Həlli uzanan Dağlıq Qarabağ münaqişəsinin bu gün Ermənistana vurduğu ən böyük zərbələrdən biri də ötən müddət ərzində düşmənin çoxsaylı hərbi itkilərə məruz qalmasıdır. Ümumiyyətlə, ötən ilin aprelindən indiyə qədər düşmən yüzlərlə hərbçisini itirib. Bu sıraya həm döyüş, həm də qeyri-döyüş şəraitində həyatını itirən hərbçilər daxildir. Belə vəziyyət isə Ermənistanda hakimiyyətdən narazılığı daha böyük sürətlə artırır.
Məsələ ilə bağlı “Jamanak” qəzeti yazır ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistana böyük sosial-iqtisadi problemlərlə yanaşı, həm də humanitar baxımdan böyük fəlakət gətirib: “Elə bu münaqişənin mövcudluğu səbəbindən hər il on minlərlə insan Ermənistanı birdəfəlik tərk edir. Ölkədə qocaların, əmək qabiliyyəti olmayanların ümumi əhali nisbətində xüsusi çəkisi durmadan artır. Eyni zamanda gəncləri ölkədən qaçıran səbəblərdən biri də onların orduda xidmət etməmək niyyətindən irəli gəlir. Çünki həyatlarına təminat yoxdur”.
Əslində, düşmən ölkədə bu qəbildən olan etirafların sayı kifayət qədərdir. Elə bu səbəbdən Qarabağ konfliktinin həllinin uzanması Ermənistanda həm də əsas narazılıq predmetlərindən birini təşkil edir. Ümumiyyətlə, bu ölkə daxilində mövcud ictimai-siyasi vəziyyətin təhlili göstərir ki, Qarabağ məsələsindən hakimiyyətə qarşı daha çox istifadə olunur, bu konfliktin Ermənistana böyük fəlakətlər gətirməsi, yalnız Qarabağ klanının varlanmasına, hakimiyyətdə qalmasına xidmət etməsi konkret faktlarla ictimaiyyətə təqdim edilir. Helsinki Vətəndaş Cəmiyyətinin Ermənistan bürosu isə bu fonda diqqəti ona yönəldir ki, Qarabağ münaqişəsi Ermənistan ordusunda hərbçilərin durumu ilə bağlı faciəvi vəziyyət yaradıb və bu, ilk növbədə hərbçilər arasında artan itki fonunda özünü qabarıq şəkildə göstərir.
Büro bildirir ki, 2017-ci ilin yanvar-sentyabr ayları ərzində Ermənistan ordusu 56 itki verib. Məlumata görə, 2017-ci il ərzində erməni hərbi birləşmələrinin 46 hərbi qulluqçusu ölüb. Onlardan 29-u əsgər, 17-si isə müddətdən artıq hərbi qulluqçudur. 46 ölümün 29-u Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində baş verib. 46 ölümdən 21-i Azərbaycan ordusunun atəşkəs rejimini pozan işğalçıya cavab atəşi nəticəsində qeydə alınıb. 6 ölüm qətl (5 silahla düzgün rəftar etməmək, 1 qəsdən öldürmə), 6 ölüm bədbəxt hadisə (4 bədbəxt hadisə, 1 zəhərlənmə, 1 xidmətə laqeyd münasibət - ehtiyatsızlıq), 9 ölüm intihar, 4 ölüm xəstəliklə bağlı baş verib. Büronun məlumatına görə, buraya son oktyabr və noyabr aylarında qeydə alınan ölümlər də əlavə edilərsə, 2017-ci ildə Ermənistan ordusunda itkiləri sayı 56-dan çox olub. “Əsgər” koordinasiya şurasının sədri Marqarita Xaçatryan hesab edir ki, itkilərin sayı daha da çoxalacaq: “Unutmamalıyıq ki, müharibə gedir. Lakin tək səbəb bu deyil. İntiharlar ötən illərlə müqayisədə, qismən də olsa, azalır, amma əvəzində silahla ehtiyatsız davranışa görə şikəst olmalar, həmçinin, ölümlər çoxalır”. Erməni hüquq müdafiəçisi Janna Aleksanyan isə hesab edir ki, son illərdə ordudakı ölümlərin statistikası yüksələn xətt üzrə gedir: “Lakin heç bir ölçü götürülmür. Ordunun keçmiş rəhbərliyi qarşısında bu məsələləri qaldırıb müzakirə etmək mümkün idi. İndiki nazir isə heç nəyə qulaq asmır. Hazırkı rəhbərlik orduya laqeyd münasibət göstərir. Övladı ölmüş valideynlər şikayət üçün Müdafiə Nazirliyinə gələndə onları qapının arxasında saxlayır və dinləmirlər. Belə çıxır ki, onlar əsgərləri yalnız öldürürlər, başqa heç nə etmirlər. Rəhbərlik hətta hərbi hissələrdə cinayətkar atmosferi dəyişməyə, cəzasızlıq mühitini aradan qaldırmağa çalışmır”. J.Aleksanyan deyir ki, orduda sağlamlığa görə ölüm sayları da artıb: “Xəstə gəncləri bilə-bilə əsgərliyə çağırırlar, çünki onlar məmur övladlarının yerinə hərbi xidmət keçməlidir. Siz heç bilirsinizmi ki, hakim Respublika Partiyası məmur övladlarının hərbi xidmətə getməməsi üçün qanun layihəsi hazırlayır?! Onlar özlərini sığortalamaq üçün mümkün olan hər şeyi edirlər. Bütün bunlar Qarabağ faciəsindən doğan nəticələrdir. Ümumiyyətlə, bu münaqişənin uzanması Ermənistana çox böyük ziyan vurur. Amma təəssüf ki, yaxın dönəmdə həll perspektivi də görünmür. Belə vəziyyətdən məmnun qalan isə yalnız hakimiyyətdə özünə yer edənlərdir”.
Erməni yazar Tevos Arşakyanın “Armenianreport.com” saytında dərc olunan məqaləsində isə vurğulanır ki, Qarabağ münaqişəsi Serj Sarksiyana, onun komandasına yalnız var-dövlətlərini artırmaq üçün lazımdır. O qeyd edir ki, məhz bu münaqişə nəticəsində, Sarksiyan da daxil olmaqla, generalitet varlanır və cəmiyyətin nəzarətində olmaq onlara sərf etmir. Onun sözlərinə görə, Serj Sarkisyan hər dəfə kameralar qarşısında çıxışı zamanı erməni ordusundan, onun gücündən danışmağı çox sevir: “Nəzarətsiz hakimiyyətin bütün gözəlliklərindən dadan Sərkisyan bu illər ərzində sadəcə elementar yığımla məşğul olub. Bununla da o, ordunun taleyini bəslədiyi generalların insafına buraxıb. Əvvəlcə bu iş üçün rəhbərliyi dəstəkçisi Seyran Ohanyana, sonra isə özünə sadiq olan Vigen Sarkisyana tapşırıb. Təbii ki, nəticə özünü uzun müddət gözlətmədi. Hesablaşma zamanı keçən ilin aprelində çatdı. O zaman azərbaycanlılar qəfil zərbə nəticəsində Qarabağətrafı ərazilərin geniş sahəsini tutmağı bacardı. Aprel fiaskosundan sonra hökumət müəyyən nəticələr çıxardı, Müdafiə Nazirliyindəki bir sıra hərbçi və rütbəlilərin buraxdıqları səhvə və oğurluqlara görə “kəlləsi vuruldu”. Xalqın narazılığını aşağı salmaq üçün Sarkisyan hətta Ohanyanla da ayrılmalı oldu.
Lakin erməni ordusunun vəziyyəti ilə bağlı keçən il dəhşətli həqiqətləri ortaya çıxarmağımıza baxmayaraq, biz hələ də ordunun parçalanma səviyyəsini tam anlamırdıq. Lakin bu o demək deyil ki, bunu generallar və hökumət tərəfindən ordunun məhv olunmasını sakit şəkildə izləməyəcək peşəkar hərbçilər də anlamırdı. Bizim hamımız üçün yenilik, həm də erməni kəşfiyyat-diversiya bölüyünün əsasını qoyan şəxs - Vova Vardanovun bir müddət öncə “1in.am” saytına dedikləri oldu. O bildirdi ki, ordudakı ölümlərin yarısı hərbçilərin silahla ehtiyatla davranmamasının nəticəsidir. Vardanovun sözlərinə görə, aprel döyüşləri zamanı düşmən maneəsiz şəkildə böyük qrupla birgə bizim arxamıza keçməyi bacarıb. Əsl döyüşçüyə, peşəkar kəşfiyyatçıya inanmamaq üçün bizim heç bir əsasımız yoxdur. Onun hər sözündə bizim ordunun, gənc uşaqların ağrıları hiss olunur, hansı ki, azərbaycanlıların fəaliyyəti ucbatından yox, ordunu sadəcə yemləmə məkanına çevirmiş komandirlərin diqqətsizliyinə görə həlak olurlar. Nəticədə ordu bizim postların burnunun ucunda mühəndis fəaliyyəti apararaq əraziləri minalardan təmizləyən azərbaycanlıların hücumu zamanı sadəcə yatmışdı. Axı azərbaycanlılar görünməz papaqla işləmirdi. Bəs ordunun kəşfiyyatı hara baxırdı? İstehkam qüvvələri nə ilə məşğul olurdu? Nəhayət hərbi əks-kəşfiyyatçılar harada idi? Belə çıxır ki, azərbaycanlılar rahatlıqla minalı əraziləri təmizləyib, bizim mövqelərimizə arxadan zərbə endiriblər, amma bizdən bunu heç kim müəyyən edə bilməyib? Böyük ehtimalla belə də olub.
Bəs nəyə görə belə olub? Ona görə ki, zabitlər yalnız varlanmaq, əsgərlər isə ordunun qarət olunduğunu görərək düşmənin mümkün hücumu haqqında yox, nə zaman tərxis olunacaqları barədə düşünürlər. Vova Vardanyan tərəfindən deyilənlər növbəti dəfə bizə göstərir ki, bizim orduda elementar özbaşınalıq hökm sürür. Situasiya dərinləşir və ictimaiyyətin ordu üzərində tam nəzarəti olmadan, o, hüquq müdafiəçiləri tərəfindən yoxlamalar üçün tam qapalı olacaq. Generalitet varlanır və ictimaiyyət tərəfindən nəzarət ona gərək deyil. Bununla belə, rütbəli insanlar həm də mövcud dövlət strukturları tərəfindən olan yoxlamalardan qorxmur. Yaxın zamanlarda keçənilki kimi qaçdı-qovdu olmayacaq. Ona görə ki, rejimə 2018-ci ilin apreli ərəfəsində döyüşkən yox, itaətkar ordu lazımdır. Bu da o deməkdir, 2016-cı ilin aprelindən heç bir nəticə çıxarılmayıb. Azərbaycanlıların istənilən istiqamətdə müdaxiləsini görə bilərik. Bu isə müdaxilə yox, daha çox azərbaycanlıların korrupsiya ilə parçalanmış ordunun arxasına təhlükəsiz gəzintisi olacaq”.
Bunlar fonunda son dövrlərdə erməni cəmiyyətində münaqişə kontekstində müşahidə olunan hadisələrdən biri də Ermənistandan olan hərbçilərin xidmət üçün Dağlıq Qarabağa göndərilməsinə edilən etirazların açıq müstəviyə keçməsidir. Bu xüsusda “Qraparak” qəzetində yer alan fikirlər Ermənistan hakimiyyəti üçün şok effekti yaradıb. Buna səbəb qəzetin anonim hərbi qulluqçuya istinadən “Ordu-millət və qorxaqlar” adı ilə yayımladığı müsahibədir. Hakimiyyət nümayəndələri qəzetdən müsahibəni verən anonim hərbi qulluqçunun adının açıqlanmasını tələb edir. Lakin redaksiya rəhbərliyi təhlükəsizlik baxımından müsahibin adını açıqlamaqdan boyun qaçırıb. “Qraparak”a danışan hərbi qulluqçu Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşdirilən erməni hərbi bölmələrinin birində xidmət edir. Adı açıqlanmayan hərbi qulluqçu ordudakı kütləvi rüşvət və əsgərlərə məxsus ərzağın qara bazarda satılması hallarından danışıb. O, Ermənistan ordusu haqda iki sirri açıqlayıb. Bunlardan birincisi odur ki, əsgərlər Ermənistanın hərbi komissarlığına çağırılır və tanınmayan “DQR”ə xidmət etməyə göndərilir. Azərbaycan dəfələrlə bu faktı gündəmə gətirsə də, Ermənistan Qarabağdakı işğalçı ordunu “özünümüdafiə gücləri” olaraq təqdim edir. “Qraparak”ın yayımladığı müsahibə isə Azərbaycanın dediklərinin erməni cəmiyyətində təsdiqidir. Elə hakimiyyətdə narahatlıq və narazılığın əsas səbəblərindən biri də məhz budur.
Bundan əlavə, qəzetin təqdim etdiyi materialda anonim hərbi qulluqçu açıq şəkildə bildirir ki, Ermənistan ordusunda oğurluq daha geniş vüsət alıb. Eyni zamanda əsgərlərə keyfiyyətsiz ərzaq verilir. Hərbi qulluqçular öz valideynlərindən corab, diş pastası, alt paltarı və məişətdə istifadə olunan digər ləvazimatları göndərməyi xahiş edirlər. Anonim hərbi qulluqçu qeyd edib ki, ailələrin göndərdiyi bağlamanı almaq istəyən əsgərlərin hər biri bu işə nəzarət edən zabitə 1000 dram pul ödəməlidir. Əks təqdirdə bağlama əsgərə verilmir. Əslində, erməni ordusunda bu reallıqların olması əvvəldən də məlum idi. Lakin bu qəbildən olan məlumatların cəmiyyətdə hakimiyyətdən artan narazılıq fonunda yenidən aktuallaşdırılması Serj Sarkisyan iqtidarını indiki durumda çox qorxudur. Amma erməni mediası yazır ki, hakimiyyətin narazılığına baxmayaraq, indi ordu ilə bağlı daha çox neqativ faktlar açıqlanır. “Aravot” qəzeti öz mənbələrinə istinadən yazır ki, belə neqativ məqamlardan biri də Ermənistan ordusunu kriminallaşmış “zabit elitası”nın idarə etməsidir. Bildirilir ki, hələ keçmiş müdafiə naziri Seyran Ohanyanın dövründə ordu içində qurulan “kriminal şəbəkə” bu gün Vigen Sarkisyanın rəhbərliyi altında da fəaliyyətini sürdürür. Belə vəziyyətdə Azərbaycanın Qarabağ məsələsində istədiyinə hərb müstəvisində asanlıqla nail olacağı da açıq şəkildə vurğulanır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.