha mühüm mərhələyə keçməsində maraqlıdır. Biz Aİ-nin bu cəhdlərini 2014-cü ildən hiss edirik. Qurumla bizim aramızda olan danışıqların ən aktiv fazası 2008 və 2014-cü illərdən sonraya təsadüf edib. Aİ nümayəndəsi öz müsahibəsində bir çox maraqlı fikir səsləndirib. Bir sözlə, Avropanın maraqlarının nədən ibarət olduğunu açıqlayıb. Sırf Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı onun maraqlı yanaşması var. Bildiyiniz kimi, Cənubi Qafqazdakı münaqişələrin nizama salınması ilə bağlı Aİ üzərinə missiya götürməkdə maraqlıdır. Aİ-nin partnyor qrupu kimi bu xüsusda ATƏT-in Minsk Qrupunun fəaliyyətini göstərə bilərik. Bunun səmərəli olub-olmadığı isə başqa bir mövzunun söhbətidir. Konfliktlərin nizamlanmasında bəlli standartlar var. Onlardan çoxu həll olunmuş münaqişələrdə sınaqdan keçirilib. Bunlardan biri də cəmiyyətlərin yaxınlaşmasıdır. Bu bir reallıqdır ki, sülhün dayanıqlı olması üçün cəmiyyətlərin yaxınlaşması vacibdir. Yəni hakimiyyətlərin istəyi məsələni kökündən həll etmək gücündə deyil. Aİ-nin nümayəndəsinin bu xüsusda qeyd etdiyi məqam da məhz iki ölkənin cəmiyyətlərinin yaxınlaşmasını özündə əks etdirir. Ancaq gəlin başqa bir məqama diqqət edək. Bizim üzləşdiyimiz konfliktdə bu səylər səmərə vermir. Münaqişə tərəflərini təmsil edən cəmiyyətlərin mövqeyi öz ölkələrinin istəyilə uzlaşır. Münaqişə dramatik hal aldığı üçün, bundan kənara çıxan fəaliyyət az qala xəyanətə bərabər sayılır. Buna görə də cəmiyyətlərin yaxınlaşması üçün baza əsaslar olmalıdır. Birincisi, cəmiyyətlər arsında güvən və bir-birinə inam olmalıdır. Onu da yaratmaq üçün ölkələrin rəhbərlərinin doğrudan da konfliktin nizamlanmasında marağı nəzərə çarpmalıdır. Ədalətli yanaşma ortaya qoyulmalıdır. Təbii ki, bu ədalət beynəlxalq hüquqa riayət etməklə mümkün ola bilər. Dağlıq Qarabağ ətrafında vəziyyətlə tanış olduqda hansı cəmiyyətlər gözümüzün önünə gəlir? Bir tərəfdə öz ata-baba yurdlarından qaçqın düşən, torpaqları işğal edilən 1 milyondan artıq azərbaycanlı. Digər tərəfdə isə bundan məmnunluq hissi keçirən erməni xalqı var. Belə olmasaydı, biz ermənilərin öz rəhbərliyinə qarşı kütləvi etirazlarının şahidi olardıq. Bu vəziyyət cəmiyyətlərin yaxınlığını mümkünsüz edir. Hansı qurum buna çalışsa da, bu mümkün deyil. Çünki bir milyon qaçqın olan nəsil var. Həmin nəsildən törəyən başqa bir nəsil yetişib. Belə cəmiyyətin xalq diplomatiyasında iştirak edib torpaqlarının işğalı ilə barışması mümkün deyil. Aİ doğrudan da irəliləyiş əldə etmək istəyirsə, bəlli bir standartların tətbiqinə nail olmalıdır. Torpaqları işğaldan azad edib, qaçqınları öz ata-baba yurdlarına qaytarmaq və yalnız ondan sonra xalq diplomatiyasının yaranmasına cəhd etmək. İndiki şərtlər altında isə bu qeyri- mümkündür. Belə cəhdlərə də optimist yanaşmağa dəyməz. Bir qədər reallıqlara uyğun danışmaq lazımdır”.
Məhəmmədəli QƏRİBLİ