Son bir neçə gündə ABŞ və İsrail rəsmilərinin İranla bağlı daha sərt mövqe nümayiş etdirmələri və bu ölkəyə qarşı hərbi əməliyyatların istənilən an başlaya biləcəyini bəyan etmələri Yaxın Şərqdə onsuz da gərgin sitauasiyanı xeyli mürəkkəbləşdirir. İş o yerə çatıb ki, artıq İranın hərbi obyektlərinə zərbə endirilməsinin vaxtının çatması da açıq mətnlə bəyan olunur. İran isə öz növbəsində bunlara sərt cavab verəcəyini bildirir.
Ümumiyyətlə, vəziyyətin gərginliyi Münhen Təhlükəsizlik Konfransında özünü daha qabarıq surətdə büruzə verdi. Konfransda çıxışı zamanı İsrailin baş naziri Benyamin Netanyahu bildirdi ki, İranla nüvə razılaşmasını ləğv etmək lazımdır: “İran aqressivdir və öz nüvə proqramını inkişaf etdirir. İran uranın zənginləşdirilməsi texnologiyaları əldə edə bilər. Bunu dayandırmaq lazımdır. Razılaşma vasitəsilə bunu etmək mümkün olsa, çox yaxşıdır, amma mümkün deyilsə, o zaman razılaşmanı ləğv edin. İrana qarşı ən sərt sanksiyaları irəli sürmək lazımdır.Biz bundan sonra da Suriyada İran bazalarının yaranmasına imkan verməyəcəyik. Onların məqsədi aydındır. İran Tehranla Tartusu birləşdirib vahid dövlət yaratmaq istəyir. Mən bunu çoxdan bilirəm. İsrail bu planın qarşısını alacaq. Biz qırmızı xətlər müəyyənləşdirmişik, amma İran daim bunu keçməyə cəhd edir. İran Suriyaya müdaxiləni inkar edir və bizim xalqımızı təhdid edərək pilotsuz təyyarə göndərir. Bizim qətiyyətimizi sınağa çəkməyin. İsrail yol verə bilməz ki, boynuna İran terrorunun ilgəyi keçsin...Lazım olsa, biz təkcə İranın kuklalarına qarşı deyil, onun özünə qarşı da qəti hərəkətə keçəcəyik”.
Netanyahu onu da bildirib ki, ölkəsi Suriya daxilndəki Suriya və İran qüvvələrinə ağır zərbələr endirməkdə davam edəcək. İsrailin BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Dani Danon isə qeyd edir ki, İsrail İranın Suriyada hərbi mövcudluğuna dair məxfi məlumatları səsləndirməyə hazırdır: “Suriyada İran hakimiyyətinə birbaşa tabe olan 82 min döyüşçü var. Bu döyüşçülərdən 3 mini İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbçiləridir. Hizbullah da Suriyada 3 min döyüşçü saxlayır, 10 min döyüşçünü isə İran İraq, Əfqanıstan və Pakistandan buraya gətirib. Üstəlik, İran 66 min Suriya hərbçisinə birbaşa komandanlıq edir”. ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Nikki Heyli də buna paralel olaraq İranla bağlı təhlükəli çağırış edib. Amerikalı diplomat BMT Təhlükəsizlik Şurasının İrana qarşı hərəkətə keçməsinin zamanının çatdığını bildirib: “İran BMT Təhlükəsizlik Şurasının qərarlarını pozaraq Yəmənə qanunsuz silah çatdırdı. Dünya bunu cavabsız qoya bilməz. BMT Təhlükəsizlik Şurasının hərəkətə keçməsinin vaxtı gəlib. Tehran etdiklərinə görə cavab verməlidir”. Nikki Heyli, bununla yanaşı, İranla nüvə proqramının dayandırılmasına dair sazişin ləğvini də istisna etməyib. O bildirib ki, ABŞ İsrail sərhədindəki gərginliyin artmasına görə narahatdır: “Biz İsrailin suverenliyini və özünümüdafiə haqqını dəstəkləyirik. İranın qəsdən təhlükəni artırması, gücünü və hakimiyyətini hər yerdə yayması bölgə həyatını risqə atır“.
Bu arada ABŞ vitse-prezidenti Maykl Pens ABŞ-ın heç bir zaman İranla imzalanan nüvə razılaşmasının leqallaşdırılmasına imkan verməyəcəyini deyib. ABŞ-ın keçmiş dövlət katibi Con Kerri isə bildirib ki, ölkəsi İranla nüvə razılaşmasını ləğv etsə, bölgədə hərbi konflikt başlayacaq: “ İrana qarşı razılaşmanı ləğv etsək, gərək biz onları bombalamağa başlayaq. Biz isə bunu istəmirik. İran 10 ildən sonra da nüvə bombası-filan əldə etməyəcək”. Amma ABŞ milli təhlükəsizlik nazirinin müşaviri general Herbert Raymond Makmaster bildirir ki, İran Suriya, Yəmən və İraq kimi ölkələrdə hərbi cəhətdən güclənib. Gələcəkdə İranın dəstəklədiyi qruplaşmalar bu ölkələrdəki hökumətlərə qarşı çıxa bilər. Bu qruplaşmaların hərbi avadanlıqlarının təhlükəli həddə olduğunu deyən Makmaster İrana qarşı hərəkətə keçmək vaxtının yetişdiyini vurğulayıb.
Öz növbəsində İran da ABŞ və İsrail hədəsindən çəkinmədiyini açıqlayır. Dünya İslam Məzhəblərini Yaxınlaşdırmaq Qurumunun rəhbəri, iranlı ayətullah Möhsün Eraki qeyd edir: “ABŞ və İsrailin simvol olduğu imperializm ilə islam inqilabı arasında böyük fikir ayrılığı var. Fikir ayrılığı və ziddiyət gələcəkdə nələr olacağını müəyyənləşdirməkdən ötrü çox önəmli rol oynayır. Ya biz qalacağıq, ya da İsraillə ABŞ. Bizim kimliyimiz islami kimlikdir. Allahdan başqa heç kimin liderliyini qəbul etmirik. Müsəlmanlar arasında olan münafiqlər dirəniş cəbhəsini məğlub etməyə çalışır”.
NAHİD