Vüqar Qədirov: “Başqa bir verilişdə isə Sarkisyanı atdığı addımlara görə pozğun qadına oxşadıblar”
Ermənistanın ikibaşlı oyun oynaması başına bəla gətirib. Rusiyanın əlaltısı ola-ola Avropa Birliyi ilə imzaladığı sazişdən sonra Rusiyanın, demək olar ki, ən populyar telekanallarında Ermənistan tənqid, hətta təhqir atəşinə tutulur. Rusiyanın birinci kanalında “Zaman göstərər” proqramında da Ermənistanın bostanına daş atılıb.
Polşalı millətçi Tomaş Maçeyçukla jurnalist Maksim Şevçenko arasında erməni mövzusunda ciddi diskusiya yaşanıb. Həmin mübahisə zəminində Şevçenko açıq etiraf edib ki, Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır və onun taleyini Türkiyə, İran və Moskva birgə həll etməlidirlər. Sonra Şevçenko aprel müharibəsini misal çəkərək bildirib ki, Azərbaycanın güclü ordusu var və həmin ordu istənilən çətin tapşırığın öhdəsindən gələ bilər. Proqramın sonuna kimi rusiyalı jurnalist Dağlıq Qarabağ mövzusunda Azərbaycanın mövqeyini müdafiə edib.
Rusiya kanallarında belə obyektivliyin üzə çıxmasının səbəbi nə ilə bağlıdır?
Politoloq Vüqar Qədirovun sözlərinə görə, əslində, belə halların yaranmasında təəccüblü olan fikirlər yox, onların niyə efirə buraxılmasıdır: “Bilirsiniz ki, bu problemin anatomiyasını Rusiya hamıdan gözəl bilir və həlli açarı da onların əlindədir. Dağlıq Qarabağ problemi uzun müddətdir davam edir. Bu səbəbdən də onunla maraqlanan çoxdur. Xüsusilə də Rusiyada bu konfliktlə bağlı çoxlu sayda monoqrafiyalar yazılıb, mətbuatda məqalələr dərc olunub, televiziya verilişləri hazırlanıb. Yəni rus jurnalisti, sadə insanı və ya politoloqu üçün bu mövzu yad deyil. Bilirsiniz ki, birinci kanal dövlətin nəzarətindədir. Orada səslənən hər bir sözü bir neçə yönə yozurlar. Bu baxımdan da dediyiniz fikirlərin efirə buraxılması təəccüblü görünür. Çünki Rusiya faktiki olaraq Ermənistana ağalıq edir. Bəs nə baş verib ki, həmin ölkənin dövlət kanalında belə fikirlərin səslənməsinə şərait yaradılır? Təbii ki, bunun siyasi səbəbləri var. Bu da Ermənistanın atdığı son addımlarla bağlıdır. Ermənistan Rusiyaya arxa çevirib Qərbə kurs götürmək istəyir. Bu da Rusiyanın ürəyincə deyil. Ona görə də belə hallar yaşanır. Ancaq rus jurnalist həqiqəti səsləndirib. Onun kimi adamlar Rusiyada çoxdur. Bu yöndə informasiya dəstəyi verilsə, sizi inandırıram ki, Rusiya mühitində çox tanınmış olan adamlar çıxıb belə açıqlamalar verərlər. Məndə olan məlumata görə, bu, son günlər Rusiya televiziyasında yaşanan ilk hal deyil. Başqa bir verilişdə isə Sarkisyanı atdığı addımlara görə pozğun qadına oxşadıblar. Bir daha sübut olunur ki, ədalət gec də olsa zəfər çalır. Əminəm ki, yaxın zamanlarda Ermənistan bundan da dəhşətli sürprizlərlə rastlaşacaq”.
Məhəmmədəli QƏRİBLİ