Vüqar Qədirov: “Bizə münasibətdə isə ikili standartlar nümayiş etdirirlər”
Ermənistan KİV-ləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hesabatını işıqlandırıb. Söhbət bu il aprelin 2-də keçirilən parlament seçkilərindən gedir. Həmin hesabatda olduqca biabırçı faktlar açıqlanıb: seçkilərə dövlət qurumlarının müdaxiləsi, səslərin pulla alınması, nəticələrin saxtalaşdırılması və s. ATƏT Bürosunun hesabatında bildirilir ki, bu cür neqativ halların aradan qaldırılmasında qurum onlara köməklik göstərə bilər.
Maraqlıdır ki, bəlkə də dünyanın heç bir yerində belə detallı saxtakarlıq barədə qənaətə gəlməyən ATƏT qurumunun hesabatından sonra ATƏT seçkilərin nəticəsini tanıyıb. Yəni eyni qurum həm seçki saxtakarlıqlarını ifşa edir, həm də saxta seçkilərin nəticəsini tanıyır. Bu ikili yanaşmanı nə ilə izah etmək olar?
Politoloq Vüqar Qədirovun sözlərinə görə, aprelin 2-də Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri hələ də müzakirə olunmaqdadır : “Total saxtakarlıqla müşayiət edilən seçkilərin nəticələrindən narazı qalan bir sıra müxalifyönlü qüvvələr ölkənin Konstitusiya Məhkəməsinə müraciət ediblər. Lakin onlar bu orqanın da ədalətli qərar çıxaracağına şübhə ilə yanaşırlar. Seçki prosesi boyunca və səsvermə günü kütləvi qanun pozuntusuna yol verən Sarkisyan iqtidarı və onun rəhbəri olduğu Respublikaçılar Partiyası isə özünü qalib hesab edir. Digər tərəfdən, beynəlxalq qurumların da susqunluğu onlara bu cəsarəti verir.
Ermənistanda seçki prosesində açıq-aşkar müşahidə edilən qanunsuzluqlara rəğmən, bir sıra böyük dövlətlərin, beynəlxalq təşkilatların və QHT-lərin susqunluğu, yaxud ən yaxşı halda ikibaşlı münasibətləri diqqət çəkir.
Qeyd edək ki, seçki gününün səhəri “Azadlıq” radiosunun Ermənistan müxbirinə hücum olunub. Bir qrup şəxs jurnalistə hücum edərək onu döyüb və telefonunu əlindən alıblar.
Jurnalistin döyülməsinə səbəb onun hakim partiyanın qərargahında seçicilərə pul paylandığını müşahidə etməsi olub. Maraqlı burasıdır ki, heç bir beynəlxalq qurum hadisəyə doğru-dürüst münasibət bildirməyib.
Sarkisyan hakimiyyətinə yaxınlığı və yaxud müəyyən qədər loyallığı ilə seçilən yerli qurumların hesabatlarında seçki günü 1500-dən artıq belə faktın baş verdiyi vurğulanıb. Bunu seçkidən bir müddət sonra verilən beynəlxalq reaksiyalardan aydın müşahidə etmək mümkündür. ATƏT-in müşahidə missiyasının hesabatından sonra qurumun verdiyi açıqlamanın məzmunu beynəlxalq təşkilatların Ermənistandakı saxtakarlıqlara laqeydliyini və lazım gələndə ikili münasibət sərgilədiyini bir daha nümayiş etdirir. ATƏT-in sözügedən bəyanatında deyilir ki, 2 aprel seçkiləri yaxşı təşkil olunmuş və təməl hüquqlar ümumilikdə təmin edilib.
Qeyd olunan ciddi pozuntulara baxmayaraq, qurum seçkiləri ümumilikdə qənaətbəxş hesab edib. Prosesə ABŞ-ın, Rusiyanın və Avropa Birliyi dövlətlərinin də münasibəti, demək olar ki, oxşar olub. Maraqlıdır ki, hər zaman Azərbaycanda baş verən proseslərə az qala zərgər zərrəbini ilə nəzər salan bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları da səslərini çıxarmadılar. Xüsusilə “Transparency International”, “Human Rights Watch”, “Amnesty International” və digər bu kimi beynəlxalq QHT-lərin biri də Ermənistanda insan haqlarının və söz azadlığının bu qədər kobud pozulmasına reaksiya vermədilər.
Görünən odur ki, müəyyən beynəlxalq qüvvələr Ermənistanla bağlı təəssübkeşliklərini kənara qoymurlar. Bizə münasibətdə isə ikili standartlar nümayiş etdirirlər”.
Məhəmmədəli QƏRİBLİ