İlham Şaban: “Bunun sayəsində Avropanın şaxələndirilmiş enerji mənbələri, yeni infrastrukturu olacaq”
Azərbaycanın etibarlı enerji tərəfdaşı olması Avropa İttifaqının ölkəyə olan inamını getdikcə daha da gücləndirir. Sözügedən münasibət bütün sahələrdə özünü göstərir. Həm siyasi, həm iqtisadi və həm də digər müstəvilərdə Aİ Azərbaycana etibarlı tərəfdaş kimi yanaşır.
O da məlumdur ki, Aİ istehlak etdiyi enerjinin yarıdan çoxunu idxal hesabına təmin edir. Faktiki olaraq Aİ ölkələri istifadə etdiyi təbii qazın 69 faizini, neftin isə 89 faizini idxal hesabına təmin edirlər. Ona görə də Aİ maksimum çalışır ki, enerji mənbələrini şaxələndirsin. Yəni yalnız bir neçə ölkədən asılı olmasın. Çünki bunun bir sıra problemlər yaratması reallıqdır. Avropada sənaye yüksək səviyyədə inkişaf etdiyi üçün, enerjiyə tələbat get-gedə artır. Bu da, öz növbəsində, mənbələrin şaxələndirilməsi zərurətini yaradır. Görünən odur ki, Aİ-nin bununla bağlı Azərbaycandan gözləntiləri daha böyükdür.
Təsadüfü deyil ki, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında “Cənub Qaz Dəhlizi” layihəsinin önəmini xüsusi vurğulayıb. Onun sözlərinə görə, “Cənubi Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi sayəsində Avropa hər zamankından daha güclü olacaq: “2018-ci il “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində xüsusi bir dövr olacaq. 2020-ci ildə Azərbaycan qazı Avropaya çatacaq. Bu, Avropanın enerji təhlükəsizliyini gücləndirəcək strateji bir layihədir. Buna görə də Aİ bu layihəni ən başından dəstəklədi. “Cənub Qaz Dəhlizi” Aİ üçün prioritet layihələrdən biridir və 10 milyard kubmetr Azərbaycan qazının Xəzər dənizindən Gürcüstan və Türkiyə vasitəsilə Avropaya nəqlini nəzərdə tutur”.
Bütün bu deyilənlərin fonunda, Şefçoviç “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi sayəsində Avropa hər zamankındən daha güclü olacaq” deyərkən nəyi nəzərdə tutur?
Məsələyə münasibət bildirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, burada bir sıra məsələlər nəzərdə tutulur: “Burada söhbət Avropanın enerjiyə tələbatından və bunun Azərbaycan hesabına stabil təmin olunmasından gedir. İstər 10 il bundan əvvəl olsun, istərsə də 5 il bundan əvvəl olsun, sözügedən məsələ hər zaman gündəmdədir. Məsələ ondadır ki, 2020-ci ildə Avropa İttifaqı özünü daha inamlı hiss edəcək. Çünki həmin dövrdə Azərbaycan qazı Avropa bazarına çıxarılacaq. Bunun sayəsində Avropanın şaxələndirilmiş enerji mənbələri, yeni infrastrukturu olacaq. Nəticədə Avropadakı istehlakçılar daha stabil və etibarlı enerji almaq iqtidarında olacaqlar. Ona görə də Şefçoviç “Cənub Qaz Dəhlizi” layihəsinin önəmini xüsusi vurğuladı. Yeri gəlmişkən onu da qeyd edim ki, bu layihə ilkin variantdakı dəyərindən 9 milyard dollar daha ucuz başa gəlib. 2013-cü ilin yayında “Cənub Qaz Dəhlizi” layihəsi imzalanmaya gedən zaman layihənin dəyəri 48 milyard dollar planlaşdırılırdı. 2013-cü ilin dekabrında imzalanan ərəfədə layihənin dəyəri 45 milyard dollar idi. İndi layihə başa çatmaq üzrədir, Avropa seqmentini çıxmaq şərtilə tikinti işləri yekunlaşıb və bütün layihənin dəyəri 39 milyarda düşüb. Layihənin dəyəri ilkin variantından təqribən 9 milyard dollar aşağı olub. Bunun bir səbəbi də dünya bazarında gedən ucuzlaşmadır. Layihənin daha ucuz başa gəlməsi çox yaxşı bir nailiyyətdir. Ən nəhayət, layihənin mənfəəti təkcə qaz satışından yox, 3 istiqamətdən əldə ediləcək. Birincisi, qaz satışıdır, ikincisi, kondensat satışıdır. Hər il “Şahdəniz” yatağından 5,5-6 milyon ton kondensat hasil ediləcək və Ceyhan limanına çıxarılaraq, elə “Azərilayt” markalı neftin qiymətinə satılacaq. Üçüncü gəlir mənbəyi isə bu boru kəmərləri ilə qaz tranziti olacaq. Qaz daşınması neft daşınmasından daha baha başa gələn bir işdir və daha çox gəlir gətirir. Bu üç istiqamətdə gəlir əldə olunmalıdır ki, layihənin özünü doğrultması mümkün olsun”.
Cəmilə QARAYEVA