Suriyada illərdir davam edən savaş sona yaxınlaşdıqca bölgədə hərbi, geosiyasi müstəvidə yeni bir vəziyyətin yarandığı müşahidə olunmaqdadır. Belə görünür ki, ABŞ və İsrail burada İran, Türikyə, o cümlədən Rusiyanın mövqelərinin güclənməsinə imkan vermək niyytəində deyil. Digər tərəfdən, İsrailin atdığı son addımlar da bölgədə İranla savaşın hər an alovlana biləcəyini göstərir.
Məsələ burasındadır ki, İsrailin qırıcı təyyarələri Suriyanın Dəməşq şəhəri yaxınlığındakı İran hərbi bazasını hədəf alıb. İsrailin “Haaretz” qəzeti yazır ki, Livanın hava sahəsindən istifadə edən təyyarələrin bombardmanından dərhal sonra bölgədə şiddətli partlayış səsləri eşidilib. Hücuma qarşılıq olaraq Suriya havadan müdafiə sistemləri İsrail təyyarələrinə raket atıb. Amma hadisə barədə rəsmi məlumatlar verilmir.
Bununla belə, İsrailin baş naziri Binyamin Netanyahu öz "Facebook" səhifəsində çox maraqlı bir açıqlama ilə çıxış edib. O bildirib ki, İsrail hökuməti İranın Suriyada daimi hərbi varlığına və Tehranın nüvə silahı əldə etməsinə imkan verməyəcək: "Biz yəhudi dövlətinin məhvinə can atan İran rejiminin nüvə silahı əldə etməsinə imkan verməyəcəyik, biz İranın açıq şəkildə dövlətimizi məhv etmək niyyəti ilə möhkəmlənməyə çalışdığı Suriyada daimi hərbi varlığına yol verməyəcəyik". Netanyahu onu da bildirib ki, ABŞ prezidenti Donald Trampın İranın nüvə sazişinə dair atdığı addımlar sövdələşmənin çatışmazlıqlarını aradan qaldırmağa imkan verir: “Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) təxminən 10 ildən sonra İranın nüvə arsenalına malik olmasına gətirib çıxaracaq. Prezident Tramp bu sazişin nəhəng çatışmazlıqlarının aradan qaldırılması üçün imkan yaradıb. Mən hamını bu şansın reallaşdırılmasına dəstək verməyə çağırıram”.
Qeyd edək ki, İran və altı beynəlxalq vasitəçi (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa, Almaniya) 2015-ci il iyul 14-də İranın nüvə proqramı ilə bağlı uzunmüddətli problemin həlli barədə razılıq əldə edib - birgə hərtərəfli fəaliyyət planı qəbul edilib və BMT Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqı tərəfindən İrana qarşı daha öncədən tətbiq edilən iqtisadi və maliyyə sanksiyaları ləğv edilib. ABŞ prezidenti Donald Tramp daha əvvəl Ağ Evin Konqreslə İranla beynəlxalq müqavilədəki ciddi çatışmazlıqlar üzərində işləyəcəyini bildirib. Tramp vurğulayıb ki, sazişin yaxşılaşdırılması üzrə ABŞ-ın səyləri uğursuz olarsa, Birləşmiş Ştatlar sazişdən çıxacaq. Belə olan vəziyyətdə İran nüvə proqramını davam etdirəcəyini bəyan edib ki, bu da regionda müharibə təhdidini artırır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da baş verənlər fonunda vurğulayır ki, yaranmış vəziyyətdə Moskva İranın nüvə sazişinin pozulmaq təhlükəsi altında olduğunu düşünür: "Konstruktiv çoxtərəfli əməkdaşlığın nümunəsi kimi nəzərdən keçirdiyimiz sazişlər, o cümlədən İranın nüvə proqramı ətrafındakı vəziyyətlə bağlı razılaşma pozulmaq təhlükəsi altındadır". Bütün bunlar isə yaranmış vəziyytəin hərb müstəvisində çözülmə ehtimalını artırır.
Digər tərəfdən, İranın Suryiada hərbi mövqelərini möhkəmləndirməsini də İsrail qəbul etmir və artıq son olaylar bu fonda İsrailin gücdən istifadəyə hazır olduğunu göstərir. Son vaxtlar Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn başqa olmaqla, bəzi ərəb ölkələrinin İsraillə yaxınlaşması həm də İrana qarşı ABŞ-İsrail-ərəb ölkələri üçbucağının yaranması ilə müşayiət olunur. Bundan əvvəl isə İsrailin müdafiə naziri Aviqdor Liberman ərəb ölkələrinə müraciət edərək, İrana qarşı mübarizə aparmaq məqsədilə Yaxın Şərq koalisiyası qurmağı təklif edib. O, ərəb ölkələrini təkcə İsraillə ərəb dünyası arasında deyil, həm də regionlararası münasibətdə yeni səhifə açmağa çağırıb. Müraciətdə daha sonra bildirilir ki, bu gün İrana münasibətdə mülayim siyasət aparan ölkələrin İslam ölkəsinə qarşı bir koalisiyada birləşməsi hər zaman olduğundan daha aktualdır. Liberman açıq bildirib ki, İsrail İŞİD-in məhv edilməsinin ardından İrandakı rejimin məhvini istəyir.
O da maraqlıdır ki, məhz belə bir vaxtda İsrailin cənubunda ABŞ-ın ilk daimi hərbi bazası açılıb. İsrailin Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı Svika Haymoviç bununla bağlı bildirib: "Biz İsrail dövləti və İsrail ordusunun tarixində ilk dəfə olaraq ABŞ-ın üzərində bayrağı dalğalanan daimi hərbi bazasını yaratdıq". Qeyd olunur ki, Amerika bazası İsrailin hava hücumundan müdafiə hissələrindən birinin ixtiyarına verilib. Amma ekspertlər bildirir ki, bu bazanın açılması əslində İranla müharibəyə hazırlığın tərkib hissəsidir. Artıq Suriya ərazisində başlanan müharibənin yaxın tezlikdə daha geniş miqyasda özünü göstərməsi proqnozlaşdırılır.
Nahid SALAYEV