Üzeyir Cəfərov: “Artıq o sənəd KTMT-nin rəsmi saytında yerləşdirilib”
Ermənistan mətbuatının verdiyi məlumata görə, Belarusun paytaxtı Minsk şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dövlət başçıları Qarabağla bağlı bəyanat qəbul ediblər. Bildirilir ki, qəbul edilən sənəddə başlıca üç prinsip öz əksini tapıb. İddialara görə onların sırasında xalqların öz müqəddəratını həll etmə prinsipi birinci yerdə dayanır. Bu məlumatı nə dərəcədə həqiqətə uyğun saymaq olar?
Hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, həmin sənədin qəbuluna məhz erməni tərəfi təkid edib: “Doğrusu, o sənədi mən “isti-isti” rus dilində oxumuşdum və dalağım sancmışdı ki, görün bunlar necə həyasız və vicdansızdırlar ki, BMT-nin Nizamnaməsində əks olunan müddəaları öz bildikləri şəkildə rəsmiləşdirərək imzaları ilə təsdiq edirlər. Nəzərə alsaq ki, bu sənədin qəbuluna məhz Ermənistan tərəfi təkid edirdi və onların xahişi ilə bu sənəd-bəyanat qəbul edildi, deməli, düşünmək lazımdır ki, bədnam qonşularımız heç vaxt özlərinin ziyanına sənəd müzakirəyə çıxarmazlar və imzalatmazlar. Bu gün o sənəd artıq KTMT-nin rəsmi saytında yerləşdirilib.
Ondan başlayaq ki, indiyə kimi KTMT o qədər də Qarabağ məsələsinə “girişmirdi” və bunu problemin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səlahiyyətində olması ilə izah edirdi. Adamı maraq bürüyür, nə baş verdi ki, birdən-birə KTMT Dağlıq Qarabağ konflikti ilə bağlı, özü də qurumun sədri erməni generalı Xaçaturov olandan sonra, məhz danışıqların intensivləşdiyi və hardasa Ermənistanı küncə sıxan məqamlar olduğu dönəmdə, birdən bəyanat qəbul edir və orada BMT qaydalarının əksi olan məqamları önə çəkir?
Dəfələrlə həm ictimaiyyət və mətbuat nümayəndələri səviyyəsində, həm də ölkə rəsmiləri miqyasında son vaxtlar Minsk Qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrlərinin bu illər ərzində ortalığa heç bir konkret nəticə qoya bilməmələrini dərin narahatlıqla ifadə etmişik və bu gün də bu fikirdəyik ki, missiyası vasitəçilik funksiyası olan, mandatında Dağlıq Qarabağ konfliktinin siyasi-diplomatik vasitələrlə həllinə yardım etmək göstərilən bir qurum avara, bivec və daha çox işğalçının maraqlarını müdafiə edən bir boşboğaz yığnağından başqa bir şey deyil. Belə olan halda, onların hansı səylərini dəstəkləmək və ya müsbət fikir söyləmək olar? Onların fəaliyyəti, daha çox fəaliyyətsizliyi, imitasiya xarakterli hərəkətləri problemin həlli üçün deyil, əksinə, işğalçının maraqlarını müdafiə etməyə yönəlik addımlar təsiri bağışlayır. İndi bunlar durub Azərbaycanın haqq işini önə çəkib öz hoqqabazlarını ayağa verəsi deyillər ki?
Yeri gəlmişkən bir vacib məqamı da diqqətə çatdırım ki, Qarabağ məsələsində Fransa və ABŞ prezidentləri daha çox Rusiyadan olan həmkarlarının sözlərinə və fikirlərinə diqqət edir və ona inanaraq hansısa sənədə imza atırlar. Minsk şəhərində Dağlıq Qarabağla bağlı birgə bəyanatda mənə elə gəldi ki, böyük əks-sədaya səbəb ola biləcək saxtakarlığa imza atılıb və bu hərəkət bizə çox baha başa gələ bilər. Faktiki olaraq bütün erməni mətbuatı Minskdə Putinin xeyir-duası ilə qəbul olunmuş bəyanatın sevincini yaşayır və bunu xüsusi olaraq önə çəkirlər ki, sənədi imzalayanlar Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsinin gərəkliyini təsdiq etməklə yanaşı, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin konfliktin beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsinin, Helsinki Yekun Aktının müddəaları, xüsusilə güc tətbiq etmədən və ya güc tətbiqi təhdidi olmadan, xalqların öz müqəddəratını təyin etməsini daha önə çıxarıb, dövlətin ərazi bütövlüyü əsasında həllinə yönələn səyləri isə sonrakı müddəaya salıblar. Bu əsla yolverilməzdir və məhz Ermənistanın və separatçıların maraqlarına cavab verən addım və siyasi saxtakarlığı özündə əks etdirən bir sənəddir.
Bir daha xüsusi olaraq qeyd edirəm ki, bəyanat məhz Ermənistan tərəfinin təşəbbüsü ilə KTMT-də gündəmə gətirilib və qəbul olunub. Xarici İşlər Nazirliyimiz bu məsələni tam dəqiqliyi ilə incələməli və faktın təsdiqini tapacağı təqdirdə Rusiyadan, Belarusdan, Qazaxıstandan, digər adını çəkmədiyim dövlətlərdən izahat tələb edilməlidir”.
Məhəmmədəli QƏRİBLİ