ABŞ və Türkiyə arasında son dövrlərdə gərgin münasibətlər bu dəfə ABŞ-da həbs edilən İran azərbaycanlısı, məhşur qızıl taciri Rza Zərrab üzündən əsl qarşıdurma mərhələsinə keçə bilər. İrana qarşı sanksiyaları pozaraq bu ölkəyə aid pulları Türkiyə üzərindən “yumaqda” ittiham olunan Rza Zərrabın son addımları Türkiyədə şok effekti yaratmaqdadır. Eyni zamanda, bu şəxsin mövqeyində qəfil dəyişikliklər qardaş ölkədə həm də böyük təəccüblə qarşılanır. Ankarada hesab edilir ki, Rza Zərrab ABŞ-ın xüsusi xidmət orqanlarının əlində Türkiyəyə qarşı istifadə olunur və onun gedişləri FETÖ tətdidlərindən daha təhlükəlidir.
O da maraqlıdır ki, Nyu-York Manhetten dairə məhkəməsində keçirilən prosesdə prokuror müavini David Denton Rza Zərrabın prosessual statusunun dəyişdiyini, təqsirləndirilən şəxs statusundan şahid statusuna keçirildiyini açıqlayıb. Prokuror bildirib ki, Zərrab günahını etiraf edib və istintaqla əməkdaşlığa razılıq verib. O, Zərrabın ifadəsini də məhkəməyə təqdim edib. Zərrab ifadəsində iş üzrə ikinci şübhəli, Türkiyənin dövlət bankı “Halkbank”ın idarə heyəti rəhbərinin müavini Mehmet Hakan Atillanın barəsində bildiklərini açıqlamağa razı olduğunu göstərir. Lakin Hakan Atillanın vəkili Viktor Rokko məhkəmədə bildirib ki, müdafiə etdiyi şəxs Rza Zərrabın qurduğu sxemin qurbanlarından biridir: “Müttəhimlər kürsüsündə oturmalı olduğu halda Rza Zərrab az cəza alma və ya ümumiyyətlə cəzasız qalma ümidiylə prokurorluqla anlaşıb. Prokurorluq Zərrabın kürəyini sığallayır”.
Zərrab isə artıq məhkəmə zamanı Türkiyənin sabiq iqtisadiyyat naziri Zəfər Çağlayana qızıl ilə bağlı razılığa köməklik göstərməsi üçün rüşvət verdiyini bəyan edib. O bildirib ki, Çağlayana 50 milyon avro rüşvət verib. Qeyd edib ki, 2011-ci ildən etibarən ABŞ sanksiyalarından yan keçməyə çalışan İranın tətbiq etdiyi sxem milyardlarla dollar toplamağa və Amerikanın təhlükəsizliyini təhdid etməyə şərait yaradıb. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbuldan seçilən deputatı Burhan Kuzu isə məhz belə bir vaxtda Zərrabla bağlı sensasion sayıla biləcək iddia irəli sürüb.
AKP-li deputat Rza Zərrabın əvvəldən Amerikanın məxfi agenti olduğunu diqqətə çatdırıb. Kuzu Zərrabın birdən-birə ittihamları qəbul etməsinin müəmmalı və qeyri-səmimi olduğunu deyib. O hesab edir ki, ABŞ hökuməti Rza Zərrab işi ilə Türkiyəyə təzyiq etməyə və bu yolla pul qoparmağa çalışır. Hökumət sözcüsü Bəkir Bozdağ da bəyan edib ki, Türkiyə hökuməti Zərrabın ABŞ-da həbs edilməsinin hüquqi deyil, siyasi məsələ olduğunu düşünür. Onun sözlərinə görə, ABŞ həbsdə saxladığı iş adamını Türkiyəyə qarşı ifadələr verməyə məcbur edir: “Daha əvvəl də demişdik, Rza Zərrab məsələsi Türkiyəyə qarşı bir tələdir. Bu işin hüquqi əsası, demək olar ki, yoxdur və siyasidir. 17-25 dekabrda FETÖ-nün edə bilmədiyi hüquq çevrilişinin ABŞ-ın əli ilə təkrarlanmasıdır. Zəhərli ağacın meyvəsi də zəhərli olar. Mövcud olmayan faktlar və sənədlər əsasında guya istintaq aparırlar. Türkiyə bir hüquq dövlətidir və bütün ticarət məsələləri qanun çərçivəsində həyata keçirilir. Hər hansı bir hüquqazidd sövdələşmənin olması mümkün deyil. Bəzi qüvvələri bu yollarla Türkiyənin iqtisadi əlaqələrinə zərbə vurmaq istəməsi də açıq-aydın görünür”. Bozdağ əlavə edib ki, ABŞ təqsirləndirilən şəxslər üzərində təzyiq yaradır: “Onlar indi girov kimi saxlanır və bildirilir ki, bu ifadələri versəniz, cəzanız nə qədər azalacaq. Onları Türkiyə əleyhinə ifadələr verməyə məcbur edirlər. Bir daha bəyan edirəm ki, Türkiyəyə qarşı qurulmuş bu tələnin heç bir hüquqi əsası yoxdur. Onlar Zərrab işindən istifadə edərək Türkiyə üzərinə müəyyən sanksiyalar qoymağa çalışırlar, amma İranla Türkiyə arasında olan ticarət bizim qanunlarımıza və beynəlxalq qanunlara tamamilə uyğundur”. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bundan əvvəl bildirib ki, 17-25 dekabr tələsini aparıb Amerikada qurublar. Qeyd edək ki, 2013-cü il dekabrın 17-25-də Türkiyədə korrupsiya və rüşvət ittihamı ilə bir sıra vəzifəli şəxslər, o cümlədən nazir övladları həbs olunub. Cinayət işi çərçivəsində iranlı iş adamı Rza Zərrab da saxlanıb. Sonradan bu əməliyyatın fətullahçı polis və prokurorlar tərəfindən təşkil olunduğu bildirilərək həbs olunanların hamısı buraxılıb və cinayət işi bağlanıb. Lakin cinayət işində adı hallanan 4 nazir istefa verməyə məcbur olub.
"Financial Times" yazır ki, Rza Zərrabla bağlı məsələnin ciddiliyi Türkiyə hökumətini hətta Gülən məsələsini də unutmağa məcbur edib. Çünki Zərrabın ifadələri əsasında ABŞ Türkiyəyə qarşı sanksiyalar tətbiq edə, bu ölkənin banklarını 20 milyard dollar həcmində cərimə edə bilər. Bu isə indiki vəziyyətdə Türkiyə üçün iqtisadi zərbə sayılır. Adının çəkilməsini istəməyən bir Ankara rəsmisi "Financial Times"a bildirib ki, bu çox ciddi məsələdir: "Biz ABŞ-la bir problemi həll etməmiş üç yeni problem yaranır. Türkiyə ABŞ və Avropadan uzaqlaşaraq Rusiya və İranla alyansa meyl edib və indi ABŞ bunu həzm edə bilmir. Amma hələ gec deyilkən Qərb Türkiyənin strateji önəmini başa düşməlidir".
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı isə bildirib ki, Zərrab barəsində qərar Türkiyə məhkəmələrində verilməlidir: “ABŞ Türkiyənin etibarı, iradəsi, nüfuzu, siyasi və iqtisadi haqları ilə oynamağa, bunları zədələməyə necə və hansl haqla cəhd edir? Rza Zərrab kimdir ki, ona görə Türkiyəyə hədə gəlirlər? Bizim ABŞ-ın ədliyyə sistemindən alacağımız, öyrənəcəyimiz heç nə yoxdur. Əcnəbi ölkənin ağzına baxıb, bizə nə verəcək deyərək siyasət aparmaq şərəfli keçmişimizdə olmayan, görülməyən, eşidilməyən və bundan sonra da eşidilməyəcək bir hərəkətdir. Milliyətçi Hərəkət Partiyası Türkiyənin ABŞ-da ittiham edilməsini, qiyabi və ya qəsdən məhkəməyə çıxarılmasını şiddətlə qınayır və buna qarşı çıxacaq”.
Nahid SALAYEV