Yeganə Hacıyeva: “İstər Pakistan, istərsə də Türkiyə yerləşdikləri regionlarda dərin dəyişikliklərə rəğmən, stabillik faktoru kimi çıxış edirlər”
Noyabrın 30-da Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun, Pakistan İslam Respublikasının xarici işlər naziri Havaca Məhəmməd Asifin və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Azərbaycan-Pakistan-Türkiyə xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçirilib.
Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib. Nazirlər Azərbaycan, Pakistan və Türkiyənin müvafiq regionlarda əhəmiyyətli və strateji rolunu vurğuladılar və üç ölkə arasında tarixi əlaqələri qeyd edərək, qarşılıqlı faydalı əməkdaşlıq baxımından ümumi bazanın və geniş potensialın mövcud olduğunu bildirdilər, regionda sabitlik, təhlükəsizlik və tərəqqinin irəlilədilməsi məqsədilə üçtərəfli tərəfdaşlığın inkişafında qəti maraqlarını ifadə ediblər.
Görüşdə müdafiə və təhlükəsizlik sahəsinin əhəmiyyəti vurğulanıb və bu sahələrdə fəal əməkdaşlığın inkişafına hazırlıq ifadə edilib. Müvafiq beynəlxalq alətlər əsasında terrorizm, ekstremizm və separatizmin bütün forma və təzahürlərinin, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələr və prekursorlarının qanunsuz istehsalı və alveri, qanunsuz silah ticarəti, insan alveri, miqrant qaçaqmalçılığı və qanunsuz miqrasiya, mədəni və tarixi irsə qarşı cinayətlər, “çirkli pulların yuyulması”, kibercinayətlər və digər transmilli təhlükəsizlik təhdidlərinə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə sadiqlik bir daha bəyan edilib.
Görüşün sonunda Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirləri Bakı Bəyannaməsini imzalayıblar.
Məlumdur ki, Azərbaycan üçtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Bu yeni formatın nə kimi əhəmiyyəti olacaq?
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, son illər dünyanın müasir siyasi müstəvisində kök atmış qlobal təşkilatlar və onların ölkələr üzrə, regionlararası çoxşaxəli iqtisadi, siyasi və təhlükəsizlik sahəsində alyans formasında əməkdaşlığı formatı çoxlu açıq suallar yaradır: “Buna görə də ölkələr üçün regional əməkdaşlıqda daha kiçik, bir neçə oyunçu iştirak edən beş, üç və ya ikitərəfli əməkdaşlıq formatlarını daha cazibədar edir. Məhz bu kimi məqamlar üzündən son illər, digər ölkələr kimi, Azərbaycan da region və regionlararası, dövlətlərarası iqtisadi, siyasi və ya təhlükəsizlik sahələri üzrə üçtərəfli, ikitərəfli əməkdaşlıq formatlarının iştirakçısı və ya təşəbbüsçüsü olub.
Sırf Türkiyə-Azərbaycan-Pakistan üçtərəfli əməkdaşlıq formatı haqqında onu deyə bilərəm ki, bu ölkələr arasında əsrlər boyu tarixlə sınanmış, qarşılıqlı hörmət, dostluq, qardaşlıq və həmrəylik münasibətləri mövcud olub. Türkiyə və Pakistan müstəqilliyimizi hamıdan öncə tanıyan ölkələrdır.
Siyasi məqamlarda isə hər iki dövlət Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyindən çıxış edirlər. Pakistan isə hətta Ermənistanı dövlət kimi tanımır. Eyni zamanda, biz Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyirik. Beynəlxalq təşkilatlarda hər iki ölkə uzun illərdir maraqlarının qarşılıqlı müdafiəsi üçün uğurlu əməkdaşlıq edirlər.
Azərbaycanın hərbi sahədə ən mühüm tərəfdaşı qardaş Türkiyə Respublikasıdır. Respublikamızın əsas tərəfdaşı olan Türkiyə beynəlxalq arenada daim Azərbaycanın müdafiəçisi və tərəfdaşı kimi çıxış edir. İkitərəfli əlaqələr hərbi sahəyə də öz təsirini göstərib. Türkiyə Azərbaycan Ordusu üçün kadrların hazırlanması, hərbi texnika və silah təchizatçısı, eyni zamanda birgə müxtəlif hərbi təyinatlı proseslərin iştirakçısı kimi mühüm funksiyaları həyata keçirir. Silahlı Qüvvələrin müasir hərbi texnika və silahlarla təchizi məsələsində, terrorçuluq, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlıq və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə sıx fəaliyyət göstərmək üçün ölkələrin bu sahədə qarşılıqlı təcrübəsi əhəmiyyətli ola bilər. Bu əməkdaşlığın üçtərəfli formatda həyata keçirilməsinin region və dövlətlərimiz üçün xeyirli olacağına inanıram.
İstər Pakistan, istərsə də Türkiyə yerləşdikləri regionlarda dərin dəyişikliklərə rəğmən, stabillik faktoru kimi çıxış etdikləri üçün, regional və beynəlxalq proseslərdə ölkələrimiz arasında üst-üstə düşən baxışlar və maraqlar bu formatı iqtisadi baxımdan da çox cazibədar edir .
Digər iki ölkə də dinamik inkişaf mərhələsi keçən islam ölkələridir və onlar üçün dünyanın ən müasir, ən modern islam ölkəsi olmaqla yanaşı, regionlararası, xüsusilə Avropaya enerji tranzitində təşəbbüsçü və iştirakçı ölkə kimi Azərbaycanla əməkdaşlıq imkanları çox önəmlidir.
Bu üçtərəfli əməkdaşlıqdan doğan imkanlar üzv ölkələrin yerləşdiyi regionlar üçün də əhəmiyyətlidir. Belə ki, Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya iqtisadi üçbucağı ölkələrinin iqtisadi imkanları Avropa ilə Çini birləşdirəcək bir dəhliz formalaşdıra biləcək”.
Məhəmmədəli QƏRİBLİ