Günel Fərhadqızı: “O, bu yolla indi də Avropanın gözünə kül üfürmək istəyir”
Ermənistan prezidenti Serj Sarkisyan Münhendə keçirilən təhlükəsizlik konfransında “Avropa ilə Rusiyanın arasında qalan ölkələr” adlı paneldə etdiyi çıxışında özünü gülməli vəziyyətə salıb. O, bir əlində iki qarpız tutmaq kimi istəyini əsaslandırmağa çalışıb. Bununla bağlı ciddi arqumentlər irəli sürə bilməyən Sarkisyan hətta ağ yalan danışmağa belə məcbur olub.
O qeyd edib ki, guya Ermənistan Qara dənizlə Fars körfəzi arasında Ermənistan üzərindən nəqliyyat koridorunun yaradılması istiqamətində danışıqlar aparır. Bunu Avrasiya İttifaqı ölkələrilə Avropa Birliyi arasında münasibətlərə müsbət təsir edən bir hadisə kimi təqdim edib.
Ermənistan prezidentini Qara dənizlə Fars körfəzini birləşdirmək kimi yalanı danışmağa nə vadar edir?
İqtisadçı Günel Fərhadqızı qəzetimizə bildirdi ki, bunu da Sarkisyanın növbəti fantaziyası saymaq olar: "Ermənistanın yaxın qonşuları ilə münasibətləri gərgin və düşmənçilik həddindədir. Bu da həmin ölkəni regionu əhatə edən bütün infrastruktur layihələrdən məhrum edib. Ermənistanın mövcud rejimi normal siyasət aparsaydı, ölkənin yerləşdiyi coğrafi mövqe onun da layihələrdə iştirakını mümkün edərdi. Ancaq görünən budur ki, Ermənistan həm yürütdüyü siyasətdən əl çəkmək istəmir, həm də layihələrdən kənarda qalmağı həzm etmir. Bu səbəbdən də İranla, Gürcüstanla müxtəlif müştərək layihələrin anonsunu verməyə başladı. Bura birgə dəmir yolunun çəkilişi, avtomagistralın düzəldilməsi, Fars körfəzi ilə Qara dənizə çıxış kimi layihələri aid edə bilərik. Hansıların ki, anonsu yalnız Ermənistan tərəfindən səsləndirilib və ideya olaraq da masa üzərində qalıb. Nə İran, nə də Gürcüstan həmin layihələrə dəstək verdiklərini bəyan etməyiblər. Belə deyilsə, İran və Ermənistanın iştirakı ilə reallaşan böyük layihələrdən birinin adını çəkin. Bunu Ermənistanın blefi də adlandırmaq olar. Məlumdur ki, o cür layihələrin reallaşması üçün külli miqdarda vəsait lazimdir. Həmin məbləğ dilənçi vəziyyətində yaşayan Ermənistanda yoxdur. İran üçün də təklif edilən layihələrin heç bir perspektivi və iqtisadi səmərəsi yoxdur. İran böyük və köklü dövlətdir. Onun sərhədləri çox genişdir. İstənilən qitəyə çıxmaq üçün alternativ variantları var. Ermənistan gördü ki, həmin şirin vədlərlə nə Gürcüstanı, nə də İranı aldada bilmədi. Fars körfəzinin özü dünyaya çıxış sayılır. Yəni İran istədiyi istiqamətə bu yolla çıxa bilirsə, onun Qara dənizə çıxışı nəyə lazımdır? Həmin marşrut üzrə heç bir enerji layihəsi həyata keçirilmirsə, yalnız tranzit yoluna külli miqdarda vəsaitin yatırılması İran üçün rentabelli sayıla bilməz. Bu ideya barədə nə İran, nə də Gürcüstan rəsmiləri indiyə kimi hansısa bəyanat verməyiblərsə, deməli, bunu da Sarkisyanın növbəti xülyası saymaq olar. O bu yolla indi də Avropanın gözünə kül üfürmək istəyir. Qeyd edim ki, İran və Gürcüstanın razılığı olmadan Sarkisyanın Avropada danışdığı ideyanın həyata keçməsi mümkün deyil”.
Məhəmmədəli QƏRİBLİ