Məhəmməd Əsədullazadə: “ATƏT-in münaqişə ərazilərində qiymətləndirmə missiyası münaqişənin həllinə deyil, problemin uzadılmasına xidmət edir”
Xəbər verildiyi kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Skofer (ABŞ) birgə bəyanat yayıblar. Bəyanatda həmsədrlərin və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Polşanın Krakov şəhərində yanvarın 17-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla, 18-də isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ayrı-ayrılıqda və birgə görüş keçirdikləri qeyd olunub.
Görüşdə nazirlər və həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair razılaşmaların həyata keçirilməsinin asanlaşdırılması üçün növbəti addımları müzakirə ediblər: “Nazirlər və həmsədrlər təmas xəttində nisbi sakitliyin hökm sürdüyünü qeyd edib və həmsədrlər tərəfləri bu müsbət tendensiyanı gücləndirməyə çağırıblar. Həmsədrlər nazirlərə münaqişənin təsirinə məruz qalan ərazilərdə 2010-cu il üzrə qiymətləndirmə missiyasını davam etdirmək imkanları barədə gələcək müzakirələrə maraq göstərdiklərini ifadə ediblər”.
Məlumat üçün qeyd edək ki, 2010-cu ildə ATƏT-in faktaraşdırıcı missiyası işğal olunan ərazilərlə bağlı sənəd hazırlamışdı. O zaman ATƏT-in sözügedən qiymətləndirmə missiyası zamanı məlum oldu ki, işğal olunmuş ərazilərdə yaşayış məntəqələri məhv edilib. Beynəlxalq hüquq normalarına zidd olaraq qanunsuz məskunlaşma siyasəti aparılıb. Ekologiyaya zərər vurulub. Ərazilərin flora və faunasına ciddi ziyan dəyib və s.
Maraqlıdır, əvvəlki qiymətləndirmənin bir xeyri oldu ki, növbəti qiymətləndirmənin də xeyri olsun?
Sözügedən məsələni “Baki-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bu kimi tələblərin irəli sürülməsinin heç bir xeyri yoxdur: “O vaxt da bunun bir xeyri olmadı, bundan sonra da bir xeyri olmayacaq. ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesində 20 ildən artıqdır ki, Qarabağ münaqişəsinin nizamlanmasında hər hansı bir müsbət irəliləyiş yoxdur. Bu illər ərazində həmin formatın missiyası yalnız davamlı atəşkəsi qorumaq, işğalçı Ermənistanı hərbi təzyiqlərdən sığortalamaqdır. Fikir versək görərik ki, konfliktin həlli ilə bilavasitə məşğul olan üç həmsədr ölkə işğalçı Ermənistana daim siyasi-iqtisadi və hərbi dəstək göstərib. Beynəlxalq hüquq sisteminin və ərazi bütövlüyünün qorunması haqqında bütün konvensiyalarda Azərbaycanın ədalətli mövqeyi qəbul edilsə də, məhz bu üç ölkənin “fəaliyyəti” nəticəsində münaqişə həll edilməmiş qalır. Status-kvonun dəyişməməsi regionda eskalasiyanın davam etməsinə səbəb olur. Qeyd edim ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində bir neçə təkliflər paketi irəli sürüblər. “Yenilənmiş Madrid” prinsipləri, “Praqa prosesi” və digər mərhələli həll planları masa üzərində qalaraq, işğal olunmuş ərazilərin boşaldılması reallaşmır. Çünki bu üç həmsədr ölkə Ermənistana bu sənədlərin qəbulunda təsir etmir. Hesab edirəm ki, dünya siyasətinin əsas oyunçuları olan bu üç ölkə BMT-nin məlum qətnamələrini rəhbər tutaraq, Ermənistana təzyiq edib işğal olunmuş ərazilərdən ordusunu çıxarmağı tələb etməlidir. Mahiyyət etibarilə bu mümkündür. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ötən il bir neçə dəfə görüşü də nəticəsiz başa çatdı. ATƏT-in münaqişə ərazilərində qiymətləndirmə missiyası münaqişənin həllinə deyil, problemin uzadılmasına xidmət edir. Bundan sonra ATƏT-in bəyanatları yalnız manipulyasiyaya xidmət edəcək. Heç bir təsir və təzyiqedici resursa malik olmayan bir qurumun tövsiyələrinin mahiyyətcə heç bir əsası yoxdur. Minsk Qrupunun fəaliyyəti bundan sonra da nəticəsiz və mənasız səfərlərlə yadda qalacaq. ATƏT-in qiymətləndirmə ilə bağlı açıqlamalarının münaqişənin həllində heç bir hüquqi əsası yoxdur”.
Vidadi ORDAHALLI