Öz həmsədrliyindən istifadə etməklə Azərbaycan İstanbul Prosesinin qarşıya qoyduğu məqsədlərə çatması istiqamətində bütün mümkün töhfələri verib. “Trend”in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda VII Nazirlər Konfransında çıxışı zamanı deyib.
XİN başçısı bildirib ki, 2011-ci ildə təsis olunduqdan bəri "Asiyanın Qəlbi – İstanbul Prosesi” istər prosesdə iştirak edən dövlətlər, istərsə də prosesə dəstək verən dövlət və təşkilatların Əfqanıstanda və regionda vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş səylərinin möhkəmləndirilməsi baxımından səmərəli çoxtərəfli platforma kimi özünü sübut edib: "Bu platforma regionda və regiondan kənarda yerləşən dövlətlər arasında dialoq və əməkdaşlıq yolu ilə Əfqanıstanda sülh, sabitlik və rifahın əldə edilməsi üçün nadir imkan yaradır. Bu gün biz İstanbul Prosesinin həmsədri kimi öz missiyamızı yekunlaşdırırıq. Buna baxmayaraq, Azərbaycan ikitərəfli səylər və müxtəlif çoxtərəfli platformalar vasitəsilə Asiyanın Qəlbi regionunda sabitliyi, sülh şəraitində yenidənqurma səylərini və inkişafı dəstəkləməyə davam edəcək. Öz həmsədrliyindən istifadə etməklə Azərbaycan Prosesin qarşıya qoyduğu məqsədlərə çatmaq istiqamətində bütün mümkün töhfələri verib. 2017-ci ildə biz Bakı və Nyu York şəhərlərində Yüksək vəzifəli məmurların görüşlərini, eləcə də Narkotiklərlə Mübarizə və Regional İnfratstruktur üzrə Etimad Quruculuğu Tədbirləri çərçivəsində ekspertlərin görüşlərini təşkil etmişik. Biz inanırıq ki, təhlükəsiz, özünəinamlı və özünü təmin edə bilən Əfqanıstan regionun daha yaxşı gələcəyində mühüm rol oynaya bilər. Məhz buna görə də Azərbaycan Əfqanıstanın dayanıqlı dövlət qurmaq səylərini ardıcıl olaraq dəstəkləyib, əfqan rəsmiləri üçün geniş miqyaslı hərbi, dövlət idarəçiliyi, hüquq-mühafizə, minalardan təmizləmə, tibbi və reabilitasiya sahələri üzrə təlimlər təşkil edib və elektron idarəçilik və ictimai xidmətlərin çatdırılması üzrə öz təcrübəsini Əfqanıstanla paylaşıb. Bu gün bizim hərbçilərimiz Qətiyyətli Dəstək Missiyasında xidmət edir və biz Əfqanıstan Milli Ordusuna yardımlarımızı davam etdiririk".
E.Məmmədyarov vurğulayıb ki, Azərbaycanın regionun nəqliyyatla birləşdirilməsi sahəsindəki töhfələri Əfqanıstan və ümumilikdə regionun yeni regional bazarlara çıxması və beynəlxalq ticarət şəbəkələrinə qoşulması üçün yeni imkanlar yaradır: "Bu yaxınlarda açılışı həyata keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti və bu ğun burada iştirak edən 5 dövlətin imzaladığı Lapis-Lazuli müqaviləsi regionda əmtəə və sərnişinlərin rahat hərəkətinə imkan yaradacaq. Gürcüstan və Azərbaycandan başlayaraq Xəzər dənizi vasitəsilə Orta Asiyaya qədər uzanan geniş coğrafi region dünyanın ən böyük təchizat və tələb bazarlarını birləşdirən qitələrarası ticarət marşrutları üzərində yeni rəqabətədavamlı ticarət və tranzit arteriyasına çevrilib. Bu baxımdan, biz inanırıq ki, Lapis-Lazuli müqaviləsi sadəcə Əfqanıstanı Avropa bazarlarına yaxınlaşdırmaqla məhdudlaşmayaraq, həmçinin regionda beynəlxalq ticarətin dəstəklənməsində mühüm rol oynayacaq".
Nazir həmçinin əlavə edib ki, münaqişənin problemlərini bilavasitə öz üzərində hiss etməli olan Azərbaycan uzun müddətdən bəri qonşu Ermənistanın hərbi təcavüzündən əziyyət çəkən ölkə kimi sülh, təhlükəsizlik və sabitliyin dəyərini çox gözəl dərk edir: "Biz hesab edirik ki, yalnız beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət regionda davamlı sülh, təhlükəsizlik və sabitliyin təminatçısı ola bilər. “Təhlükəsizlik və iqtisadi inteqrasiya yolu ilə möhkəmləndirilmiş Asiyanın Qəlbi regionuna doğru” mövzusunda keçirilən bügunkü konfrans yalnız təhlükəsizlik və iqtisadi baxımdan biri-biri ilə inteqrə olmuş regionun gələcəkdə ortaya çıxacaq istənilən çağırış və təhdidlərə müqavimət göstərə biləcəyi ilə bağlı baxışımızı əks etdirir. Biz ümidvarıq ki, bugünkü konfransın yekununda qəbul etməyi planlaşdırdığımız Bakı Bəyannaməsi regionumuzun bu ğun üzləşdiyi çağırış və təhdidlərin aradan qaldırılması istiqamətində çox mühüm sənəd olacaq. Çıxışımı yekunlaşdırmazdan əvvəl mən 2018-ci ildə “Asiyanın Qəlbi – İstanbul Prosesi”nə həmsədrlik edəcək qardaş Türkiyəyə uğurlar arzulayıram".
Qeyd edək ki, “Asiyanın Qəlbi - İstanbul Prosesi” regionda sabitlik, sülh və çiçəklənmənin təşviqi və Əfqanıstanın bütün region ilə bağlantısının genişləndirilməsi üçün siyasi dialoq və sıx regional əməkdaşlıq üçün vacib regional platformadır.
“Asiyanın Qəlbi - İstanbul Prosesi”ndə iştirak edən dövlətlər və təşkilatlar sırasına Əfqanıstan İslam Respublikası, Azərbaycan Respublikası, Çin Xalq Respublikası, Hindistan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Pakistan İslam Respublikası, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan Respublikası, Türkiyə Respublikası, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatı daxildir. Bu proses çoxsaylı digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Regional sülh, sabitlik və çiçəklənməyə töhfə vermək əzminə və Əfqanıstanla ənənəvi dostluq əlaqələrinə malik olan Azərbaycan 2012-ci ildə “Asiyanın Qəlbi - İstanbul Prosesi”nə qoşulub.
Məhəmməd Əşrəf Qani: “Azərbaycanın cəsur əsgərləri Əfqanıstanda sülh missiyasına böyük töhfə verib”
Azərbaycanın cəsur əsgərləri Əfqanıstanda sülh missiyasına böyük töhfə verib. Bunu Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Bakıda “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda VII Nazirlər Konfransında çıxışı zamanı deyib.
Əfqanıstan dövlət başçısı qeyd edib ki, liderlik, siyasi iradə iki ölkəni milli təhlükəsizliyi qoruyan tərəfdaşlara çevirəcək: "Sizin qorxmaz əsgərləriniz Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri və Qətiyyətli Dəstək Missiyası çərçivəsində öz töhfələrini veriblər".
Əfqanıstan Prezidenti Azərbaycanın bu ölkəyə hərbə dəstəyi artırmaq qərarını alqışlayıb: “Siz bizim problemlərimizi dərindən anlamısınız. Siz bizə ən yaxşı texniki yardım vəd etmisiniz və mən səbirsizliklə investisiyaların qarşılıqlı təşviqi barədə sazişin, eləcə də ölkələrimiz arasında digər sazişlərin imzalanmasını gözləyirəm”.
Əfqanıstanın 9 vilayəti İŞİD terror təşkilatının döyüşçülərindən azad edilib. Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Bakıda “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda VII Nazirlər Konfransında çıxışı zamanı bunu deyib.
M.Ə.Qani bildirib ki, "Taliban" hərəkatının gələcəyi yoxdur, onlar məğlub olacaq.
Dövlət başçısı ölkəsinin BMT-nin terrorizmlə mübarizə üzrə bütün sənədlərini yerinə yetirdiyini qeyd edib: "Bu təkcə Əfqanıstanın problemi deyil. Terrorizmlə mübarizəyə qarşı bütün dövlətlər birləşməlidir".
O deyib ki, son vaxtlar İŞİD-in Əfqanıstanda təsirinin yayılmasının qarşısı alınıb: "9 vilayət artıq terrorçulardan azad olunub. Bu istiqamətdə səyləri artırmaq lazımdır".
"Azərbaycan Prezidentinin müdafiə sahəsində dəstəyin artırılmasına dair bəyanatını alqışlayırıq"
"Azərbaycan xalqına və prezidentinə təşəkkür edirik ki, bu tarixi məqamda Bakıda bizi qəbul edirsiniz". Bunu da Əfqanıstan prezidenti Əşrəf Qəni Bakıda “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində keçirilən Nazirlər Konfransında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan prezidentinin rəhbərliyi ilə Şimal-Cənub dəhlizinin açılması istiqamətində görülən işləri yüksək qiymətləndiririk. Bu, "Lyapis Lazur" nəqliyyat xəttinə qoşulmaq imkanı yaradır, regional və qlobal səviyyədə bağlantılara xidmət edir. Azərbaycan əsgərləri bizim təhlükəsizliyimizə töhfə verir və biz Azərbaycan prezidentinin müdafiə sahəsində dəstəyin artırılmasına dair bəyanatını alqışlayırıq.
Azərbaycanda ÜDM-in 5,3 faizdən 2017-ci ilə qədər 5 qat artması sabitlik və firavanlığın təmin olunmasında əsas şərtdir. Siz bizə texniki yardımın ən yaxşı formasını təklif edirsiniz. İnvestisiyaların qarşılıqlı müdafiəsi və digər sahələrdə sazişlərin imzalanmasını səbrsizliklə gözləyirəm".
Çavuşoğlu: “Asiyanın Qəlbi - İstanbul Prosesi” zamanla səsləşən və aktual bir hadisədir
“Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində görüş zamanla səsləşən və aktual bir hadisədir. “Trend”in məlumatına görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda VII Nazirlər Konfransında çıxışı zamanı deyib.
Nazir bildirib ki, bu, Əfqanıstanda sülhün təmin olunması üzrə birgə işə iştirakçı ölkələrin kollektiv dəstəyini gösətirir.
Zərif: “İstanbul Prosesi regional əməkdaşlığa töhfə üçün cəhddir”
“Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda VII nazirlər konfransının keçirilməsi əslində, region ölkələri arasında əməkdaşlığı artırmaq və onlara töhfə vermək üçün, xüsusilə Əfqanıstanın təhlükəsizlik məsələsində və onun iqtisadi dirçəlişində bir cəhddir.
“Trend”in məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, İran bu prosesdə lap əvvəldən iştirak edib və bu konfransda da fəal iştirak etdi: "Bizə cox vacib olan məsələ Əfqanıstanda sülh yaratmaqdır".
“Azərbaycana İstanbul prosesinə ev sahibliyi etdiyi üçün təşəkkür edirəm, növbəti tədbirə ev sahibliyi edəcək Türkiyəyə uğurlar arzulayıram”. Bunu daİranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransında deyib.
Nazir bildirib ki, Əfqanıstan son illərdə bır sıra nailiyyətlər əldə edib: “Lakin xarici qüvvələrin, İŞİD-in təhdidi ilə üzləşib. İŞİD təhlükəli niyyətlərə malikdir. Bu isə bizim birgə səylərimizi tələb edir. Bu problemin həlli ölkələrin birdə səyləri nəticəsində mümkündür. Münaqişə hərbi yolla həll oluna bilməz. Müfəssəl və inklüziv strategiya lazımdır. İnklüziv strategiya olmasa, davamlı sülhə nail olmaq mümkün deyil. Çalışmalıyıq ki, Əfqanıstanda sülhə nail olunsun”.
Zərif əlavə edib ki, İran Əfqanıstanla narkotiklərin Avropaya daşınmasının qarşısının alınmasında əməkdaşlıq edir: “Çalışmalıyıq ki, problemi kökündən həll edək. Əhalimizi bu ölümcül maddələrin qurbanı olmaqdan qoruyaq. Bunun üçün həm də Əfqanıstanın iqtisadi potensialını genişləndirməliyik. Hazırda malların İran vasitəsilə daşınması və Çabahar limanına çatdırılması istiqamətində işlər gedir. Həmçinin dəmiryollarının inkişafına dair təşəbbüslər də var. Bu, Əfqanıstanın beynəlxalq limanlara çıxışını artıracaq. İran Əfqanıstanın yanındadır və sabit Əfqanıstanın qurulmasında bu ölkəni dəstəkləyir”.
Nazirin sözlərinə görə, İranla Azərbaycan arasında yaxşı münasibətlər mövcuddur: “Nazirlər görüşündən əlavə, Azərbaycan Prezidenti İlham Əliyevlə gözəl söhbətimiz baş tutdu. Bu söhbət zamanı ikitərəfli və beynəlxalq münasibətlər müzakirə olunub”.
Nazir əlavə edib ki, Azərbaycan İranın yaxşı qonşusudur və münasibətlərin inkişaf etdirilməsi davam edəcək.
Əfqanıstanda narkotiklərin daşınması davamlı sülhə mane olur
"Asiyanın Qəlbi-İstanbul Prosesi" mənalı dialoq üçün səmərəli müstəvidir. Əfqanıstanda sülh və sabitlik region üçün əhəmiyyətlidir". Bunu isə Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asif Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransında çıxışı zamanı bildirib.
Pakistanın qonşu Əfqanıstanın məruz qaldığı terror hücumlarından narahatlığını ifadə edən nazir qeyd edib ki, Pakistan bu problemin həlli üçün bütün təşəbbüslərə dəstək verəcək: "Əsas məsələ nəzarətsiz ərazilər üzərində nəzarətin gücləndirilməsidir. Bu ərazilərin nəzarətsiz qalması qonşu ölkələrə təhlükə törədir. Terror qrupları region ölkələri üçün ciddi problemdir".
O bildirib ki, Pakistan həmişə Əfqanıstana dəstək verir: "Əfqanıstandan narkotiklərin qanunsuz daşınması davamlı sülhə mane olan ən mühüm problemdir. “Taliban”la siyasi dialoq İŞİD-lə mübarizədə kömək edəcək".
Qeyd edək ki, "Asiyanın Qəlbi-İstanbul Prosesi" artıq öz işini başa vurub və sonda Bakı Bəyannaməsi qəbul olunub. Eyni zamanda, növbəti tədbirin Türkiyədə keçirilməsi qərara alınıb.
Xəbər xidməti