Aqşin Əliyev: “Bir sözlə, dünyanı narahat edən bu problemdən ermənilər etiraz etməklə yaxa qurtara bilməzlər”
Ermənistan nümayəndə heyəti Kiyevdə keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının iclasını tərk edib. Onlar iclas zamanı Ukrayna nümayəndə heyətinin bəyannaməyə təklif etdiyi “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin ərazi bütövlüyünün bərpasına kömək göstərmək” barədə düzəlişə etiraz edərək iclası tərk ediblər.
Qeyd olunur ki, digər nümayəndə heyətlərinin iştirak etdiyi müzakirələrə Ermənistan nümayəndə heyəti dəvət edilməyib.
Qeyd edək ki, həmin tədbirə ölkəmiz də nümayəndə heyətilə qatılıb. Milli Məclisin komitə sədrinin müavinləri Eldar Quliyev, Musa Quliyev, Jalə Əliyeva, deputatlardan Çingiz Qənizadə və Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının 50-ci sessiyasında iştirak etmək üçün noyabrın 27-dən Ukraynada səfərdə olublar.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, Kiyev şəhərində keçirilən toplantıda təşkilati məsələlərlə yanaşı, Qara dəniz regionunda iqtisadi böhranın nəticələrinin aradan qaldırılması, gənc ailələrin sosial müdafiəsi, mədəniyyət, təhsil, texnologiya və ekologiya sahəsində mövcud problemlər barədə məsələlər müzakirəyə çıxarılıb.
Ermənilərin atdığı addımın nəyəsə təsiri oldumu?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, ermənilər bütün əməkdaşlıq formatlarında cığallığa öyrəniblər: “Bu onların birinci şousu deyil. Dəfələrlə belə addımlar atıblar və heç bir dəyişikliyə nail ola bilməyiblər. Ərazi bütövlüyü məsələsinin adı gələndə ermənilər dəli olurlar. Həmin an xalqların öz müqəddəratını təyin etmə məsələsini ortaya atırlar. Bu məsələlər ətrafında geniş müzakirələr aparılıb. Bütün mötəbər konvensiyaların tələbində ərazi bütövlüyünün təmin olunması digər faktorlardan öndə durur. Bu istiqamətdə ermənilərin uzun illərdən bəri apardıqları təbliğat da heç bir bəhrə verməyib. Tədbirin keçirilidiyi Ukrayna və iştirakçı olan digər ölkələr də ərazi bütövlüyünün pozulmasından əziyyət çəkirlər. Ona görə də bütün dünyanı narahat edən məsələni arxa plana keçirə bilməzlər. Ermənilərin diplomatik müstəvidəki son məğlubiyyəti Avropa Birliyilə imzalanan sazişin yekun mətni ilə bağlı oldu. Həmin sənəddə də ölkələrin ərazi bütövlüyü məsələsi təsbit edilib. Bir sözlə, dünyanı narahat edən bu problemdən ermənilər etiraz etməklə yaxa qurtara bilməzlər. Onlar yaxşı dərk edirlər ki, bunun həlli yolu işğalçılıqdan əl çəkməkdir. Onu da geci-tezi etmək məcburiyyətində qalacaqlar. Kiyevdə keçirilən son tədbirdə də onların etirazına məhəl qoyulmadı, müzakirələr və qərarların qəbulu onlarsız həyata keçdi”.
Məhəmmədəli QƏRİBLİ