Məhərrəm Zülfüqarlı: “Dağlıq Qarabağa ermənilərin gəlməsi Türkmənçay müqaviləsindən sonra olub”
“Erməni xalqı öz tarixi ərazilərində 5000 il yaşayır, azərbaycanlılar və Allahın bildiyini bilən digər xalqlar erməni xalqının iradəsini poza bilməz”. Bu sərsəm açıqlamanı Ermənistan prezidenti Serj Sarkisyan fevralın 17-də Münhen konfransında bəyan edib.
Həmişə Azərbaycanın ünvanına böhtançı fikirlər səsləndirən Sarkisyan bu dəfə də öz çirkin niyyətlərini bəyan etməkdən çəkinməyib. Bu dəfə çalışıb ki, tarixi təhrif etsin. Sarkisyan iddia edir ki, guya ermənilər 5 min ildir həmin torpaqlarda yaşayırlar. Belə çıxır ki, onda ermənilər ən qədim xalqlardan biridir. Halbuku, ermənilərin Dağlıq Qarabağda məskunlaşması 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsindən sonra geniş vüsət aldı. Həmin müqavilədən sonra Türkiyə və İrandan yüz minlərlə erməni Cənubi Qafqaza, əsasən də Azərbaycan ərazilərinə köçürüldü.
Yeri gəlmişkən onu da qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan birinci dəfə deyil belə sərsəm açıqlamalar verir. O bir neçə il əvvəl Gorusda diaspordan olan jurnalistlər qarşısında çıxışında özünün sərsəm tezisləri ilə bütün dünyanın elmi ictimaiyyətini heyrətləndirməyə çalışıb. O, KİV nümayəndələrinə hansısa “araşdırma”nın nəticələri barədə məlumat verərkən qeyd etmişdi ki, guya erməni dilinin 8 min illik tarixi var: “Tərkibində bircə nəfər də erməni olmayan genetik və dilçi alimlərin böyük bir qrupu mürəkkəb və uzunmüddətli araşdırma aparmışdır. Son məlumatlara görə, erməni dilinin ən azı 8 min illik tarixi var. Bu o deməkdir ki, biz bir millət kimi ən azı 8 min ildir mövcuduq”.
Halbuki, ermənilər bütün dünyaya car çəkirdilər ki, bu millət “4500 illik tarixə malikdir”. Hərçənd, bu fikrin də heç bir elmi əsası yox idi və o, sırf siyasi məqsədlərə xidmət edirdi. O cümlədən, ermənilərin 5 min ildir Qarabağda yaşaması fikri də tamamilə absurddur.
Maraqlıdır, bəs tarixçilər buna necə yanaşırlar?
Məsələyə münasibət bildirən tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlının sözlərinə görə, Sarkisyanın səsləndirdiyi fikirlər ağ yalandır. O bunu bir sıra tarixi faktlarla əsaslandırdı: “Əvvəla bu, başdan-ayağa iftira və yalandır. Erməni etnosu Balkanlarda yaranıb. Aralıq dənizi yaxınlığında qonşu dövlətlər tərəfindən məğlub edildikdən sonra ermənilər qaraçılar kimi dünyaya yayılıblar. Qafqazda, ümumiyyətlə, erməni etnosu olmayıb. Dağlıq Qarabağa ermənilərin gəlməsi Türkmənçay müqaviləsindən sonra olub. Rusiya imperiyası tərəfindən ermənilər Dağlıq Qarabağa köçürüləndən sonra burada xristian albanların olduğunu görürlər. Albanların mütləq əksəriyyəti islamı qəbul edib. O cümlədən, albanlar bizim əcdadlarımızdır. Sadəcə, ərəblər o zaman şərt qoymuşdular ki, kim xristian dininə etiqad etmək istəyirsə, cizyə vergisini ödəməlidir. Ermənilər Dağlıq Qarabağa köçürüləndən sonra müsəlmanların psixologiyasından istifadə edib alban kilsələrini saxtalaşdırmaqla öz adlarına çıxmağa çalışdılar. Ona görə də ermənilərin 5 min ildir Dağlıq Qarabağda yaşaması “mülahizəsi” yalandır. Bunlar tamamilə əsassızdır. Çünki 1830-cu ilə qədər alban kilsəsi müstəqil olub. Rusiyanın qərarı ilə sonradan erməni kilsəsinə birləşdirilib. İndi isə alban kilsəsi Azərbaycanın Qəbələ rayonunun Nic kəndində müstəqil olaraq fəaliyyət göstərir. Tarixi həqiqət bax budur. Ermənilərin yalanları ona görə ayaq tutub yeriyir ki, Qərb ölkələri, Rusiya onlara sərf edəndə bu yalanları qəbul edirlər. Ancaq biz də öz təbliğatımızı aparıb dünyaya həqiqəti çatdırmalıyıq ki, bu məsələdə kim haqlıdır, kim haqsızdır”.
Cəmilə QARAYEVA