Qabil Hüseynli: “Bu dəyərlərin hər biri Azərbaycanın yürütdüyü dövlət siyasətində öz əksini tapıb”
Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransı sessiya ilə işini davam etdirib. Sessiyada çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 2011-ci ildə təsis olunduqdan bəri “Asiyanın Qəlbi – İstanbul Prosesi”nin istər prosesdə iştirak edən dövlətlər, istərsə də prosesə dəstək verən dövlətlərin və təşkilatların Əfqanıstanda və regionda vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş səylərinin möhkəmləndirilməsi baxımından səmərəli çoxtərəfli platforma kimi özünü sübut etdiyini söyləyib.
O bildirib ki, bu platforma regionda və regiondan kənarda yerləşən dövlətlər arasında dialoq və əməkdaşlıq yolu ilə Əfqanıstanda sülh, sabitlik və rifahın əldə edilməsi üçün nadir imkan yaradır.
Nazir deyib: “Bu gün biz İstanbul Prosesinin həmsədri kimi öz missiyamızı yekunlaşdırırıq. Buna baxmayaraq, Azərbaycan ikitərəfli səylər və müxtəlif çoxtərəfli platformalar vasitəsilə Asiyanın Qəlbi regionunda sabitliyi, sülh şəraitində yenidənqurma səylərini və inkişafı dəstəkləməyə davam edəcək. Öz həmsədrliyindən istifadə etməklə Azərbaycan prosesin qarşıya qoyduğu məqsədlərə çatmaq istiqamətində bütün mümkün töhfələri verib. 2017-ci ildə biz Bakı və Nyu-York şəhərlərində yüksək vəzifəli məmurların görüşlərini, eləcə də Narkotiklərlə Mübarizə və Regional İnfrastruktur üzrə Etimad Quruculuğu Tədbirləri çərçivəsində ekspertlərin görüşlərini təşkil etmişik.
İnanırıq ki, təhlükəsiz, özünəinamlı və özünü təmin edə bilən Əfqanıstan regionun daha yaxşı gələcəyində mühüm rol oynaya bilər. Məhz buna görə də Azərbaycan Əfqanıstanın dayanıqlı dövlət qurmaq səylərini ardıcıl olaraq dəstəkləyib, əfqan rəsmiləri üçün genişmiqyaslı hərbi, dövlət idarəçiliyi, hüquq-mühafizə, minalardan təmizləmə, tibbi və reabilitasiya sahələri üzrə təlimlər təşkil edib, elektron idarəçilik və ictimai xidmətlərin çatdırılması üzrə öz təcrübəsini Əfqanıstanla paylaşıb. Bu gün bizim hərbçilərimiz Qətiyyətli Dəstək Missiyasında xidmət edir və biz Əfqanıstan Milli Ordusuna yardımlarımızı davam etdiririk”.
Bu vacib tədbirin Bakıda keçirilməsi nəyin göstəricisi sayıla bilər?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, belə vacib və mühüm tədbirlərin Bakıda keçirilməsi artıq adi hala çevrilib: “Bu bir daha sübut edir ki, Azərbaycan bütün potensialı ilə belə tədbirlərə, əməkdaşlıq formatlarına tam hazırdır. Əvvəla ölkəmiz sülh və tolerantlıq tərəfdarı kimi bəşəri ideyalara riayət etməklə yanaşı, həm də onların təbliğini həyata keçirir. İkinci bir tərəfdən isə bizim müasir infrastrukturumuz belə tədbirlərə asanlıqla evsahibliyi etməyə əsas verir. “Asiyanın Qəlbi” regionunda sabitlik, sülh və çiçəklənmənin təşviqi və Əfqanıstanın bütün region ilə bağlantısının genişləndirilməsi baxımından siyasi dialoq və sıx regional əməkdaşlıq üçün vacib regional platformadır. Tədbirdə Asiyanın ən böyük ölkələrilə yanaşı, qonaq qismində Avropa dövlətlərinin də nümayəndələri iştirak edirlər. Bu bir daha sübut edir ki, Azərbaycan yalnız birqütblü deyil, çoxvektorlu siyasət yürüdən ölkədir. Biz, həmçinin, belə tədbirə evsahibliyi etməklə, fərqli sivilizasiyaları bir araya gətirmiş oluruq. Eyni zamanda sülhə, əminamanlığa töhfə veririk. Bu dəyərlərin hər biri Azərbaycanın yürütdüyü dövlət siyasətində öz əksini tapıb. Ona görə də tədbirin Bakıda keçirilməsi bizim ruhumuza, siyasətimizə tam uyğundur”.
Məhəmmədəli QƏRİBLİ