Məhəmməd Əsədullazadə: “Hazırda Azərbaycanın Qərblə sıxlaşan diplomatik əlaqələri bunun hərbi müstəviyə keçməsində əsas baza rolunu oynayır”
Azərbaycan dünyada bir sıra ölkələrlə hərbi əməkdaşlıq edir. Bu əməkdaşlıq müxtəlif səviyyələrdədir. Texniki, informasiya və digər xarakterli əməkdaşlıqlar Azərbaycanın maraqlarına xidmət edir.
Azərbaycanın hərbi sahədə əməkdaşlıq etdiyi ölkələr əsasən Rusiya, Türkiyə, İsrail, Pakistan, Belarus, Ukrayna və digərləridir. Sözügedən ölkələrlə hərbi sahədə qurulan əməkdaşlıq təkcə silah ticarəti ilə bağlı deyil. Bu əməkdaşlıq həm də təcrübə mübadiləsini özündə ehtiva edir. Düzdür, silah idxalı da ön sıradadır. Çünki hər bir müstəqil, suveren dövlət kimi Azərbaycanın da öz müdafiə qüdrətini möhkəmləndirməyə hüququ var. Azərbaycan da bundan çıxış edərək vacib addımlar atmaqda və bu sahədə məqsədyönlü siyasət yeritməkdə davam edir. Ancaq bu sahədə əməkdaşlıq çoxşaxəlidir.
Bu arada Londonda Azərbaycan Respublikasının və Böyük Britaniyanın Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib. Tədbirdə iki ölkə arasında hərbi sahədə əməkdaşlığın vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, eləcə də regional təhlükəsizlik və digər maraq doğuran məsələlər müzakirə olunub.
Danışıqların yekununda “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2018-2019-cu maliyyə ili üçün hərbi əməkdaşlıq Planı” imzalanıb.
Böyük Britaniya NATO-nun aparıcı üzvlərindən biri olaraq dünyada və Avropada böyük hərbi imkanlara malikdir. Böyük Britaniyanın hərbi sahədə əldə etdiyi nailiyyətlər bu dövlətin nüfuzunu daha da artırır. O da məlumdur ki, Böyük Britaniya həm də Azərbaycanla çox yaxşı münasibətlərə malik ölkələrdən biridir. Bu baxımdan Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlığa dair planın imzalanmasına ekspertlər necə yanaşırlar? Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq formatının qurulması və iki ölkə arasında aparılan danışıqlar Azərbaycanın hərbi qüdrətinin artmasında mühüm faktordur. Qeyd edim ki, bir neçə il bundan əvvəl Qərb ölkələri Azərbaycanla hərbi-texniki əməkdaşlıq etmirdi. Buna əsas səbəb kimi Ermənistanla mümkün müharibəni göstərirdilər. Hazırda isə ölkəmizin Qərblə sıxlaşan diplomatik əlaqələri bunun hərbi müstəviyə keçməsində əsas baza rolunu oynayır. Böyük Britaniya kimi dünyanın güclü və NATO-ya üzv olan bir dövlətilə hərbi əlaqələrin qurulması ordumuzun bu ölkənin Silahlı Qüvvələri ilə dərin əməkdaşlığını artıracaq. Müdafiə Nazirliyi ilə bu ölkənin hərbi nazirliyi arasında əməkdaşlıq ilk növbədə ordumuzun NATO inteqrasiya prosesində də mühüm rol oynayacaq. Hazırda NATO-nun Bakıda təlim kursunun açılması, ölkəmizin Əfqanıstanda sülh missiyasında iştirakı Qərbin Azərbaycanla hərbi əlaqələr qurmasına marağını artırır. Hesab edirəm ki, Böyük Britaniya ilə qurulan hərbi əməkdaşlıq Silahlı Qüvvələrin təlim və döyüş qabiliyyətinin yüksəlməsi üçün mütəmadi hərbi təlimlərin keçirilməsini də şərtləndirər. Böyük Britaniya bunda maraqlı olduğu və Azərbaycanla hərbi əlaqələrə önəm verdiyi üçün belə bir razılıq əldə olunub. Ermənistanın bu əməkdaşlıqdan narahat olacağı məlumdur. Amma Britaniya Ermənistana deyil, Azərbaycana önəm verəcək. Böyük Britaniya neçə illərdir Cənubi Qafqaz siyasətindən geri çəkilib. Görünür, beynəlxalq siyasətdə yerdəyişmələr və problemlər üzündən Britaniyanın Cənubi Qafqaza xüsusi diqqəti artır. Cənubi Qafqazda Gürcüstan ABŞ-la, Ermənistan Rusiya ilə hərbi əməkdaşlıq edirlər. İngiltərə, görünür, hərbi əməkdaşlığı Azərbaycanla inkişaf etdirmək niyyətindədir. Qeyd edim ki, Böyük Britaniya ilə hərbi əməkdaşlıq gələcək perspektivdə Silahlı Qüvvələrimizin zirehli texnika ilə təmin olunmasına gətirib çıxara bilər”.
Cəmilə QARAYEVA