Fikrət Sadıqov: “Hesab edirəm ki, sözügedən məlumat əsassızdır və reallığı əks etdirmir”
Erməni mətbuatının yazdığına görə, guya BMT-nin Ümumdünya Turizm Təşkilatı (UNWTO) Ermənistanı ən yaxşı 20 turizm ölkəsi siyahısına daxil edib. Ermənilər iddia edirlər ki, təşkilat hansı ölkələrin turistlərə maraq göstərdiyi barədə məlumat verir. Məlumatda qeyd olunur ki, ötən il Ermənistana böyük sayda turist axını müşahidə olunub. Ermənilərin fikrincə, guya keçmiş tarix boyunca Ermənistan münaqişələrdən əziyyət çəkib: “Lakin vəziyyət sabitləşdi və 2016-cı ildə ölkəyə turist axını 18 faiz artıb”.
Həmçinin, qeyd edilir ki, guya Ermənistan ilk xristian ölkəsidir və xarici turistlər ən çox xristian arxitekturası, xüsusilə minillik tarixi olan məbədləri ziyarət edirlər.
Bütün bunlar, istər-istəməz, insanda ikrah hissi yaradır. Məsələ ondadır ki, Ermənistanın turist cəlbinə görə 20-likdə yer alması reallıqdan uzaqdır. Ən azından ona görə ki, Ermənistan bununla bağlı olan bir sıra parametrlərə cavab vermir. Əvvəla nəzərə almaq laszımdır ki, Ermənistan monoetnik dövlətdir. Ermənistanda ermənilərdən başqa bir millət yaşamır. Bununla yanaşı, ölkədə heç də ermənilərin iddia etdikləri kimi sabitlik hökm sürmür. Sarkisyan rejimi bütün mənalarda ölkə vətəndaşlarının hüquqlarını tapdalayır. Rejimə qarşı çıxanların bir çoxu təqib edilir, həbsə atılır və bir çoxları da repressiyalar səbəbindən ölkəni tərk edib. Ən başlıcası isə, Ermənistanda hökm sürən ağır sosial-iqtisadi vəziyyət üzündən əhali ölkəni tərk edir. İlbəil ölkədən gedənlərin sayı artır. Ölkədə qalanlar əsasən əhalinin yaşlı təbəqəsidir. Başqa bir tərəfdən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti səbəbindən həmsərhəd olduğu 4 dövlətdən 2-si sərhədləri bağlayıb. Ermənistanın açıq dənizə çıxışı yoxdur. Bütün bu deyilənlərin fonunda, Ermənistanın turist cəlb edən ən yaxşı ölkələrdən biri olması nə dərəcədə reallığa uyğundur?
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, bu cür fikirlər ermənilərin növbəti uydurmasıdır və reallığı əks etdirmir: “Bu, ermənilərin növbəti fantastik və uydurma fikirləridir. Çünki hər tərəfdən təcrid olunmuş, o cümlədən monoetnik ölkə olan Ermənistan turistlər üçün cəlbedici ola bilməz. Ermənistanın Gürcüstanla belə geniş əlaqələri yoxdur. Gürcüstanla Rusiya arasında diplomatik əlaqələrin olmadığını nəzərə alsaq, bütün bunlar Ermənistana öz təsirini göstərir. Ermənistanın bircə İranla sıx əlaqələri var. Ancaq düşünmürəm ki, turistlər İran üzərindən Ermənistana getməyə xüsusu önəm verirlər. Hər halda bu belə deyil. Səslənən fikirlər reallığı əks etdirmir. Başqa bir tərəfdən, Ermənistanda turistləri cəlb edəcək elə çoxsaylı və müasir tələblərə cavab verən obyektlər də yoxdur. Ən başlıcası, Ermənistan yoxsul ölkədir və blokada şəraitindədir. Belə olan halda isə, ümumiyyətlə, bundan danışmaq yersiz görünür. Ermənistanın, faktiki olaraq, dünya birliyi ilə geniş əlaqələri yoxdur. O baxımdan guya Ermənistanın turist cəlb etməsinə görə 20-likdə yer almasına böyük şübhə ilə yanaşıram. Ermənilər zaman-zaman bənzər məlumatlar çox yayıb. Hesab edirəm ki, sözügedən məlumat əsassızdır və reallığı əks etdirmir. Ona görə də bu məlumatları real saymıram. Bütün bunları ermənilər şişirdirlər. O da ola bilər ki, saxta məlumatlar verməklə beynəlxalq təşkilatları aldadırlar”.
Vidadi ORDAHALLI