Son günlərin ən çox diqqət cəlb edən mövzularından biri ABŞ-ın Rusiyaya qarşı tətbiq etməyə hazırlaşdığı yeni sanksiyaların Ermənistana göstərəcəyi təsirdir. Əvvəlcə erməni tərəfi sanksiyalardan hansısa əzəiyyət çəkməyəcəyini, ümumiyyətlə ABŞ-ın hədəfinə tuş gəlməyəcəyini bəyan edirdisə, indi vəziyyət tam dəyişib. “Aykakan Jamanak” qəzeti ABŞ-ın Ermənistandakı səfirliyinə istinadən yazır ki, ABŞ artıq sanksiya məsələsində Ermənistana da xəbərdarlıq edib.
Bildirilib ki, rəsmi Vaşinqton Rusiyanın hərbi-sənaye şirkətləri ilə əhəmiyyətli müqavilələr imzalayacağı təqdirdə İrəvana qarşı sanksiya tətbiq edə bilər. Nəşrin məlumatına görə, xəbərdarlıq məktubu səfirlik tərəfindən Ermənistan hökumətinə təqdim edilib. O da qeyd olunur ki, 2017-ci ilin dekabrında Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyadan 100 milyon dollarlıq silah alqısını təsdiq edən müqavilə ABŞ tərəfindən ciddi narahatlıqla qarşılanıb. Bu məlumatı Ermənistanın maliyyə naziri Vardan Aramyan da təsdiqləyib. Onun sözlərinə görə, belə bir risq mövcuddur. Aramyan bu cür vəziyyət yaranacağı təqdirdə amerikalı həmkarları ilə danışıqlara başlayacağını da vurğulayıb. Amma erməni politoloq Ara Papyan vəziyyətin onlar üçün heç də ürəkaçan olmadığını qeyd edib. Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar Ermənistana da təsir edəcək: “Biz Avrasiya İttifaqının üzvüyük və bu sanksiyaların bizə də təsiri qaçılmazdır”.
Xatırladaq ki, məlum sanksiyalarda maraq doğuran məsələlərdən biri Rusiyanın hərbi-sənaye kompleksi ilə bağlıdır. Bu sanksiyalar fonunda ABŞ həm də Rusiyanın silah ixracını məhdudlaşdırmağı düşünür. Yaranmış vəziyyətdə ən çox zərər görəcək tərəflərdən biri qismində isə məhz Ermənistan çıxış edir. Çünki bu ölkə bütün sahələr üzrə Rusiyadan asılı vəziyyətdədir. Eləcə də hərbi sahədə Ermənistanın yeganə silah təchizatçısı da məhz Rusiyadır. Bu mənada gözlənir ki, Rusiya sanksiyalarından təsirlənən əsas tərəflərdən biri məhz Ermənistan olacaq. Qeyd edək ki, Azərbaycan da Rusiyadan silah alır. Amma Azərbaycanın silah aldığı digər mənbələr də var. Bundan öncə isə Rusiyanın Hərbi Proqnozlaşdırma Mərkəzinin rəhbəri Anatoli Tsıqanyuk diqqəti belə bir məqama yönəltmişdi ki, Ermənistandan fərqli olaraq, Azərbaycanı təhlükə gözləmir. Onun sözlərinə görə, ABŞ Rusiya silahlarının Azərbaycana təchizatına göz yumur, çünki Vaşinqton Bakıya regionda özünün strateji tərəfdaşı kimi baxır. Ekspert hesab edir ki, ABŞ Azərbaycanın hərbi potensialının zəifləməsində maraqlı deyil: “Ermənistana münasibətdə isə, Rusiyanın müttəfiqi kimi, sanksiyaların tətbiqi tamamilə mümkündür. Amerikalılara bu regionda daim gərginlik lazımdır və hər şey edəcəklər ki, ölkələr arasında balans pozulmasın. Bir tərəfdən, ABŞ Rusiya silahlarının Azərbaycana satışı ilə bağlı susacaq, digər tərəfdən, bu yolla Ermənistanı cəzalandıracaq”. Rusiyalı hərbi ekspert Aleksandr Perenciyev baş verənlərin Ermənistana təsirinin qaçılmaz olduğunu bildirir: “Məncə Ermənistan, sanksiyalara baxmayaraq, Rusiyadan silah almağa davam edəcək. Bu da Ermənistanın ABŞ sanksiyaları altına düşməsinə əsas yaradacaq”. Ekspertin fikrincə, Ermənistandan fərqli olaraq, Azərbaycanın qarşısında belə sərt seçim etmək zərurəti yoxdur. Belə ki, Bakının yetərincə pulu var və Rusiyadan silah ala bilməsə, bunu digər ölkələrlə də rahatlıqla gerçəkləşdirə bilər.
Digər tərəfdən məlumdur ki, ABŞ-ın Rusiyaya qarşı tətbiq etmək istədiyi sanksiya siyahısında üç erməni mənşəli biznesmenin – Samvel Karapetyan, Sergey Qalitski (Aratunyan) və Daniil Xaçaturovun adları var. “Forbes” jurnalının Rusiyanın 200 sahibkarı ilə bağlı tərtib etdiyi siyahıda Sergey Qalitski 5,7 milyard dollarlla 17-ci, Samvel Karapetyan 3,86 milyard dollarla 26-cı, Daniil Xaçaturov 2,89 milyard dollarla 40-cı yerdə qərarlaşıb. Sənəddə adı çəkilən 3 erməni milyarder Ermənistanda və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində müxtəlif layihələr həyata keçirir. Amma sanksiyaların tətbiqi halında Ermənistan və işğal altında saxladığı Dağlıq Qarabağdakı erməni separatçıları erməni milyarderlərə məxsus şirkətlərin yardımından məhrum ediləcək. Erməni siyasi ekspert Aqasi Yenokyan da sanksiyaların ermənilər üçün yaxşı heç nə vəd etmədyini bildirir: “Bu siyahıda təkcə Samvel Karapetyanın yox, digər erməni oliqarxların - Daniil Xaçaturov və Sergey Qalitskinin də adı var. Onların adının siyahıda olması Ermənistan üçün ciddi xəbərdarlıqdır. Bu siyahı vasitəsilə buradakı insanların bütün kontaktlarını şübhə altına almaq üçün əsas yaradılır. Buna görə də ölkənin siyasi və biznes elitası təhdid altındadır”. Amma ABŞ sanksiyaları təkcə Ermənistanın Rusiya ilə əməkdaşlğına görə olmaya da bilər. Ermənistanın işğal siyasəti də buna imkan yaradır. Elə bu günlərdə amerikalı ekspert Raul Louri Kontreras da bildirib ki, ABŞ Ermənistana sanksiyalar tətbiq etməlidir: "Erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ-ın marağındadır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət bu faktı qəbul edir. ABŞ Ermənistana qarşı sanksiyalar tətbiq etməli və ABŞ tərəfindən heç bir yardım almayacağını bildirməlidir. Ermənistan çox kasıb ölkədir və ABŞ-dan ala biləcəyi istənilən köməyə ehtiyacı var. Ona görə də onlar bu tələbləri yerinə yetirməli olacaq".
Tahir TAĞIYEV