Qabil Hüseynli: “Tərəflər arasında əldə olunan ilkin razılaşmalar da var”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, ölkəmiz Ermənistanla növbəti görüşə razılıq verib: “Dekabrın 6-da həm həmsədrlərlə, həm də Ermənistan xarici işlər naziri ilə görüşəcəyəm. Biz həmişə deyirik ki, məntiqli və substantiv danışıqlar olmalıdır. Moskva görüşündə həmsədrlərlə dərin və ətraflı müzakirə apardıq. Həmsədrlər yəqin bu istiqamətdə danışıqları davam etdirəcəklər”.
Ermənistan mətbuatı bu görüşü öz maraqlarına uyğun yozmağa başlayıb. Onlar qeyd edirlər ki, son vaxtlar cərəyan edən proseslər kompromisin əldə olunacağına ümid yaradıb. Ancaq erməni təhlilçiləri bu kompromisin Ermənistanın maraqlarına uyğun şəkildə həll ediləcəyi ilə bağlı təbliğat aparırlar. Vyana görüşündə hansısa kompromisin əldə olunacağını gözləmək olarmı?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirib ki, bu, ermənilərin xislətinə aid olan bir məsələdir: “İstənilən görüş ərəfəsində onların belə bir isterika yaratmağına biz şahid oluruq. Yəni bizə yad olan mövzu deyil. Danışıqlar prosesində hansısa nailiyyətin əldə edilməsini biz də istəyirik. Uzun illərdir Azərbaycan bu istiqamətdə konstruktiv addımlar atır. Təəssüflər olsun ki, biz analoji addımı erməni tərəfindən görmürük. Ermənistan tərəfinin kompromis sorağında olmasına konkret cavab verə bilərəm ki, onu Azərbaycandan yox, özlərindən gözləsinlər. Cünki Azərbaycanın onlara edə biləcəyi kompromis limiti qalmayıb. Konstruktiv mövqeyə gəlməklə onlar kompromis addım ata bilərlər. Bu da Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsindən keçir. Azərbaycan danışıqlarla bağlı öz mövqeyini dəfələrlə bəyan edib. Hətta bildirib ki, Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusu verə bilər. Bütün bunlara gedən yol isə Ermənistanın işğal etdiyi torpaqlardan geri çəkilməsindən keçir. Tərəflər arasında əldə olunan ilkin razılaşmalar da var. Biz bunu sadə dillə ifadə edək. Mərhələli həll planında bu mexanizm nəzərdə tutulub və Ermənistan buna razılığını bildirib, ancaq nədənsə əməl etmək istəmir. Biz ümid edirik ki, Ermənistan Vyana görüşündə bundan əvvəl əldə edilən razılaşmalara əməl etməklə kompromisə gedəcək. Yalnız bundan sonra irəliləyişə ümid edə bilərik”.
Məhəmmədəli QƏRİBLİ