Məhəmməd Əsədullazadə: “98 qadın girovluqdadırsa, onların azad olunması üçün beynəlxalq məhkəməyə müraciət edilməlidir”
Azərbaycana qarşı Ermənistanın ərazi iddiaları, təcavüzkar hərəkətləri, geniş miqyasda törədilən terror aktları 100 minlərlə azərbaycanlının öz yurdlarından çıxarılaraq zorla deportasiya edilməsinə gətirib çıxarıb. Ermənistanın Qarabağ müharibəsinin gedişində dinc əhaliyə, insanlığa qarşı törətdiyi vəhşiliklər, hərbi cinayətlər barəsində çoxsaylı faktlar var.
Bununla yanaşı, onu da qeyd edək ki, Ermənistan silahlı qüvvələri əsirlərə, girovlara dair beynəlxalq konvensiyaları kobud şəkildə pozaraq, kütləvi surətdə dinc əhalidən girov götürüb, onlara dəhşətli işgəncələr veriblər. Həmçinin, əsirləri kütləvi surətdə güllələyiblər. Belə ki, əsir və girovluqdan azad olunanlar verdikləri şahid ifadələrində bunu təsdiq edirlər. 1994-cü ilin mayında tərəflər arasında imzalanmış atəşkəs sazişinə baxmayaraq, Ermənistan bu gün də minlərlə azərbaycanlını girov və əsirlikdə saxlayır. Təkcə işğal olunmuş ərazilərdə deyil, Ermənistan ərazisində də çoxlu sayda əsir və girovun saxlanması haqqında faktlar mövcuddur. Adətən ən qızğın müharibələrdən sonra əsir və girov götürülənlər qarşı tərəfə təhvil verilir. Ancaq hələ də Ermənistan bunlara əməl etmək istəmir. Ən dəhşətlisi odur ki, Ermənistan girov saxladığı qadınları geri qaytarmır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, 98 qadın hələ də erməni girovluğundadır: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müddətində 1440 nəfər əsir və girovluqdan azad edilib ki, onların 278 nəfəri qadındır. Münaqişə nəticəsində 265 qadın itkin düşüb. 98 qadın isə hələ girov kimi qeydiyyatdadır. Onların taleyi bizi çox narahat edir”.
Göründüyü kimi, erməni vəhşiliyi heç bir sərhəd tanımır.
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, erməni işğalçıları qadın və uşaqlara qarşı çoxsaylı vəhşiliklər törədiblər: “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində bir sıra cinayətlər törədilib. Qarabağ müharibəsində işğalçı ordu faktiki olaraq çoxsaylı hərbi cinayətlərə əl atıb. Bura vandalizm, etnik təmizləmə və soyqırımı cinayətləri daxildir. Qarabağ müharibəsində Azərbaycan bir milyon qaçqınla üzləşdi, bundan əlavə, minlərlə ölkə vətəndaşı əsir və itkin düşmüş oldu. Qeyd edim ki, Ermənistan silahlı qüvvələri girov götürdükləri azərbaycanlılarla çox qəddar davranıblar. Əsir və girov götürülmüş insanlarla bağlı beynəlxalq konvensiyalara məhəl qoymayıblar. Minlərlə azərbaycanlı məhz milli mənsubiyyətinə görə işgəncəyə və ən ağır işlərə məcbur edilib, olmazın çətinliklərlə üzləşiblər. Ermənistanın qəddarlığı hətta uşaq və qadınlara qarşı da baş verib.Yüzlərlə qadının taleyindən xəbər yoxdur. Qeyd edim ki, Qarabağda ermənilər qadın və uşaqların daxili orqanlarını qara bazarda satmaqla orqan mafiyasından milyonlarla dollar qazanıblar. Hələ də bu cinayətlər davam edir. Ermənistanda əsir və itkin düşmüş soydaşlarımızın saxlanması barədə məlumatlar yetərincədir. Hesab edirəm ki, bununla bağlı diplomatik tədbirlər görülməli və həmin soydaşlarımızın girovluqdan azad olunmasına çalışmalıyıq. Bu gün erməni əsirliyində olan Şahbaz Quliyev və Dilqəm Əsgərovun başına gətirilən işgəncələr göz qabağındadır. Rəsmi məlumata görə, 98 qadın girovluqdadırsa, onların azad olunması üçün beynəlxalq məhkəməyə müraciət edilməlidir. Ermənistanın hərbi cinayətləri cavabsız qalmamalıdır. Xankəndidə, Şuşada və Kəlbəcərdə əsirlər ağır işdə işlədilir. Bütün bunlar faktdır. Hesab edirəm ki, Azərbaycanın aidiyyəti qurumları bu məsələlərlə bağlı üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirəcəklər”.
Vidadi ORDAHALLI