Ermənistanda gələn ay keçiriləcək prezident seçkiləri fonunda ölkədə sosial-iqtisadi vəziyyətin daha böyük sürətlə pisləşməsi müşahidə olunmaqdadır. Elə bu da əhalinin mövcud hakimiyyətdən narazılığını artırmaqda, ona qarşı yeni etiraz aksiyalarına rəvac verməkdədir.
Hətta ”Qraparak” qəzeti yazır ki, bu gedişlə hakimiyyətə qarşı gələn ayın əvvəlində başlanacaq yeni etiraz aksiyalarının qiyama çevrilməsi belə mümkündür. Çünki əhali tam çıxılmaz vəziyyətə düşüb və hakimiyyət miqyası sürətlə genişlənən problemlərin çözümü istiqamtəində hansısa əməli addım atmır. Məsələnin bu tərəfinə nəzər salan siyasi şərhçi Sarkis Artsruni də vurğulayır ki, ölkədə dözülməz bir vəziyyət yaranıb. O qeyd edir ki, Ermənistanın borcları sürətlə artır, əhalinin rifahı isə pisləşir: “Bu ilin yanvarında Ermənistanın xarici borcu 123,5 milyon dollar artıb və 6,898 milyard dollara çatıb. Serj Sarkisyanın 10 illik hakimiyyəti dönəmində ölkənin xarici borcu 2 milyarddan 7 milyarda qədər artıb. Borcun bu qədər qəfil artması Karen Karapetyanın baş nazirliyi dönəmində xüsusilə böyük vüsət alıb. Keçən illər ərzində Ermənistan əhalisinin borcu artıb, əvəzində isə rifah səviyyəsi azalıb. Bunu müəyyənləşdirmək üçün bizim yardımımıza Dünya Bankının ekspert hesabatları çatır. 2008-ci ildə Ermənistanda ümumdaxili məhsulun adam başına düşən payı 4010 dollar idisə, 2016-cı ildə bu 3614 dollar olub. Mütəxəssislərin fikrincə, bu iqtisadi artım tempi ilə Ermənistan hətta 2019-cu ildə də 9 il əvvəlki səviyyəyə çata bilməyəcək.
Hökumətin götürdüyü borcları doğru istifadə etdiyini desək, qeyri-adekvat olar. Digər tərəfdən, Ermənistandan hər il qanunsuz yollarla 900 milyon dollar çıxarılır. Nəticədə qapalı korrupsiya zənciri yaranır. Ölkə böyük borcun altında qalır, korrupsiyaya bulaşmış məmurlar isə büdcənin istismarı və kreditlər hesabına toplanmış pullarını qorunan yerlərə köçürürlər. 7,7%-lik iqtisadi artım keyfiyyətli nəticələrə gətirib çıxarmır. Ölkənin ümumdaxili məhsulu 10 milyard dollar təşkil edir və bu kontekstdə elan olunan iqtisadi artımda iqtisadiyyat illik yalnız 700-800 milyon dollar artır. Bu isə xarici borcun ödənilməsini imkansız edir. Məsələn, 2020-ci ildə indiki hesablamalara əsasən 736 milyon dollar borc qapadılmalıdır. Yaranmış belə situasiyaya görə hökumət vergi siyasətinin sərtləşdirilməsinə gedir. Aydındır ki, dekabrda Vergilər Məcəlləsinə təklif olunan dəyişikliklər effektiv iqtisadi siyasət əvəzinə daha çox xarici borcun ödənilməsinə xidmət edir. 2016-cı ilin sonunda birinci prezident Levon Ter-Petrosyan defoltun ola bilmə imkanlarından bəhs etdi. Hökumət nümayəndələri aktiv şəkildə birinci prezidentə etiraz edirdilər, amma həyat göstərir ki, birinci prezidentin proqnozu əsassız deyil”.
Ermənistan parlamentinin İqtisadiyyat Komissiyasının üzvü Mikayıl Melkumyan da vəziyyətin gərgin olduğunu diqqətə çatdırır. Onun sözlərinə görə, Ermənistanda inflyasiya probleminin həlli üçün sadəcə əhalinin gəlirlərini artırmaq lazımdır: “Hakimiyyət insanları dalanda qoyub. 2015-ci ildən bəri hakimiyyət nə maaşları, nə təqaüdləri qaldırır. Bundan əlavə, demirsiniz ki, 2020-ci ilə qədər bu artım ümumiyyətlə planlaşdırılmır. Xarici investorlar ölkədə biznesin inkişafı üçün ciddi perspektiv görmür. Onlar burada perspektivi olmayan müəssisələrə yatırım etməklə risq etmək istəmir; Ermənistan bazarının məhdud imkalarını yaxşı görür, əhalinin alıcılıq qabiliyyətinin aşağı olduğunu əla bilir”. Ermənistan İşəgötürənlər İttifaqının sədri Qaqik Makaryan isə bildirir ki, Ermənistan əhalinin yoxsulluq faizinə görə regionda ən yüksək göstəricilərə malikdir. Onun sözlərinə görə, Ermənistan bu il də göstəricilərini yaxşılaşdıra bilməyəcək:“Ölkəmizdə yoxsulluq səviyyəsi 29,4 faizdir. Dövlət bu il də bu göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilməyəcək”. O qeyd edib ki, buna infliyasiyanın artımı imkan vermir: “Hələlik sosial problemlərin həlli əhali üçün hissedilməzdir. Kasıblıq səviyyəsi faktiki olaraq dəyişmir, əhalinin 1,9 faizi isə yoxsulluq həddindən aşağı səviyyədə yaşayır”. Vəziyyətin nə dərəcədə acınacaqlı olmasını isə İrəvandakı uşaq tibbi mərkəzinin rəhbəri Nikolay Dallakyan daha əyani təsvir edir. Məsələn, o qeyd edir ki, Ermənistandakı uşaq ölümlərinin əsas səbəbi aclıqdır. Onun sözlərinə görə, mərkəzə gətirilən uşaqların müayinəsi göstərir ki, bu uşaqlar kifayət qədər qida qəbul etmir. Qida çatışmazlığı uşaqların orqanizmində müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Ermənistan mətbuatı milli statistika xidmətinin məlumatlarına əsaslanaraq yazır ki, ölkədə 18 yaşına qədər olan uşaqların 5 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Ermənistanda uşaqların 34,2 faizi isə yoxsulluq həddində yaşayır. N.Dallakyan sosial vəziyyəti ağır olan valideynlərə məsləhət görür ki, uşaqları yedirdə bilmədiklərinə görə onları atmasınlar, gətirib dövlət uşaq müəssisələrinə təhvil versinlər. Maliyyə vəziyyəti yaxşılaşanda isə uşaqlarını geri ala bilərlər. Belə vəziyyətdə ”Qraparak” qəzeti yazır ki, Serc Sarksiyanın yenidən hökumətə, dövlətə rəhbərlik etmək istəməsi erməni xalqı üçün təhqirdir və cəmiyyət buna daha sərt formada reaksiya verməlidir. Qəzet bu durumda etiraz aksiyalırının qiyama çevrilmə ehtimalının xeyli yüksək olduğunu bir daha vurğulayır.
Tahir TAĞIYEV