Fikrət Sadıqov: “Pakistanın Azərbaycanla yanaşı, Türkiyə ilə də münasibətləri çox yüksək səviyyədədir”
Məlum olduğu kimi, Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun, Pakistan xarici işlər naziri Xavaca Məhəmməd Asifin və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə üç ölkə xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçirilib.
Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib. Nazirlər Azərbaycan, Pakistan və Türkiyənin müvafiq regionlarda əhəmiyyətli və strateji rolunu vurğulayıblar və üç ölkə arasında tarixi əlaqələri qeyd edərək, qarşılıqlı faydalı əməkdaşlıq baxımından ümumi bazanın və geniş potensialın mövcud olduğunu bildiriblər.
Tərəflər dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörmət və qəti dəstəyi bir daha bəyan ediblər.
Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, qəbul etdikləri birgə bəyanatda ümumi maraq kəsb edən regional və qlobal məsələlər ətrafında üç qardaş dövlət arasında mütəmadi məsləhətləşmələrin davam etdirilməsi, həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində maraqlı və hazırlıqlı olduqlarını bildiriblər.
Adətən qardaş ölkə ifadəsi Türkiyə və Azərbaycan münasibətlərində işlədilir. İlk dəfədir ki, rəsmi səviyyədə üç qadaş dövlət ifadəsi bəyan edilir. Ümumən bu ifadə nə deməkdir və ekspertlər buna necə yanaşır?
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, bu, üç ölkə arasında münasibətlərin çox yaxın olmasının göstəricisidir: “Türkiyənin Azərbaycanla qardaş, müttəfiq dövlət olması bir faktdır. Eyni zamanda, bu, uzun illər ərzində sınaqdan da keçib. Pakistan isə son illər ərzində Azərbaycanla müttəfiq bir dövlətdir. Sirr deyil ki, Pakistanın Ermənistanla heç bir diplomatik münasibətləri yoxdur. Sözügedən dövlətlə heç bir əlaqə qurmur. Nəzərə almaq lazımdır ki, rəsmi İslamabadın Azərbaycana münasibəti, Dağlıq Qarabağ məsələsində sərgilədiyi konkret mövqe iki ölkə arasında ikitərəfli əlaqələrin qardaşlıq səviyyəsində olmasını deməyə əsas verir. Pakistan birmənalı şəkildə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini pisləyir. Bunu zaman-zaman rəsmi səviyyədə bəyan edib. Pakistan bəzi dövlətlər kimi Ermənistanın işğalçılıq siyasətinə göz yummur. Sözügedən dövlətin Dağlıq Qarabağ məsələsində mövqeyi son dərəcə açıq və prinsipialdır. Bununla yanaşı, Pakistan Azərbaycanla hərbi-texniki sahədə əməkdaşlıq edir. Silah və digər sahələrdə iki ölkə arasında əməkdaşlıq var. Azərbaycan, ümumiyyətlə, Pakistanla müxtəlif sahələrdə geniş əlaqələrə malikdir. Hesab edirəm ki, bunu daha da dərinləşdirmək lazımdır. Faktiki olaraq bir sıra məsələlərdə Azərbaycanla Pakistanın mövqeyi üst-üstə düşür. O baxımdan, Pakistan qardaş dövlət statusundan əskik bir ölkə deyil. Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, Pakistanın Türkiyə ilə də çox sıx, isti münasibətləri var. Hər iki dövlət arasında çox yüksək səviyyədə münasibətlər mövcuddur. Demək olar ki, bütün sahələrdə Türkiyə ilə Pakistan sıx əməkdaşlıq edirlər. Bütün bunlar da əsas verir ki, üç ölkə arasında münasibətlərin qardaşlıq səviyyəsində olduğunu deyəsən”.
Vidadi ORDAHALLI