Dağlıq Qarabağ münaqişəsinin çözümü üçün son bir ildə diplomatik müstəvidə nəzərəçarpacaq intensivləşmə müşahidə olunsa da, hələlik istənilən nəticə yoxdur. Bu fonda hazırda maraq doğuran başlıca məqam aprel seçkilərindən sonra konfliktin həlli istiqamətində hansı addımların atılacağıdır. Azərbaycan tərəfinin açıqlamalarından belə bəlli olur ki, apreldən sonra münaqişənin həlli istiqamətində intensiv danışıqlar başlanacaq. Özü də bu məsələ Minsk Qrupunun həmsədr ölkələri ilə də razılaşdırılıb.
İndi maraq doğuran başlıca məqam intensiv danışıqların hansı nəticələrə gətirib çıxaracağıdır.
Ekspertlər hesab edir ki, danışıqların nəticəsi Ermənistanın bu məsələdə nə dərəcədə konstruktiv mövqe nümayiş etdirəcəyindən birbaşa asılıdır. Rəsmi İrəvanın məsələnin həllinə təkan verən mövqe sərgiləməsi üçün isə Ermənistana xarici təzyiqlərin edilməsi vacib sayılır. Əks təqdirdə Azərbaycanın məsələni güc yolu ilə həll etməkdən başqa çarəsi qalmayacaq. Ümumiyyətlə, hadisələrin məhz bu səpkidə inkişaf edəcəyini düşünənlər də az deyil. Məsələn, məlumat verildiyi kimi, bu günlərdə ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Daniel Kouts tərəfindən dərc edilmiş “Təhdidlərin ümumdünya dəyərləndirməsi” adlı ənənəvi illik məruzədə bildirilir ki, Dağlıq Qarabağ ətrafında gərginlik 2018-ci ildə Azərbaycanla Ermənistan arasında irimiqyaslı hərbi münaqişəyə keçə bilər. Sənəddə 2018-ci il ərzində ABŞ üçün yarana biləcək milli təhlükəsizlik təhdidləri nəzərdən keçirilir. Məruzənin Qarabağa həsr edilmiş hissəsində göstərilir ki, tərəflərin “kompromislərə getmək arzusunun olmaması”, kənardan təzyiqlər, Azərbaycanın həyata keçirdiyi stabil hərbi modernləşmə 2018-ci ildə irimiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər. Dağlıq Qarabağ ətrafındakı vəziyyətə dair şərhlər Koutsun ABŞ Konqresi Senatının xüsusi Kəşfiyyat komitəsində dinləmələr üçün hazırlanan giriş nitqindəki mətnində əks olunub. Bu müntəzəm dinləmələrdə ABŞ milli təhlükəsizliyi üçün gözlənilən təhdidlər nəzərdən keçirilir. Kouts rəsmi olaraq bütün 16 ABŞ kəşfiyyat təşkilatının işinin koordinatoru hesab edilir. Qeyd edilənlər isə Koutsun səsləndirdiyi fikirlərin reallıqdan o qədər uzaq olmadığını da göstərir. Əslində, cari il ərzində Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üçün lazımi addımlar atılmadığı təqdirdə savaş ehtimalının yüksək olmasına dair xəbərdarlıqlar təkcə okeaının o tayından gəlmir. Rusiyalı hərbi ekspert Aleksandr Xramçixin də ABŞ Milli Kəşfiyyat Agentliyinin mövqeyini bölüşür. Onun sözlərinə görə, Qarabağda genişmiqyaslı hərbi əməliyyatların başlaması tamamilə gözləniləndir. Xramçixin qeyd edib ki, ABŞ özü belə Ermənistanla Azərbaycan arasında irimiqyaslı hərbi münaqişəyə dəstək verməklə Rusiyanı bu münaqişəyə cəlb edə bilər: “Dəfələrlə demişəm ki, Qarabağda hərbi əməliyyatlar gec ya tez başlayacaq. Neçənci ildə, hansı vaxtda bu baş verəcək, deyə bilmərəm". Ekspertin sözlərinə görə, konkret ABŞ Milli Kəşfiyyat Agentliyinin rəhbərinin açıqlamasına gəlincə, qurum hansı mövqedən çıxış etdiyini bilir: “Proqnoz hər dəfə vermək olar. Məsələ istəkdədir və mən də bilirəm ki, Qarabağda savaş ehtimalı getdikcə artır”.
Rusiya Beynəlxalq Əlaqələr Şurasının son təhlili də müharibə ehtimalının yüksək olduğunu üzə çıxarır. Qurumun proqram direktoru İvan Timofeyev Dağlıq Qarabağ münaqişəsinin hərbi müstəvidə çözülməsini mümkün sayır: "Bu ilin ötən dövrü ərzində vəziyyət danışıqlar sayəsində sanki normallaşıb, amma hərbi əməliyyatların yenidən başlanması ilə bağlı real risqi hesabdan silmək olmaz. İstənilən gərginliyin məntiqi, xüsusilə də Qafqazda, onu göstərir ki, pis vəziyyətdə qalmamaq üçün müəyyən addımlar atıla, qərarlar qəbul oluna bilər. Qafqaz regionunda ləyaqət hissi hamı üçün vacibdir, ona görə də burada diplomatiya çox ehtiyatlı olmalıdır. Bu mənada Dağlıq Qarabağda lokal hərbi əməliyyatların bərpa risqi kifayət qədər yüksəkdir". Müxətlif qurumlar tərəfindən yeni müharibə xəbərdarlığı isə işğalçı Ermənistanda geniş rezonansa səbəb olmaqdadır. Çünki erməni tərəfi ötən illər ərzində Azərbaycanla müqayisədə çox zəif hala gəlib. “Armenianreport” portalı isə yazır ki, orduda ildən-ilə pisləşən vəziyyət fonunda Azərbaycanla yeni savaş Ermənistan üçün sözün həqiqi mənasında fəlakət olacaq. Ermənistanda fəaliyyət göstərən “Navur” ictimai təşkilatının sədri, hüquq müdafiəçisi Aram Nikoyan isə diqqəti ona yönəldir ki, Dağlıq Qarabağda ölən erməni əsgərlərin çoxu yoxsul ailələrin uşaqlarıdır: “Aparılan müşahidələr deməyə əsas verir ki, heç bir siyasətçinin və oliqarxın övladı təmas xəttində hərbi xidmətdə deyil. Ötən həftə Tavuş istiqamətində ölən əsgər Ayk Kalantaryan yoxsul bir ailənin övladı idi. Bu ailənin hərbi münaqişə ilə bağlı heç bir məlumatı olmadığı halda, övladı erməni siyasi elitasının maraqlarını təmin etmək üçün təmas xəttində öldü”.
Erməni gəncliyinin məhvə getdiyini deyən A.Nikoyan Ermənistan ordusundakı rüşvətxorluq və cinayət hallarını qeyd edib. O bildirib ki, Dağlıq Qarabağda xidmətdə olan erməni əsgərlərin maddi-texniki imkanları yox dərəcəsindədir: “Onların qidalanmasında problemlər var. Ordudakı ağır vəziyyət Ermənistan gənclərini qorxudur. Bu səbəbdən hərbi xidmətdən yayınmaq üçün həkimlərin vasitəsilə saxta sənədlər hazırlanır. Orduda kadr çatışmazlığı isə ciddi problemlərə yol açır. Ermənistan ordusunda gizir və çavuşların azlıq təşkil etməsi səbəbindən hərbi tapşırıqlar azyaşlı əsgərlərə həvalə olunur. Onların böyük əksəriyyəti isə təcrübəsizdir. Təbii ki, bütün bunlar istənilən döyüşün taleyinə təsir edir. Elə indinin özündə də cəbhədən alınan xəbərlər əsgərlərimiz arasında itkilərin yüksək olduğunu göstərir. Müharibə başlasa, vəziyyətin necə olacağını təsəvvür etmək olar. Amma görünən budur ki, baş verənlər ölkə rəhbərlyini qətiyyən narahat etmir”. Digər erməni ekspert Manvel Sarkisyan isə qeyd edib ki, prezidentliyə namizəd Armen Sarkisyanın hər iki oğlu - Vardan və Hayk Ermənistanda hərbi xidmətdə olmayıb: “Hazırda onların hər ikisi Böyük Britaniyada yaşayır. Armen Sarkisyan bilməlidir ki, Londona atəş açılmır və orada cəbhə xətti yoxdur. Övladlarının orada qalması yalnız hərbi xidmətdən yayınmaq kimi izah oluna bilər. Görünür, Serj Sarkisyanın erməni xalqına qarşı apardığı düşmənçilik siyasətini Armen Sarkisyan davam etdirəcək. Ermənistan silahlı qüvvələri aztəminatlı ailələrin uşaqlarının ölümü üçün mövcuddur. Yüksək vəzifəli şəxslərin övladları isə orduda xidmət etməkdən çəkinirlər. Bu səbəbdən onlar Ermənistanda yox, Moskvada, Londonda və Parisdə yaşayırlar. Belə vəziyyətdə olan bir orduya necə güvənə bilərik? Yeni Qarabağ savaşı bu mənada Ermənistan üçün qətiyyən arzuedilməzdir. Onsuz da çoxsaylı cinayət hadisələri üzündən orduda tənəzzülün sürətləndiyi aydın görünür”. Bu arada qeyd edək ki, Dağlıq Qarabağ bölgəsində düşmənin qanunsuz hərbi birləşmələrində insidentlərin sayı kəskin artıb. Vəziyyət o həddə çatıb ki, separatçı rejimin “müdafiə naziri”, general-leytenant Levon Mnatsakanyan bunu etiraf etmək məcburiyyətində qalıb. Mnatsakanyan nizamnaməyə uyğun olmayan insidentlərin sayında artımın qeydə alındığını, bunun narahatlıq doğurduğunu deyib. Erməni general ciddi-cəhdlə qeyri-döyüş şəraitində ölüm hallarının azaldığını söyləməklə real faktları gizlətməyə çalışıb. Amma təkcə ötən il Ermənistan ordusunda qeydə alınan ölüm faktları separatçı generalın dediklərini tamamilə təkzib edir. Hələ 2017-ci ilin yanvar ayından 27 noyabr tarixinədək Ermənistan ordusunda 59-dan çox ölüm hadisəsi qeydə alınıb. Noyabrdan sonra da düşmən ordusunda ölüm hallarına bir neçə dəfə rast gəlinib. Cari ildə isə 10-dan çox erməni hərbçisinin cəbhədə həyatını itirdiyi məlumdur. Mnatsakanyan bunları açıq etiraf etməsə də bildirir: “Təbii ki, istənilən rəqəm narahatlıq doğurur, nizamnaməyə uyğun olmayan insidentlərə gəldikdə isə, bu istiqamətdə maarifləndirici iş aparılır”. Mnatsakanyan 2016-cı ilin aprel döyüşlərini hələ də unutmadıqlarını gizlətməyib. Bildirib ki, erməni ordusu aprel məğlubiyyətindən dərs çıxarmağa çalışır: “Təbii ki, hər bir insidentdən sonra diqqətlə analiz aparılır. Bu, 2016-cı ilin aprelindən sonra da baş verdi. Bütün hadisələr və hərəkətlər diqqətlə öyrənildi, analiz edildi, nəticələr çıxarıldı və onların nəticələrinə əsasən işlər aparılır. Lakin biz hazırkı mərhələnin yetərli olmadığını hesab edirik”. Əslindəbu, erməni genaralının da Azərbaycan qarşısında zəifliklərinin etirafı sayılır. Bu vəziyyətdə erməni siyasi şərhçi Sarkis Artsruni diplomatiyada uduzan İrəvanın savaşda da Bakıya məğlub olacağını qeyd edərək, Qarabağ məsələsinin dinc həllini vacib sayır. O bildirir ki, indi Ermənistan üçün formalaşan pat vəziyyəti onun Qarabağ siyasətindəki iflasını ortaya qoyur: “Status-kvonun dəstəklənməsi siyasəti əslində qeyri-rasionaldır. Belə ki, status-kvo təkcə ön cəbhədə formalaşan balans yox, həmçinin Ermənistan və Azərbaycanın iqtisadi inkişaf göstəriciləri, demoqrafik statistikasının müqayisəsidir. Qarabağ konfliktinin mövcudluğu, qapalı sərhədlər Ermənistanın Rusiyadan asılılığını artırır, iqtisadiyyatı boğaraq, onu inkişaf resurslarından məhrum edir. Bu kontekstdə Azərbaycan bütün regional layihələrdə açar aktor olur ki, bu da iki ölkənin iqtisadiyyatının Ermənistanın xeyrinə olmayan formada qeyri-bərabər inkişafına gətirib çıxarır. Milyardlarla dollar gəliri olan Azərbaycan boşalan Ermənistan üçün təhdid olacaq. Bu, aksiomatik faktın qəbul edilməməsi qeyri-adekvatlıqdan, bizim dövlət və siyasi sistemlərin irrasionallığından xəbər verir. Ermənistan hökumətinin effektiv siyasət göstəriciləri danışıqlar prosesinin uzadılması yox, konfliktin rasional kompromislər əsasında həll edilməsi olmalıdır. Zaman gözləmir, o, Ermənistanın əleyhinə işləyir. Situasiyanı ayıq dəyərləndirmək lazımdır ki, danışıqlar prosesindən maksimum çıxarış edə bilək”.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.