Məhəmməd Əsədullazadə: “Nəzərə almaq lazımdır ki, Sarkisyan Dağlıq Qarabağdakı müharibə dalğasında hakimiyyətə gəlib”
Məlum olduğu kimi, gələn ilin aprelində Ermənistan konstitusiyaya uyğun olaraq gözlənilən hakimiyyət strukturlarında dəyişiklik nəticəsində parlament respublikaya keçir. Hazırkı prezident Serj Sarkisyanın prezidentlik müddəti bitdiyindən, yenidən hakimiyyətdə qalmaq üçün baş nazir postuna hazırlaşır. Məlumata görə, bununla bağlı Sarkisyan Rusiyanın razılığını alıb. Çünki Sarkisyan hakimiyyəti Rusiyanın tam iradəsi altındadır və Qarabağ klanı olaraq öz hakimiyyətini Kremlin vasitəsilə gücləndirib.
Ancaq məsələ ondadır ki, bu amilin özü yetərli deyil. Sarkisyanın cəmiyyət içində sosial dayaqları zəifləməkdə davam edir. Ölkədə iqtisadi-sosial vəziyyətin acınacaqlı olması əhalinin Sarkisyana qarşı nifrətini daha da artırır. Faktiki olaraq Sarkisyanın ölkə daxilində nüfuzu xeyli aşağı düşüb. Belə olan halda, özünün yenidən hakimiyyətdə qalmasına qarşı xalqın narazılığını önləmək üçün cəbhədə müəyyən təxribatlara gedə bilər. Sarkisyanın siyasətinin uzanması və hakimiyyətdə qalması üçün Qarabağda hərbi gərginliyi vaxtaşırı qızışdırması təsadüfi deyil. Ermənistan cəmiyyətində ciddi şəkildə siyasi narazılıq hökm sürür. Bu ölkədə daxili iqtisadi vəziyyət getdikcə gərginləşir. Ona görə də Sarkisyanın gələn il yenidən hakimiyyətdə qalması üçün çox ciddi daxili narazılıq var. Ermənistanda Qarabağ klanına qarşı böyük nifrət və qəzəb hökm sürür. Bir sözlə, Sarkisyan öz əleyhinə formalaşa biləcək etirazları cəbhədə gərginliyi artırmaqla önləyə bilər.
Maraqlıdır, ekspertlər Sarkisyanın cəbhədə vəziyyəti gərginləşdirəcəyi ehtimalını necə dəyərləndirirlər?
Sözügedən məsələ ilə bağlı fikirlərini “Baki-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, belə bir ehtimal istisna olunmur: “Təbii ki, Sarkisyan öz əleyhinə formalaşa biləcək etirazları cəbhədə gərginliyi artırmaqla önləyə bilər. Hesab edirəm ki, Ermənistanın Avropa İttifaqı ilə bağladığı saziş siyasi-hüquqi məsələləri əhatə etsə də, burada əsas söz sahibi Rusiyadır. Rusiyanın iradəsindən kənarda Sarkisyan xarici siyasət apara bilməz. Sarkisyan zaman-zaman bu metoddan istifadə edib. Əhaliniun artan sosial narazılığını önləmək üçün periodik olaraq cəbhədə vəziyyəti gərginləşdirib. Bir növ, bu, Sarkisyanın zaman-zaman sınaqdan keçirdiyi alətdir. Qarşıdakı parlament seçkilərində də buna əl atacağı ehtimalı böyükdür. Çünki Sarkisyanın hakimiyyəti müxalifətə, ümumiyyətlə, digər qüvvələrə vermək fikri yoxdur. Bu baxımdan o, apreldə baş nazir olmaqda qərarlıdır. Bunun üçün də zəmin formalaşdırmaq üçün cəbhədə vəziyyəti gərginləşdirmək daha optimal variantdır. Nəzərə almaq lazımdır ki, Sarkisyan Dağlıq Qarabağdakı müharibə dalğasında hakimiyyətə gəlib. Rusiya əvvəlcə separatçılara dəstək verərək Dağlıq Qarabağ və ətraf rayonların işğal olunmasına yardım etdi. Bunun nəticəsində Robert Köçəryan başda olmaqla Sarkisyan və digər separatçıların Ermənistanda nüfuzu artdı. Daha sonra keçmiş prezident Levon Ter-Petrosyanın “Mərhələli sülh” planına razılıq verməsi Rusiyaya imkan yaratdı ki, Petrosyanı devirib bu qüvvələri hakimiyyətə gətirsin. Nəticədə 1998-ci ildən Ermənistanda Qarabağ klanı hakimiyyətdədir. O vaxtdan Ermənistan, ümumiyyətlə, müstəqil siyasət yeritməkdən məhrum olub. O üzdən, Rusiya nə desə o da olacaq. Yəni Sarkisyanın baş nazir olmaqdan ötrü cəbhədə vəziyyəti gərginləşdirəcəyi ehtimalı böyükdür”.
Vidadi ORDAHALLI