Qabil Hüseynli: “Görüşdən sonra səslənən bəyanatın məzmunu yalnız atəşkəsə riayət etməyə və qarşılıqlı etimadı gücləndirməyə hesablanıb”
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında Polşanın Krakov şəhərində keçirilən görüşlə bağlı bəyanat yayıblar. Bəyanatda bildirilib ki, görüşdə nazirlər və həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair əvvəlki görüşlərdə əldə edilmiş razılaşmaların həyata keçirilməsinin asanlaşdırılması üçün növbəti addımları müzakirə ediblər.
Qeyd olunub ki, xarici işlər nazirləri ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsinin tez başa çatdırılması üçün həmsədrlərin üzərində yenidən işlədiyi müvafiq konsepsiya sənədi ilə prinsip etibarilə razılaşıblar. Həmçinin, görüşlər zamanı tərəflər və həmsədrlər hazırda gündəmdə olan iş təkliflərindəki əsas həssas məsələlər barədə fikir mübadiləsi aparıblar.
Həmsədrlər danışıqlar prosesinə mühüm töhfə kimi etimad tədbirlərini həyata keçirməyə çağırıblar. Nazirlər və həmsədrlər təmas xəttində nisbi sakitliyin hökm sürdüyünü qeyd edib və həmsədrlər tərəfləri bu müsbət tendensiyanı gücləndirməyə səsləyiblər. Eyni zamanda, həmsədrlər nazirlərə münaqişə təsirinə məruz qalan ərazilərdə 2010-cu il üzrə qiymətləndirmə missiyasını davam etdirmək imkanları barədə gələcək müzakirələrə maraq göstərdiklərini ifadə ediblər.
Qeyd edək ki, yanvarın 18-də Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında görüş keçirilib.Həmsədrlər Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunub.
Həmsədrlərin yaydığı bəyanat münaqişənin nizama salınması ilə bağlı hansısa ümidləri verirmi və ümumən qəbul edilən sənədi necə dəyərləndirmək olar?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, bəyantdan hansısa ciddi nəticənin çıxarılması mümkün deyil: “Sadəcə, yeni terminləri əlavə etməklə, bəyanatın qrammatik məzmununda dəyişiklik olunduğu hiss edilir. Mənə elə gəlir ki, həmsədrlərin bəyanatı görüş ərəfəsində verilən nikbin notlara adekvat deyil. Çünki görüşdən qabaq həmsədrlər tamamilə başqa rakursdan danışırdılar. Adama elə gəlirdi ki, hansısa razılaşma əldə edilə bilər. Görüşdən sonra səslənən bəyanatın məzmunu isə yalnız atəşkəsə riayət etməyə və qarşılıqlı etimadı gücləndirməyə hesablanıb. Bununla münaqişə həllini tapa bilməz. Yaxşı olardı ki, həmin bəyanatda Ermənistanın qeyri-konstruktiv mövqeyindən bəhs olunardı. İrəvanı konstruktivliyə çağıran bir cümləyə də rast gəlinmirsə, deməli, əvvəlki bəyanatlardan heç nə ilə fərqlənmir. Faktiki olaraq, Ermənistan elan olunan mərhələli həll planına əməl etmir. Bu da danışıqlar prosesinə hansısa ümidin bəslənməsinə imkan vermir. Bir sözlə, həmin bəyanatın məzmununda sülhyaratmaya hesablanan ciddi nəyəsə rast gələ bilmədim. Bu səbəbdən də görüşü və verilən bəyanatı bundan əvvəlki nəticəsi olmayanların sırasına aid edirəm. Əminəm ki, prezidentlərin görüşü də baş tutmayacaq. Çünki ortada müzakirə ediləcək heç bir detal yoxdur. Belə isə prezidentlər nəyi müzakirə edəcək? Verilən birgə bəyanat məndə nizamlanma prosesi ilə bağlı ümid yaratmadı”.
Məhəmmədəli QƏRİBLİ