1867-ci ildə çar Rusiyasının strateji məqsədlərinə uyğun olaraq Cənubi Qafqazda tətbiq etdiyi inzibati-ərazi bölgüsünə əsasən, indiki Cəbrayıl rayonunun Məzrə kəndi o vaxtlar Yelizavetpol quberniyasının, 1921-ci ildən sonra isə Qarabağ General Qubernatorluğunun tərkibində Qaryagin (Cəbrayıl) qəzasının tərkibində olub.
Qarabağ dağlıq silsiləsinin cənub qurtaracağında məşhur Ziyarət dağının (2478 m) alçaq yüksəkliklərində meşə massivləri (“Qara quzey”, “Kor bulaq”, “Novruz quzeyi”, “Porsuqlu”) əhatəsində yerləşib. Bu kənd Şuşa qəzasının haylar məskunlaşmış bir sıra yaşayış məntəqələri ilə (Sur, Banazur, Tuğ, Xocaberd) qonşu olduğundan, 1905-1907-ci, 1915-ci, 1918-1919-cu illərdə fasiləsiz olaraq mənfur hay-daşnak quldurlarının təcavüzünə və onlar tərəfindən törədilən soyqırıma məruz qalıb.
Məlumdur ki, Şuşa qəzasına daxil olan bu kəndlərdən əlavə Mülkədərə, Zamzur, Cilan, Hərəkül, Şəyax kəndlərinin erməniləri də 1820-30-cu illərdə Cənubi Azərbaycan ərazisindən buraya köçürülüb.
Azərbaycan dövləti hüdudlarında olduğu kimi, vətənimizin bu kiçik dilbər guşəsinə də murdar və mənfur hay-daşnak ləpirləri həmin qanlı-qadalı illərdə dəyib, bu yerlərin gözəlliyinə və bərəkətinə xələl gətirib. Qeyd edilən illərdə bu kənddə 30-40, sonrakı onilliklərdə 50-60 ev olub.
Yuxarı Məzrə kəndində kənd məscidinin yaxınlığında 2 qəbiristanlıq olub, birində yaşlılar, digərində isə kiçikyaşlılar dəfn olunarmış. Hay-daşnak işğalı dövründə düşmənlər bu məscidi dağıtmaq istəsələr də, tikintisi yüksək keyfiyyətlə aparıldığına görə (iri daşlar bir-birinə geydirilmişdir) ona nail ola bilməyiblər. Kənd əhli isə qorunmaq üçün qonşu Şahvəlli kəndinə sığınsalar da, quldurlar kənddə yenə də qırğınlar törədib, evləri yandırıb, mal-mülkü, qiymətli əşyaları qarət ediblər.
XX əsrin əvvəllərində azərbaycanlıllara qarşı hay-daşnak-bolşeviklər tərəfindən törədilmiş soyqırımın təhqiq edilməsi və ona hüquqi-inzibati qiymətin verilməsi məqsədi ilə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən 15 iyul 1918-ci ildə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının üzvü N.M.Mixaylovun (1867-1920) məliumatında bu kənddə cəmi 6 sakinin qətlə yetirildiyi göstərilir. Əslində isə bu rəqəm 20-yə qədər olub. Bu barədə həmin faciəvi aylarda 5-ci Qafqaz Türk İslam ordusunun xilaskar döyüşçüləri ilə birlikdə yerli özünümüdafiə dəstələri tərkibində vuruşmuş yerli sakinlərdən Zülfüqar Rəhim oğlu Məmmədov (1870-1956), Səfəralı Təhməz oğlu Əliyev (1880-1948), Cəbrayıl Yazqulu oğlu Quliyev (1867-1952) məlumat verib. Bu döyüşlərdə iki türk döyüşçüsü də şəhid olub və Yuxarı Məzrə kənd qəbirstanlığında dəfn olunub. Qəbirlər hündürlüyü 40-50- cm olan baş daşından, ətrafı qara daşlarla hörülü üstü torpaq səthdən ibarət idi. Kənd sakini Xanoğlan Təhməz oğlu Əliyev (1935) bildirir ki, bu qəbirlər keçən əsrin 60-cı illərinədək salamat qalıb.
1952-ci ildən bu kəndin əhalisi Araz çayı sahillərinə, əsasən Sarıcallı kəndi və onun ətraf hissələrinə köç edib, əski yurdda isə cəmi 10-12 ev qalmış və inzibati-ərazi vahidi kimi Yuxarı Məzrə kəndi saxlanıb. Kənd əhalisi Araz çayı sahillərinə köç edəndə Sarıcallı kəndində 70-80 ev olub, 1993-cü ildə isə burada 220-230 təsərrüfat var idi. Əhali bu kəndin ətrafındakı təbii-coğrafi şəraitinə görə örüş yerləri (daha çox yovşan, gəngiz, yulğun, qaratikan bitən ərazi) olan 3 iri dərədə - “Qara arxac”, “Kəhrizli dərəsi” və “Kühül dərəsi”ndə torpaq binələrdə məskunlaşdığından buraya “Uzun dərə” (hərəsinin uzunluğu 4-5 km olmaqla) deyiblər. Dərələr arasında alçaq hündürlüklü yüksəkliklər vardı ki, el arasında onlara dağ deyilir. Belə ki, “Qara arxac” ilə “Kəhrizli dərəsi” arasında Nuh-Nuh dağı, Qaraquş oturan, Həsən dişi sınan (Həsən Mərrəmoğlu (1860-1943) tərəkəmə olub, bu yerdə ara münaqişəsi nəticəsində dişindən aldığı zədəyə görə bu toponim yaranıb), “Kəhrizli dərəsi” ilə “Kühül dərəsi” arasında Yumru təpə yerləşir...
Əski çağlarda bu yerlər Gəyən düzünün Arazsahili hissələrində qış otlaqları kimi tərəkəmə-elat camaatı tərəfindən istifadə olunub.
Əhalisi əvvəlcə “Kühül dərəsi”ndə, torpaq binələrdə (“qara yataq”) məskunlaşıb, sonradan xeyli hissəsi Sarıcallı kəndinə köçüb. Hazırda Sarıcallı inzibati-ərazi dairəsi daxilində ayrıca Məzrə kəndi saxlanmaqdadır.
1918-1919-cu illərdə Şuşa və Cəbrayıl qəzalarında haylay-daşnaklar tərəfindən törədilmiş qanlı qırğınlar və soyqırım faciəsi daha çox Qışlaq, Qaracallı, Quşçular, Şahvələdli, Doşulu, Süleymanlı, Bayand kəndlərində olub, tarixin qanlı səhifələrinə çevrilib. Bu kəndlərin yaxınlığında Hadrutun silahlı daşnak-quldur dəstələri daha çox cəmləşdiyindən, onların silah-sursat anbarları əsasən bu yerlərdə olduğundan tez-tez düşmən hücumları təkrarlanıb.
Qəzanın Qışlaq kəndində keçən əsrin əvvəllərində əsasən heyvandarlıqla məşğul olan 350 nəfərə qədər əhali yaşayıb. Kənd hayların yaşadığı Sur kəndindən 1-1,5 km aralıdır, arada kiçik bir təpəlik var. 1905-1907-ci illərdə də bu kənddə qırğınlar olub, 40-a qədər ev-mülk yandırılaraq dağıdılıb. 1918-1919-cu illərdə 30-a qədər günahsız dinc sakin qətlə yetirilib, işgəncələrlə öldürülüb. Yaşlı sakinlərdən Qurban Məşədi Qara oğlu (1865-1905),Alı Molla Abbas oğlu (1852-1905) amansızlıqla qətlə yetirilib, sonuncunun meyitini aparmaq mümkün olmadığından onu qonşu Qaracallı kəndinin sakinləri aparıb dəfn edib.
1918-ci ilin yay aylarında quldurlar bu kəndə girəndə hətta həyətlərdə bitən şəlləri də (meyvə ağaclarına - qoz, armud, tut, gilas - sarmaşan üzüm tənəyi) kəsiblər ki, məhsulu məhv olsun. Eləsə də, kənd məscidini yandırıb, ətrafındakı müqəddəs ziyarətgahları – “Yel ocağı”, “Dalaq daşı”, “İspərə ocağı”- yerlə yeksan edib, su dəyirmanlarını (biri Aslan Hüseynalı oğlunun (1840-1920), o biri Həzi Şükür oğlunun (1865-1924) olub) dağıdıb sıradan çıxarıblar. Türk ordusunun döyüşçüləri tərəfindən azad edilmiş kəndə qayıdan əhali uzun müddət evlərdə yox, kəndin ətrafındakı küyüllərdə yaşamağa məcbur olub.
1905-1919-cu illərdə bu kəndi ətrafında qanlı döyüşlərin getdiyi yerlərdən biri sonralar el arasında “Qanlı dağ” adlanıb. Orada, eləcə də ətraf döyüşlərdə şəhid olan 10-a qədər türk döyüşçüsü Qışlaq kəndinin qəbirstanlığında dəfn edilib və ora “Qardaşlıq məzarı” adlanıb. Məzarlıq keçən əsrin 50-60-cı illərinədək saxlanılsa da, çox təəssüf ki, həmin yerlər sonralar həyətyanı sahələr kimi istifadə olunmaqla kəndaltı əraziyə qarışıb.
Yerli döyüşçülərdən Qurban Məşədi Qara oğlu (1865-1905) həmin qanlı illərin şəhidlərindən olub.
Kənd sakini Seyidalı İdris oğlu Qarayev (1936) soyqırım şahidlərinin söhbətinə əsasən bildirir ki, kəndin yaxınlığındakı “Qozlu dərə”də 3 müqəddəs (əhali tərəfindən ziyarət edilən ocaq) çinar varmış. Quldur haylar ağacın birini kəsib aparırlar. Qalan 2 çinar gecə öz-özünə aşıb, başı ocağa dəyməklə “Qurban sirti” deyilən ocağın üstünə yıxılıb. Qışlaq kəndinin yuxarı hissəsində yerləşən meşə ilə örtülü Anabat dərəsi həm də Sur kəndi ilə sərhəd təşkil edir. Bu dərədə qədim tariximizi özündə yaşadan Alban kilsəsi mövcud olub, üzərində əski yazılarla dolu olan daş kitabələri qoruyub saxlayıb.
Anabat dərəsinin qanlı səhifələri sakinlərdən Hümbət Kərim oğlu Kərimovun (1870-1948), Məmməd Rüstəm oğlu Nəsirovun (1875-1956), Süleyman Əsəd oğlu Səfərovun (1880-1970) söhbətlərində kənd camaatı tərəfindən həmişə “oxunub” və yaddan çıxmayıb.
Qismət YUNUSOĞLU Bakı Dövlət Universitetinin müəllimi