Azərbaycanın bölgədə həyata keçirdiyi transmilli layihələr nəticəsində işğalçı Ermənistanın təcridinin daha da dərinləşməsi, ölkədə sosial-iqtisadi müstəvidə vəziyyətin daha da gərginləşməsi müşahidə olunur. Istər nəqliyyat, istərsə də enerji sektorunda bölgədə reallaşan layihələrə qarşı Ermənistanın və onun diaspor qüvvələrinin atdığı addımlar isə heç bir nəticə verməyib. Əksinə, Azərbaycan belə cəhdlərin iflasa uğraması istiqamətində vaxtında effektiv addımlar atıb, regionda təşəbbüskarı olduğu layihələri uğurla həyata keçirib.
İndi qeyd olunanlar fonunda Azərbaycanın bölgədə tərəfdaşları ilə birlikdə həyata keçirdiyi hər bir layihə Ermənistanda həm böyük həsədlə qarşılanır, həm də ciddi təşviş oyadır. Çünki bunlar nəticəsində Azərbaycan daha güclü, qüdrətli ölkəyə çevrildiyi halda, Ermənistanda bunun tamam əksi müşahidə edilir. Təbii ki, baş verənlərin mütləq mənada Dağlıq Qarabağ münaqişəsinə də öz təsirini göstərəcəyini düşmən ölkədə yaxşı bilirlər. Digər tərəfdən, ermənilərin narahatlığını artıran məqamlardan biri də odur ki, həyata keçirilən bu cür layihələr Azərbaycanın mütəffiqlərinin sayını artırdığı halda, Ermənistan gedərək təklənir. Elə bu da regionda qüvvələr balansına əhəmiyyətli dərəcədə təsir göstərən faktorlardan biri qismində çıxış edir.
Vəziyyətdən çıxış yolu olaraq İrəvan hansısa regionla layihələr həyata keçirməyə çalışsa da, cəhdləri birmənalı şəkildə iflasa uğrayır. Bu məsələ Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının keçirilməsi və Prezident İlham Əliyevin bu təşəbbüsünün Avropa dövlətləri tərəfindən qeyd-şərtsiz dəstəklənməsi fonunda özünü yenidən aydın şəkildə nümayiş etdirdi. Son proseslər baş verənlərin Ermənistanda növbəti narahatlıq dalğasının yaranmasına gətirdiyini ortaya qoydu. Məsələ burasındadır ki, regionda həyata keçirilən bütün beynəlxalq əhəmiyyətli iqtisadi layihələrdən kənarda qalan Ermənistan yeni ideyalar irəli sürərək düşdüyü təcrid vəziyyətindən çıxmağa çalışır. Bakıda keçirilən tədbirdən sonra Ermənistanın enerji və təbii ehtiyatlar nazirinin müavini Ayk Arutunyan bildirib ki, rəsmi İrəvan İran qazının Ermənistan ərazisindən Gürcüstana, oradan isə Qara dənizlə Avropaya ixrac etməsini müzakirə etməyə hazırdır. Amma Azərbaycanın həyata keçirdiyi layihələr fonunda İrəvanın ideyalarının reallıqdan çox uzaq olması ermənilərin özünə də yaxşı məlumdur. Məsələ burasındadır ki, İran Ermənistanla bütün iqtisadi layihələrini, belə demək mümkünsə, “dondurub”. Amma Azərbaycanla bu istiqamətdə münasibətlər intensiv inkişaf edir. Tərəflərin birgə həyata keçirdiyi “Şimal-Cənub” nəqliyyat dəhlizi qeyd edilənlərin əyani təsdiqidir. Digər tərəfdən Avropa bazarlarına yeni marşrutla çıxmaq istəyən İran üçün bu istiqamətdə ən sərfəli xətt “Cənub Qaz Dəhlizi” sayılır. Elə rusiyalı ekspert Aleksandr Şarov da bildirir ki, İran gec-tez “Cənub Qaz Dəhlizi” layihəsinə qoşulacaq: “Bunun yaxın vaxtda baş verməsi vacib deyil. İran mütləq bu layihədə iştirak edəcək”. Beləliklə, Azərbaycanın bu cür infrastruktura malik olması və son dövrlər rəsmi Bakı ilə Tehran arasındakı əlaqələrin yüksələn xətlə inkişafı post sanksiya dövründə iki dost dövlətin daha yaxından əməkdaşlığını zərurətə çevirir. Bu əməkdaşlığı şərtləndirən əsas amil ondan ibarətdir ki, Azərbaycan rəsmi Tehrana neft və qazını Avropaya ixrac etməsi üçün öz infrastrukturundan istifadə etməyi təklif edir. Xatırladaq ki, ilk dəfə bu təklifi Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın həmsədri, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev hələ 3 il öncə Tehrana səfəri zamanı İranın neft naziri Bijən Zəncənə ilə görüşdə irəli sürmüşdü. Həmin il Vyanada İrana qarşı tətbiq edilmiş sanksiyaların aradan qaldırılması istiqamətində danışıqların aparıldığı zaman İran qazının Avropaya ixracı məsələsi aktuallaşmış və bu məsələ müzakirə mövzusuna çevrilmişdi. İranın Qaz İxracatı Şirkətinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Əzizullah Ramazani İran qazının TANAP və TAP vasitəsilə Avropaya nəql edilə biləcəyi ehtimalını irəli sürmüşdü. Həmin şirkətin rəhbəri Əlirza Kamali isə bəyan etmişdi ki, qazın Avropaya nəqli üçün min kilometrlərlə kəmər çəkmək iqtisadi baxımdan sərfəli deyil. Digər tərəfdən xatırladaq ki, Azərbaycanda Sovet İttifaqı dövründən inşa edilmiş və İrandan qaz alınması üçün nəzərdə tutulmuş böyük qaz kəməri xətti var. Bu qaz kəməri xətti hazırda istifadə olunmur. İran ciddi xərc çəkmədən həmin boru kəmərinin yararlı olub-olmadığını yoxlamaqla, qısa müddət ərzində TANAP layihəsinə qoşula bilər. Bu isə İran üçün son dərəcədə mühüm əhəmiyyət kəsb edir.
Bundan əlavə, İranın indiki iqtisadi vəziyyətinə və perspektivlərinə baxsaq, Ə.Kamalinin haqlı olduğunu görərik. Hazırda iqtisadiyyatının əsas hissəsi neftdən asılı olan İranın “qara qızıl”ın qiymətinin düşməsi ilə əlaqədar vəziyyəti o qədər də qənaətbəxş deyil. Uzun müddət beynəlxalq sanksiyalar altında yaşayan İranın neft-qaz sahəsinə yeni texnologiyalar və sərmayələr lazımdır. Digər tərəfdən, Azərbaycan İranda neft kəşfiyyatı və malik olduğu texnoloji üstünlüklərdən istifadə edərək dənizin dərin qatlarında kəşfiyyat işləri aparmaq, neft quyuları qazmaq sahəsində işlər görə bilər. Çünki İran dənizdə neft kəşfiyyatının aparılması və dənizin dərin qatlarında neft quyularının qazılmasında yüksək texnologiyaya malik deyil. Bu baxımdan İran Azərbaycan təcrübəsindən ciddi şəkildə yararlana bilər. Bununla yanaşı, İranın Azərbaycanın enerji infrastrukturundan istifadə etməsini şərtləndirən başqa səbəblər də var. Belə ki, İrana enerji nəqli üçün yeni kəmər çəkmək müsbət heç nə vəd etmir. Onu da nəzərə alaq ki, yeni kəmərin keçəcəyi ehtimal edilən regionlardakı siyasi kataklizmlər və silahlı münaqişələr İranı ciddi düşünməyə vadar edir. Rəsmi Tehranın münaqişələrin səngiməsini və neftin qiymətinin nə vaxtsa yüksələcəyini gözləməyə vaxtı yoxdur. Odur ki, İran üçün ən real variant karbohidrogen ehtiyatlarını Azərbaycanın yaratdığı infrastrukturla Avropaya nəql etməkdir.
Bu variant hər iki ölkənin iqtisadi maraqlarına cavab verir. Əvvəla, İran yeni kəmərin inşası üçün beynəlxalq maliyyə qurumlarından yüksək faizlə kredit almaqdan, ikincisi, kəsirlə icra olunan dövlət büdcəsindən bu layihə üçün milyardlarla dollar ayırmaqdan, üçüncüsü isə, ehtiyatların Avropaya çatdırılmasındakı təhlükələrdən xilas olur. Azərbaycan isə tranzitdən gəlir əldə edir. Bütün bunlar aydın göstərir ki, Avropa bazarlarına çıxmaq üçün Azərbaycan variantı daha etibarlıdır. Yuxarıda qeyd olunduğu kimi isə, qarşılıqlı faydalı əməkdaşlıq dövlətlərin milli maraqlarına xidmət edir.
Bu arada xatırladaq ki, cari ilin martında İran Prezidentinin Azərbaycana səfəri gözlənir. Səfər çərçivəsində “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin əsasını təşkil edən Astara (İran) – Astara (Azərbaycan) dəmir yolunun rəsmi açılışının da olacağı bildirilir. Lakin İranla Azərbaycanın iqtisadi əməkdaşlığı bununla yekunlaşmır. Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının keçirilməsi bu beynəlxalq əhəmiyyətli layihənin artıq reallıq olduğunu sübut etdi. Odur ki, prezidentlər arasında İran qazının Avropaya Azərbaycanın yaratdığı infrastrukturla ixrac edilməsi məsələsinə toxunulacağını da istisna etmək olmaz. Qeyd edilənlər fonunda Ermənistana və onun irəli sürdüyü ideyaya gəlincə, bu, irəli sürülən birinci ideya deyil. Hələ 2008-ci ildə Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən irəli sürülən İran-Ermənistan dəmir yolunun çəkilişi də ideya olaraq qalır. Ötən 9 ildə bu istiqamətdə heç bir addım atılmadı. Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu körpüsünün tikintisindən sonra Sarkisyanın ideyası “dəfn edildi”. İran-Ermənistan qaz kəmərinin çəkilməsi ideyası da 2007-ci ildən ortaya atılıb. Ötən 10 ildə bu istiqamətdə də heç bir əməli addım atılmayıb. Beləliklə, qeyd edilənlər onu deməyə əsas verir ki, Ermənistandan keçməklə enerji dəhlizinin yaradılması ideyası da iflasa məhkumdur. Ermənistan Dağlıq Qarabağ bölgəsini işğaldan azad etməsə, vəziyyəti daha da pisləşəcək. Azərbaycan Prezident İlham Əliyevin dediyi kimi, Ermənistan öz işğalçılıq siyasətinin girovuna, qurbanına çevrilib: “Biz onları, demək olar ki, bütün beynəlxalq layihələrdən təcrid etmişik, bütün enerji və nəqliyyat xətləri onlardan yan keçir və bunu biz etmişik. Həm Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, “Cənub Qaz Dəhlizi”, həm də Bakı-Tiflis-Qars layihələri onlardan yan keçmişdir. Bizim siyasətimizə görə, “Şimal-Cənub” nəqliyyat dəhlizi də onlardan yan keçəcəkdir. Biz bunu gizlətmirik. Baxmayaraq, bəziləri çalışırlar bizi ittiham etsinlər ki, biz onları təcriddə saxlayırıq. Bəli, saxlayırıq və saxlayacağıq. O vaxta qədər ki, torpaqlarımız işğaldan azad olunsun. Bu siyasət öz nəticələrini verməkdədir”. Xatırladaq ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa – Cənubi Asiya – Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək. Bütün bunlar, iqtisadi gəlirlə yanaşı, Azərbaycanın bölgədə mövqelərini daha da gücləndirəcək, ölkəmizin mütəffiqlərinin sayının artmasına rəvac verəcək. Belə vəziyyətdə Azərbaycanla müqayisədə Ermənistan daha zəif hala gələcək və əslində, düşməni ciddi qorxuya salan məqamlardan biri də məhz budur. İşğal siyasətinə son qoymayınca, Ermənistan daim iflasla üzləşməli olacaq.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.