İnsanların özləri kimi taleləri də, alın yazıları da müxtəlifdir. Hər bir insan öz Vətənində, doğulduğu torpaqda yaşamaq, ölmək istəyər. Ancaq bu da hər kəsə qismət olmur. Bir sözlə, kimin qismətinə Vətəndə yaşamaq düşür, kimin də alnına qürbətdə ömür sürmək yazılır. Qürbətin üzü sərtdir. Vətəndən qərib ellərə üz tutan insanların ürəyində həmişə gerçək bir həsrət olur. Şair demişkən: “Üzü bozdur həsrətin”.
Xaricdə yaşayan soydaşlarımız Vətəndən uzaqlarda yaşasalar da, onlar Azərbaycanın adını yaşadırlar. Xaricdə yaşayan hər bir azərbayanlı yaşadığı ölkə ilə Vətəni arasında etibarlı bir körpü rolu oynadığını yaddan çıxarmır. Tarixən Azərbaycandan xarici ölkələrə, xarici ölkələrdən də Azərbaycana insanlar köç edib. Hərə səadətini bir diyarda axtarsa da, son ucda Vətən naminə xidmət etməyin daha vacib olduğunu hiss edirlər. Tarixə nəzər salsaq görərik ki, Azərbaycandan xarici ölkələrə hələ keçən əsrin əvvəllərindən insanlar köç etməyə başlayıblar. Burada ən incə məqam odur ki, Vətəndən qürbətə gedənlər və əsasən geri qayıtmayanlar təhsil almaq məqsədilə buranı tərk edənlərdir. Avropa və Amerikanın, sonrakı mərhələdə Rusiyanın, Türkiyənin ayrı-ayrı şəhərlərinə köç edən azərbaycanlılar yalnız təhsil almaqla, karyera qurmaqla kifayətlənməyiblər, onlar Azərbaycanın təbliğı ilə bağlı işlər aparıblar. Məlumdur ki, tək əldən səs çıxmaz. Azərbaycanla bağlı təbliğata xaricdə yaşayan yüzlərlə soydaşımız qoşulub. Bu da xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasına səbəb olub. Məlumdur ki, soydaşlarımız diaspor quruculuğuna keçən əsrin əvvəllərindən başlayıblar. Bu işə bir tərəfdən rəvac verən Azərbaycan Xalq Cumhuriyyəti hökumətində təmsil olunan şəxsiyyətlər idi. O şəxsiyyətlər ki, müstəqil Azərbaycan dövlətinin qurulmasının sevincini, süquta uğramasının isə ağrısını yaşayırdılar. Sirr deyil ki, uzun illər xaricdə yaşayan azərbaycanlılar özlərini təsdiqləmək üçün həmin ölkələrin mədəni, ictimai-siyasi həyatına qaynayıb-qarışıb və aktivlik göstəriblər. Soydaşlarımızın həmin ölkələrin cəmiyyətinə, həyatına inteqrasiyası nəticəsində orada Azərbaycan diasporu yaranıb. Azərbaycanlıların təşkilatçılığı və həmrəyliyi ilə yaradılan diaspor qurumlarının aktiv fəaliyyəti son 20 ildə daha çox nəzərə çarpır. Bəlkə ondan əvvəl xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr zəif olduğundan, əsasən onların əvvəlki fəaliyyəti haqqında məlumatımız məhduddur. Oxuduqlarımızdan məlum olur ki, Azərbaycanın diaspor tarixinin yaranmasında tarixi şəxsiyyətlərimiz əhəmiyyətli rol oynayıb. Keçən əsrin ortalarında, daha dəqiq desək, 1949-cu il fevralın 1-də Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan Kültür Dərnəyi təsis edilib. Məlumatlara görə, bununla da dünyada Azərbaycan diasporunun təşkilatlanması sahəsində ilk təşəbbüs olub. Daha sonra 1956-cı ildə Azərbaycan Xalq Cumhuriyyətinin ilk milli təhlükəsizlik naziri olmuş Nağı bəy Şeyxzamanlının oğlu Saleh bəy Şeyxzamanlı ABŞ-da Amerikanın Azərbaycan cəmiyyətini təsis edib. XX əsrin ortalarından başlayaraq xaricdə yaşayan azərbaycanlıların, soydaşlarımızın şəbəkələnməsi, bir araya gələ bilməsi və həmrəyləşməsi istiqamətində təşkilatlarının yaradılmasının ilk qədəmləri qoyulub. Bunlar əlbəttə, təqdirəlayiq haldır. Bayaq qeyd etmişdik ki, illər əvvələ qədər xaricdə yaşayan və diaspor fəaliyyəti ilə məşğul olan, lobbiçilik aktını həyata kleçirən soydaşlarımızınm fəaliyyəti elə də işıqlandırılmadığından, bu haqda müfəssəl danışa bilmirik.
Gizlin deyil ki, xaricdə yaşayan azərbaycanlıların daha sıx birləşməsində, həmrəylik bayrağı altında bir araya gəlməsində, onların təşkilatlanmasında xalqımızın böyük oğlu, Azərbaycan Respublikasının sabiq prezidenti mərhum Heydər Əliyevin böyük rolu olub. H.Əliyev hakimiyyətə gələnə qədər heç kəsi xaricdə yaşayan azərbaycanlıların taleyi, onların orada göstərdiyi lobbiçilik fəaliyyəti maraqlandırmırdı. Heydər Əliyev isə, əksinə, xaricdə yaşayan soydaşlarımızla daha sıx əlaqə yaratmağa və onları bir bayraq altında birləşdirməyə nail oldu. H.Əliyev müstəqil Azərbaycan dövlətinin dünya azərbaycanlılarının Vətəni olduğunu dönə-dönə qeyd edirdi. Söz yox ki, hər bir azərbaycanlı Azərbaycan Respublikasına öz doğma evi, ata-ana yurdu kimi yanaşır. Yer üzünün dörd bir yanına səpələnən azərbaycanlıların müstəqil Azərbaycan dövləti ilə əlaqələrinin təməlinin qoyulmasında H.Əliyevin irəli sürdüyü təşəbbüslər, onun bu istiqamətdə həyata keçirdiyi siyasət müsbət nəticə verdi. Dünya azərbaycanlıları arasında həmrəyliyi, milli birliyi daha da möhkəmləndirmək və onları Azərbaycana daha da sıx bağlamaq məqsədilə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi təqdirəlayiq hadisə idi. Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında 2001-ci ilin may ayınn 23-də H.Əliyevin verdiyi Sərəncam bu sahədə atılan ən mühüm addımlardan biri kimi tarixə düşdü.
Mütəxəssislərin sözlərinə görə, 2001-ci il noyabr ayının 9-u və 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil olub. I Qurultayda 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak edib. Bu qurultayda Azərbaycan Respublikası 130-dan çox dövlət və ictimai qurum, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan, 25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaqla təmsil olunurdu.
Yeri gəlmişkən, H.Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən xaricdə yaşayan azərbaycanlıların taleyi ilə ciddi maraqlanır, onları bir araya, bir ocaq başına toplamaq arzusunda idi. Bilirik ki, Azərbaycan diasporunun yaranması tarixində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis olunması ideyası Heydər Əliyevə məxsusdur. Məlumdur ki, 1991-ci ilin sonlarında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlıları arasında birliyin daha da möhkəmləndirilməsinin əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Naxçıvan Ali Məclisində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Təklif yekdilliklə qəbul olundu və Azərbaycan Ali Soveti qarşısında eyni addımın atılması təşəbbüsü qaldırıldı. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü hər il böyük bayram kimi qeyd edilir. Onu da vurğulayaq ki, H.Əliyev ilk dəfə olaraq 1997-ci ilin martında Prezidentin İcra Aparatı İctimai-siyasi şöbəsində xaricdə yaşayan soydaşlarımızla əlaqələr üzrə sektoru da yaratdı. Sevindirici haldır ki, xaricdə yaşayan azərbaycanlıların həmrəylik ideyasının kökü sağlam düşüncəyə söykəndiyi üçün, hazırda bu sahədə xeyli nailiyyətlər əldə olunub. Sirr deyil ki, bu gün xaricdə yaşayan, işləyən, təhsil alan hər bir azərbaycanlı Azərbaycanın səsinə çevrilib. O da faktdır ki, yaşadığımız dövrdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementinə çevrilir. Bu gün Azərbaycan Dağlıq Qarabağ problemini yaşayır və bu problemin xarici ölkə ictimaiyyətinə çatdırılması, bu sahədə mütəmadi təbliğat aparılması işinin bir hissəsi diasporun üzərinə düşür. Azərbaycan çoxmillətli dövlətdir, burada multikultural dəyərlər yüksək səviyyədə qorunur. Respublikamızda, sözün əsl mənasında, xalqlar dostluğu mövcuddur. Hətta vaxtilə Azərbaycandan xaricə köçən başqa millətlərin təmsilçiləri də azərbaycançılıq və Azərbaycan mövqeyindən çıxış edirlər. Məlumdur ki, xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirib. Artıq xaricdə yaşayan azərbaycanlıların təşkilatlanma prosesi özünü yeni mərhələdə göstərir. Son vaxtlar diaspor quruculuğu və lobbiçilik fəaliyyətində daha çox irəliləyiş var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xaricdə yaşayan azərbaycanlılarla bağlı həyata keçirdiyi siyasət öz bəhrəsini verir. İlham Əliyev mütəmadi olaraq xaricdə yaşayan azərbaycanlılarla maraqlanır, onların fəaliyyətini yaxından izləyir. Ölkə başçısı çıxışlarından birində xaricdə yaşayan soydaşlarımız haqqında belə deyirdi: “Hazırda Azərbaycan Respublikası öz inkişafının çox məsuliyyətli bir dövrünə qədəm qoymuşdur. Biz Vətənimizin çiçəklənməsi, qüdrətinin artırılması və suverenliyinin möhkəmləndirilməsi məqsədilə qarşımıza böyük vəzifələr qoymuşuq. Həmin vəzifələrin həlli üçün bütün həmvətənlərimiz, o cümlədən xaricdə yaşayan soydaşlarımız sıx birləşməli, harada yaşamalarından asılı olmayaraq, milli maraqlarımızı qətiyyətlə qorumalı, anti-Azərbaycan dairələrin təxribatçı əməllərinə qarşı prinsipial mübarizə aparmalıdırlar”.
Məlumdur ki, dünya azərbaycanlıları Azərbaycanın haqq səsinin dünyaya yayılmasında, milli və dövlətçilik maraqlarımızın qorunmasında böyük işlər görürlər. Azərbaycanla, Dağlıq Qarabağ problemi, Xocalı vəhşətilə bağlı tədbirlər keçirir, erməni yalanını ifşa edirlər. Bu gün dünyanın bir sıra ölkələrində Azərbaycan diaspor təşkilatlarının aktiv fəaliyyəti, onların erməni lobbisi ilə açıq müstəvidə mübarizə aparması, ermənilərin apardığı yanlış siyasətə qarşı addımlar atdığı məlumdur. Artıq xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız güclənir, həmin ölkələrin dövlət qurumları ilə sıx əməkdaşlıq əlaqələri qururlar. Bu da onların erməni təxribatının qarşısını zamanında almalarına kömək edir.
Xaricdə yaşayan azərbaycanlılar milli maraqlar, milli birlik naminə həmrəy olmağı özlərinə əbədi həyat qayəsi seçiblər. “Güc birlikdədir” deyiminə sadiq qalan soydaşlarımız Azərbaycan naminə hər zaman uğurları əsas məqsəd görürlər. Azərbaycanlılar, harada yaşamasından asılı olmayaraq, orada mədəniyyətimizi, mənəvi dəyərlərimizi təbliğ edir, Vətənin üçrəngli bayrağının müqəddəsliyinə baş əyirlər.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.