Qabil Hüseynli: “İstənilən halda, bizim yaddaşımızda o yaxşı səfir kimi qaldı”
Rusiyanın Azərbaycanda sabiq səfiri Vladimir Doroxin səfirliyin saytında dərc edilmiş müraciətində bildirib ki, o, Azərbaycana səfir təyin ediləndə qarşısına konkret tapşırıq qoyulub: “Mən 9 il əvvəl Azərbaycana dəqiq siyasi təlimatla - münasibətləri hərtərəfli möhkəmləndirmək üçün gəlmişdim”.
Doroxin qeyd edib ki, bu təlimatı yerinə yetirmək onun üçün çətin olmayıb:
“Mənim önümdə qapılar açıq idi. Azərbaycan da Rusiya ilə eyni məqsəd– ikitərəfli münasibətlərin möhkəmlənməsi üçün çalışırdı. Səfirliyin və şəxsən mənim işimə göstərdiyi diqqətə görə azərbaycanlılara minnətdarlığımı bildirirəm. Biz bir-birimizi daha yaxşı başa düşməyi, münasibətlərimizdə olan ən yaxşı şeylərə qiymət verməyi öyrəndik. Rusiya-Azərbaycan münasibətlərinin səmimi xarakterini milyonlarla insan öz üzərində hiss edib”.
Diplomat qeyd edib ki, Rusiya və Azərbaycan miqyasına, mentalitetinə, mədəniyyətinə görə fərqli ölkələrdir.
“Bizim bir çox məsələlərdə müxtəlif siyasi maraqlarımız mövcuddur. Buna baxmayaraq, biz bir-birimizlə yola getməyi öyrənmişik. İnanmaq istəyirəm ki, bütün çətinliklər və yeni çağırışlara baxmayaraq, əldə olunan təcrübə bundan sonra da hər iki ölkə və xalqların maraqları üçün istifadə olunacaq. Sizi əmin edirəm ki, Rusiya həmişə məhz buna can atacaq. Çünki bizim cənub sərhədlərimizdə sabit və çiçəklənən Azərbaycan görməkdən başqa böyük marağımız yoxdur”.
Doroxin Bakıda çalışdığı müddət ərzində Rusiya ilə Azərbaycan arasındakı münasibətləri nə dərəcədə tənzimləyə bildi?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, onun müşahidələrinin nəticəsi olaraq Doroxin yaddaşında yaxşı təsir bağışlayan səfir kimi qalıb: “Biz çox səfirləri görmüşük və müqayisə aparmaq üçün kifayət qədər təcrübəmiz var. Açığını deyim ki, Doroxin digərlərindən çox keyfiyyətlərinə görə fərqlənib. Hiss olunurdu ki, o, Rusiya-Azərbaycan münasibətlərinin yaxınlaşmasını ürəkdən arzulayır. Niyyəti xoş idi. O başqa məsələdir ki, Doroxinin təklikdə etdiyi səy deyilən missiyanı tamamlamağa qadiri idimi? Təbii ki, yox. Çünki Rusiya ilə Azərbaycan arasında elə prinsipial məsələlər var ki, tək Doroxinin gücü ilə bunu həll etmək mümkün deyil. Yəni bir səfir istəsə də bunu edə bilməz. Bizimlə Rusiya arasında olan narazılığın kökündə duran əsas məsələ Ermənistanla bağlıdır. Dağlıq Qarabağ problemi səpkisində Rusiya Ermənistanı qanadının altına alıb, ona olmazın dəstəyini verir. Rusiyanı bu siyasətdən əl çəkməsinə isə Doroxinin gücü çatmazdı. İstənilən halda, bizim yaddaşımızda o yaxşı səfir kimi qaldı. Şəxsiyyəti, özünə qoyduğu hörmət, media ilə normal davranması onun müsbət portretini cızmağa imkan verən amillərdir. Səfirə gələcək fəaliyyətində uğurlar arzulayıram”.
Məhəmmədəli QƏRİBLİ