Azərbaycan, Pakistan, Türkiyə xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü çərçivəsində Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə görüşüb. Bu barədə “Trend” Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "Tvitter" səhifəsinə istinadən məlumat verir.
Azərbaycan XİN-nin Mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki qardaş dövlət arasında əməkdaşlığın bütün sahələrdə və müxtəlif formatlarda yüksək səviyyəli inkişafından, siyasi əlaqələrin strateji müttəfiqlik səviyyəsindən məmnunluq ifadə edilib.
Nazirlər dövlət başçılarının qarşılıqlı səfərlərini, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin 20 oktyabr tarixində İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə xüsusi qonaq qismində iştirakını və bunun ardınca Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində iştirak etmək üçün Bakıya səfərini xüsusi vurğulayıblar.
Görüşdə hər iki ölkə Prezidentinin iştirakı ilə bu yaxınlarda Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasının nəticələri təqdir edilib və gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər hər iki ölkənin iştirakçısı olduğu Qərb-Şərq nəqliyyat dəhlizinin əhəmiyyətini qeyd edərək, Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsinin regionun inkişafına və layihənin imkanlarından istifadə edəcək dövlətlər arasında əməkdaşlığın, insanlararası təmasların və ticarət dövriyyəsinin artmasına mühüm töhfə verəcəyinə əminlik ifadə edib.
Nazirlər hər iki ölkənin iştirakçısı olduğu “Asiyanın Qəlbi” - İstanbul Prosesinin və bu çərçivədə Azərbaycanın ev sahibliyi etdiyi VII Nazirlər Konfransının əhəmiyyətini qeyd edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir E.Məmmədyarov, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə zidd olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun bütün region üçün ciddi təhlükə mənbəyi olduğunu bildirib və münaqişənin həlli istiqamətində aparılan son danışıqlar prosesi barədə həmkarına məlumat verib.
Nazirlər, həmçinin, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli formatlarının uğurla inkişaf etdiyini qeyd edib və Azərbaycan-Türkiyə-Pakistan formatının da ölkələr arasında əməkdaşlığın inkişafını təşviq edəcəyini və mühüm platformaya çevriləcəyinə ümidvar olduqlarını bildirib.
Görüşdə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bakıda Azərbaycan və Pakistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Havaca Məhəmməd Asif arasında da təkbətək görüş olub.
Azərbaycan XİN-in Mətbuat xidmətindən verilən məlumata görə, görüşdə 2017-ci ilin Azərbaycan və Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə əlamətdar olduğu vurğulanaraq, ölkələr arasında təşəkkül tapmış ənənəvi mehriban dostluq münasibətlərinin və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. İkitərəfli əlaqələrin dərinləşdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin son statusu barəsində qonağı məlumatlandıran E.Məmmədyarov 30 aprel 1993-cü ildəBMT Təhlükəsizlik Şurasında Pakistanın sədrliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 822 saylı Qətnamə qəbul edildiyini xatırladaraq, Pakistan Hökumətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə tutduğu ədalətli mövqeyə və münaqişənin həlli məsələsində Azərbaycanın haqlı mövqeyini beynəlxalq təşkilatlarda birmənalı şəkildə dəstəklədiyinə görə təşəkkür edib.
Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlığın və qarşılıqlı dəstəyin vacibliyini vurğulayıblar.
Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlığın inkişafı üçün potensialın mövcudluğunu nəzərə alaraq, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması və investisiyaların təşviqinə yönəlmiş birgə səylərin artırılmasının zəruriliyi qeyd edilib. İkitərəfli iqtisadi əlaqələrin daha da irəlilədilməsində Azərbaycan-Pakistan Birgə Komissiyası və Azərbaycan və Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun fəaliyyəti yüksək qiymətləndirilib.
Həmçinin, Şimal-Cənub Nəqliyyat Dəhlizinin maraqlı və yeni imkanlar vəd etdiyi bildirilib və bu xüsusda iki ölkənin nəqliyyat sahəsi üzrə mütəxəssislərinin görüşünün mümkünlüyü müzakirə edilib. Tərəflər Azərbaycan və Pakistan arasında hava uçuşlarının bərpası məsələsinin vacibliyinə toxunublar.
E.Məmmədyarov Azərbaycanın EXPO-2025 sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyini irəli sürdüyü barədə həmkarına məlumat verib.
Həmçinin, Nazirlər ilk iclası keçirilən Azərbaycan-Pakistan-Türkiyə Üçtərəfli Görüşünün ümumi maraq doğuran məsələlərin müzakirəsi və qarşılıqlı faydalı layihələrin işlənib-hazırlanması baxımından əhəmiyyətli platforma olacağına ümidvar olduqlarını bildiriblər. İkitərəfli formatda dövlətlər arasında parlamentlər səviyyəsində mövcud pozitiv əməkdaşlıq ruhunun üçtərəfli səviyyədə də davam etdiriləcəyini və bunun dostluq əlalərinin daha da dərinləşməsinə xidmət edəcəyini bildiriblər.
Sonda Asiyanın Qəlbi-İstanbul Prosesinin və Proses çərçivəsində VII Nazirlər Konfransının əhəmiyyəti qeyd olunub.
Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin ilk üçtərəfli görüşü…
Daha sonra Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Havaca Məhəmməd Asifin ilk üçtərəfli görüşü keçirilib.
Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirləri arasında çox intensiv məsləhətləşmələr keçirildi. Bunu xarici işlər naziri Elmar Məmmədyarov dünən Bakıda Azərbaycan, Türkiyə və Pakistan XİN rəhbərlərinin ilk üçtərəfli görüşünün yekunu üzrə keçirilən mətbuat konfransında deyib.
Nazir qeyd edib: "Bu üçtərəfli görüş bizim münasibətlərimizdə daha bir mərhələdir. Biz əmtəə dövriyyəsini artırmaq barədə razılığa gəldik. Biz bir-birimizi beynəlxalq təşkilatlarda dəstəkləyirik".
E.Məmmədyarovun sözlərinə görə, görüşdə razılıq əldə olundu ki, Pakistan da Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edə bilər: "Biz müdafiə sahəsində əməkdaşlığı da intensivləşdirmək niyyətindəyik".
Azərbaycan, Türkiyə və Pakistan XİN başçıları ekspertlər səviyyəsində görüşü müzakirə ediblər
“Görüşdə Bakı-Tbilsi-Qars layihəsini də geniş müzakirə etmişik”. APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli və pakistanlı həmkarları ilə görüşdən sonra deyib. O bildirib ki, Pakistanın əsas ticarət tərəfdaşı Avropa İttifaqıdır.
“Oradan malların daşınması üçün iki okean və üç dənizdən keçmək lazımdır. Təklif etdik ki, ekspertlər səviyyəsində görüş keçirək. Pakistan istəsə, Şimal-Cənub nəqliyyat xətti və ya Bakı-Tbilisi-Qars vasitəsi ilə məhsullar daşına bilər”, - deyə E.Məmmədyarov əlavə edib.
Məmmədyarovun həmsədrlər və Nalbandyanla görüşünün vaxtı açıqlandı
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşünün vaxtı açıqlanıb. “Trend”in məlumatına görə, xarici işlər naziri Elmar Məmmədyarov dünən Bakıda Azərbaycan, Türkiyə və Pakistan XİN rəhbərlərinin ilk üçtərəfli görüşünün yekunu üzrə keçirilən mətbuat konfransında bildirib ki, görüş dekabrın 6-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək.
Nazir bildirib ki, dekabrın 4-5-də Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirləri səviyyəsində görüş keçiriləcək: "Dekabrın 6-da isə Vyanada Minsk Qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri ilə görüş planlaşdırılır".
E.Məmmədyarov deyib ki, substantiv danışıqlar aparılmalıdır: "Moskvada həmsədrlərlə görüşün yekunundan çox razı qaldım. Belə ki, biz ətraflı müzakirələr apardıq. Həmsədrlərlə belə danışıqların davam edəcəyinə ümid edirik".
Azərbaycan və Pakistan təyyarə alışı üzrə saziş imzalayacaq
Azərbaycan və Pakistan təlim təyyarələrinin alışı üzrə saziş imzalayacaq. “Trend”in məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Azərbaycan, Türkiyə və Pakistan XİN rəhbərlərinin ilk üçtərəfli görüşünün yekunu üzrə keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib: "Biz ekspertlər səviyyəsində müxtəlif sahələrdə, o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı üçün mövcud imkanları öyrənməliyik".
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Pakistandan Hərbi Hava Qüvvələri üçün "Super Mushshak" tipli 10 təlim-məşq təyyarəsi alıb.
Xəzərin hüquqi statusu ilə bağlı nazirlər səviyyəsində növbəti görüş dekabrın 4-5-də keçiriləcək
Xəzər dənizinin hüquqi statusu ilə bağlı xarici işlər nazirləri səviyyəsində növbəti görüş dekabrın 4-5-də olacaq. APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda türkiyəli və pakistanlı həmkarları ilə keçirilən görüşdən sonra deyib.
Qeyd edək ki, bir müddət əvvəl nazirlər səviyyəsində görüşün Moskvada keçirilməsinin nəzərdə tutulduğu açıqlanmışdı.
Xəzərin hüquqi statusuna dair Konvensiyanın gələn il imzalanması gözlənilir.
Azərbaycan, Türkiyə və Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində birgə işləyə bilər
Azərbaycan, Türkiyə və Pakistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində birgə işləyə bilər. “Trend”in məlumatına görə, bunu Pakistanın xarici işlər naziri Havaca Məhəmməd Asif Bakıda Azərbaycan, Türkiyə və Pakistan XİN rəhbərlərinin ilk üçtərəfli görüşünün yekunu üzrə keçirilən mətbuat konfransında deyib.
Pakistandan Azərbaycan və Türkiyəyə birgə müdafiə-sənaye kompleksi yaratmaq təklifi…
Azərbaycan, Pakistan və Türkiyə müdafiə sahəsində birgə sənaye kompleksi yarada bilər. “Trend”in məlumatına görə, bunu Pakistanın xarici işlər naziri Havaca Məhəmməd Asif Bakıda Azərbaycan, Türkiyə və Pakistan XİN rəhbərlərinin ilk üçtərəfli görüşünün yekunu üzrə keçirilən mətbuat konfransında deyib.
Öz növbəsində, Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan, Türkiyə və Pakistan müdafiə sənayesi sahəsində ikitərəfli formatda sıx əməkdaşlıq edir. Nazir bu sahədə üçtərəfli formatda əməkdaşlığın yaradılmasının vacibliyini vurğulayıb: “Biz müdafiə sənayesi məhsullarının istehsalı üçün birgə müəssisələr yarada və bu sahədə üçtərəfli formatda əməkdaşlığı inkişaf etdirə bilərik”.
“Azərbaycan, Pakistan və Türkiyə ticarət dövriyyəsinin artırılması üçün böyük potensiala malikdir”
Azərbaycan, Pakistan və Türkiyə ticarət dövriyyəsinin artırılması üçün böyük potensiala malikdir. Trend-in məlumatına görə, bunu Pakistanın xarici işlər naziri Havaca Məhəmməd Asif Bakıda Azərbaycan, Türkiyə və Pakistan XİN rəhbərlərinin ilk üçtərəfli görüşünün yekunu üzrə keçirilən mətbuat konfransında deyib.
“Həmsədrlərə daha aktiv, qərarlı və səmimi olmalarının vacibliyini vurğuladım”
“Türkiyə Dağlıq Qarabağ probleminin həlli və işğal olunmuş torpaqların işğaldan azad olunması üçün səy göstərir. Bu baxımdan prezidentlər daim təmas içindədir”. APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azəbaycanlı və pakistanlı həmkarları ilə görüşdən sonra deyib.
O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə görüşündə səsləndirdiyi fikirləri xatırladıb: “Ərdoğan Rusiya qərarlı olarsa, bu məsələnin həll olunacağını, bu təşəbbüsün də Türkiyə tərəfindən dəstəklənəcəyini bildirib. Azərbaycan üçün uyğun olan bütün formulları dəstəkləyirik. Həmsədrlərlə dünən görüşdüm. Daha aktiv, qərarlı və səmimi olmalarının vacibliyini vurğuladım və bu sahədə onlara dəstək göstərdiyimizi bildirdim”.
"Afrin istiqamətindən təhdidlər artsa, tərəddüdsüz ora daxil olarıq"
"Türkiyə Təhlükəsizlik Şurasının toplantısında Suriyanın Afrin bölgəsindən qaynaqlanan təhdidləri dəyərləndirdik". Bu sözləri də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı və pakistanlı həmkarları ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Afrin istiqamətindən Türkiyəyə çoxsaylı təhdidlər var: "Bu həm "Fərat qalxanı" çərçivəsində o bölgədə olan əsgərlərimizə qarşı edilir, həm də sərhədləri keçərək Türkiyə daxil olurlar. "Fərat qalxanı" əməliyyatı zamanı tərrəddüd etmədən bölgəyə girərək oranı İŞİD-dən təmizlədiyimiz kimi, Artfin və ya digər bölgədən təhdidlər artdıqda yenə tərəddüdsüz həmin bölgəyə girərik. Bir gecə qəfildən girə bilərik".
“Terrorçuların islamı əllərində vasitəyə çevirməsinə imkan verməyəcəyik”
“Bu üçlü mexanizmin qurulmasından çox məmnunuq”- deyən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, toplantının məqsədi ölkələr arasında əlaqələri daha inkişaf etdirməyin yollarını tapmaqdır: "Ticarət dövriyyəsi ölkələrimiz arasında daha da inkişaf etdirilməlidir. Xüsusilə müdafiə sahəsində əməkdaşlığı gücləndirə bilərik. Bu sahədə rəqib deyilik, əksinə bir-birimizi tamamlayırıq. Bu formata parlamentariləri də cəlb etmək qərarına gəldik. Qarabağ Kəşmir və Kipr məsələsinin həllində daha çox həmrəy olmalı və bir-birimizə dəstək zamanı heç nədən çəkinməməliyik. Biz Qarabağ və Kəşmir məsələsində qardaş Azərbaycan və qardaş Pakistanın daim yanındayıq. Pakistan və Türkiyə bir sıra terror təşkilatları ilə eyni anda mübarizə aparır. Bu terrorçuların islamı əllərində vasitəyə çevrilməsinə imkan verməyəcəyik. Sabah (bu gün - red)Azərbaycan “Asiyanın ürəyi - İstanbul prosesi”nə ev sahibliyi edəcək. Azərbaycan dünyada getdikcə rolunu daha da gücləndirir. Bu formatı gələcəkdə prezidentlər səviyyəsinə qaldırmağı düşünürük".
"Azərbaycanla Türkiyə təlim təyyarələrini Pakistandan almağı düşünür"
"Azərbaycan və Türkiyə təlim təyyarələrini Pakistandan almağı düşünür".
Bunu da Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı və pakistanlı həmkarları ilə üçtərəfli görüşdən sonra bəyan edib.
"Biz də təyyarə, digər texnikanı, döyüş gəmilərini istehsal edirik. Azərbaycan da həm ixracatçıdır, həm də istehsalı inkişaf etdirmək istəyir. Biz bu sahədə bir birimizi tamamlayırıq", - deyə o vurğulayıb.
Azərbaycan, Türkiyə və Pakistan XİN rəhbərləri Bakı Bəyannaməsini qəbul etdilər
Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Havaca Məhəmməd Asifin ilk üçtərəfli görüşünün yekunu üzrə Bakı Bəyannaməsi qəbul edilib. “Trend”in məlumatına görə, Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü 2018-ci ildə Pakistanda keçiriləcək.
Bildirilir ki, nazirlər dövlətlər arasında strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə ediblər. XİN rəhbərləri Azərbaycan, Pakistan və Türkiyənin müvafiq regionlarda əhəmiyyətli və strateji rolunu vurğulayıblar və üç ölkə arasında tarixi əlaqələri qeyd edərək, qarşılıqlı faydalı əməkdaşlıq baxımından ümumi bazanın və geniş potensialın mövcud olduğunu bildiriblər. Həmçinin, regionda sabitlik, təhlükəsizlik və tərəqqinin irəliləməsi məqsədilə üçtərəfli tərəfdaşlığın inkişafında qəti maraqlarını ifadə ediblər.
Nazirlər dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörmət və qəti dəstəyi bir daha bəyan ediblər və öz ərazilərindən bir-birilərinə qarşı fəaliyyət məqsədilə istifadə edilməyəcəyini vurğulayıblar.
Yerləşdikləri regionlarda münaqişələrin davam etməsinin təəssüf doğurduğunu bildirərək, XİN başçıları günahsız mülki şəxslərin zərər görməsi və ərazi bütövlüyünə qarşı gücdən istifadə edilməsini qınayıblar və bu münaqişələrin sülh, sabitlik və iqtisadi inkişafa mane olduğunu və beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında siyasi yolla həllini tələb etdiyini vurğulayıblar.
Eyni zamanda, diplomatlar iqtisadi artım və davamlı inkişaf yolu ilə üçtərəfli əməkdaşlığın, xüsusilə də üç ölkə xalqının rifahını təmin edəcək sahələrdə genişləndirilməsinin yeni yollarının üzə çıxarılması məqsədilə öz dövlətlərinin niyyətlərini vurğulayıblar. İqtisadi və ticari əməkdaşlığın inkişaf etdirilməsi, bununla da sərmayə qoyuluşu və ticarətin təşviqi baxımından faktiki potensialı qarşılamaq məqsədilə səylərin gücləndirilməsini qərara alıblar və birgə layihə və proqramlar vasitəsilə enerji, nəqliyyat, gömrük, kənd təsərrüfatı, telekommunikasiya, sənaye, ətraf-mühit, təhsil, elm, mədəniyyət, turizm və idman və digər sahələrdə əməkdaşlığı daha da gücləndirmək qərarına gəliblər.
Diplomatlar üç dövlət arasında enerji sahəsində enerji təchizatı təhlükəsizliyinin artırılması, bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlıq imkanlarının araşdırılması və özəl sektora sərmayə qoyuluşu və ticarətin təşviq edilməsi baxımından üçtərəfli enerji dialoqunun əhəmiyyətini qeyd ediblər.
Strateji əhəmiyyətə malik irimiqyaslı nəqliyyat layihələrinin üç dövlətin iqtisadi inkişafı baxımından mənfəətli olacağına və Asiya və Avropa arasında rəqabətədavamlı daşımaları asanlaşdıracağına əminlik ifadə edərək, dəmiryol, magistral və hava uzlaşdırılmasının inkişaf etdirilməsi məqsədilə üçtərəfli əməkdaşlığın vacibliyini qeyd edilib. Müdafiə və təhlükəsizlik sahəsinin əhəmiyyətini vurğulanıb və bu sahələrdə fəal əməkdaşlığın inkişafına hazır olduqlarını ifadə edilib.
Müvafiq beynəlxalq alətlər əsasında terrorizm, ekstremizm və separatizmin bütün forma və təzahürlərinin, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələr və prekursorlarının qeyri-qanuni istehsalı və alveri, qeyri-qanuni silah ticarəti, insan alveri, miqrant qaçaqmalçılığı və qeyri-qanuni miqrasiya, mədəni və tarixi irsə qarşı cinayətlər, çirkli pulların yuyulması, kibercinayətlər və digər transmilli təhlükəsizlik təhdidlərinə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə sadiqlik bir daha bəyan edilib.
Bundan başqa, xalqlar arasında insanlararası təmasların daha da genişləndirilməsinə xidmət edəcək mədəniyyət, təhsil, səhiyyə sistemi və turizminin gücləndirilməsi, gənclərin mübadiləsi, turizm, idman və digər sahələr də daxil olmaqla, sosial və humanitar sahədə əməkdaşlığın əhəmiyyəti vurğulanıb və bu sahələrdə birgə layihə və tədbirlərin təşəbbüskarı olmağa və təşviqinə hazır olduqları ifadə edilib. Ümumi maraq kəsb edən regional və qlobal məsələlər ətrafında üç qardaş dövlət arasında mütəmadi məsləhətləşmələrin davam etdirilməsi, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində maraq və hazırlıqlı olduqları bildirilib.
Nazirlər həmçinin, sülh, sabitlik və inkişaf naminə regional konsensusun inkişafına hədəflənmiş davam edən regional prosesləri vurğulayaraq, “Asiyanın qəlbi-İstanbul Prosesi”nin bu vaxta qədər əldə etdiyi nailiyyətləri qiymətləndiriblər və İstanbul Prosesinə regional siyasi platforma kimi sadiqliklərini və bu çərçivədə etimad quruculuğu tədbirlərinin inkişaf etdirilməsinə sadiq olduqlarını bir daha bəyan ediblər və Əfqanıstanda əfqanların malik olduğu və əfqanların rəhbərlik etdiyi sülh və barışıq prosesinə dəstəklərini bir daha təsdiq ediblər.
Üçtərəfli görüşlərin illik əsasda, əlifba sırası ilə üzv dövlətlərdə müntəzəm olaraq keçirilməsi barəsində razılığa gəlinib.
Yekunda növbəti üçtərəfli görüşün 2018-ci ildə qarşılıqlı razılaşdırılmış tarixlərdə İslamabadda keçirilməsi barədə razılığa gəlinib.
Xəbər xidməti