Məhəmməd Əsədullazadə: “Məlumdur ki, Rusiyada çox güclü erməni diasporu fəaliyyət göstərir”
Rusiyanın Xarici İşlər Nazirliyi Georgi Zuyevin yeni səfir kimi təyinatına Azərbaycandan aqreman almayıb. Qeyd edək ki, diplomatik qaydalara əsasən, səfirin təyinatından əvvəl qəbul edən tərəfdən aqreman - etimadnamə verilməsinə ilkin razılıq istənilir. Azərbaycan Georgi Zuyevlə bağlı Rusiya Xarici İşlər Nazirliyinə aqreman verməkdən imtina edib. Məlumatlara görə, bu, Georgi Zuyevin qatı ermənipərəst mövqeyi ilə bağlıdır.
Rusiya prezidenti Vladimir Putin noyabrın 27-də Vladimir Doroxini bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edib. Bundan dərhal sonra məlum olub ki, onu bu postda Rusiya Xarici İşlər Nazirliyi Kadrlar Departamentinin direktor müavini vəzifəsində çalışan Georgi Zuyevlə əvəz etmək istəyirlər. Yeri gəlmişkən, o da bəlli olub ki, Rusiya Dövlət Duması Azərbaycanda yeni səfir kimi G.Zuyevin namizədliyini hələ iyulun əvvəlində təsdiqləyib. Rusiya-Azərbaycan münasibətlərinin normal fazasında diplomatik qalmaqala səbəb ola biləcək belə bir addımın atılması nə ilə bağlıdır? Yəni Rusiya prezidentinin bilərəkdən belə bir addım atması inandırıcı görünmür. Məlumdur ki, Rusiyada çox güclü erməni diasporu fəaliyyət göstərir. Bu yaxınlarda Azərbaycanın ən böyük diaspor təşkilatı olan ÜAK-ın ləğvini, cəbhədə vəziyyət gərginləşən zamanlarda erməni əsilli vətəndaşların Azərbaycana buraxılmamasına Rusiya adından edilən etirazı da Rusiya daxilində olan erməni diasporunun “fəaliyyəti” kimi qələmə verirdilər. Bu həssas məqamda Putinə belə qalmaqal lazım idi, yoxsa bu da Rusiya XİN-də kök atan erməni diasporunun təxribatı olub?
Politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiyanın ölkəmizdəki səfirinin səlahiyyət müddəti başa çatdığından, Vladimir Putin tərəfindən geri çağırıldı: “Moskvanın Doroxini ermənipərəst Georgi Zuyevlə əvəzləməsi birbaşa Sergey Lavrovun planıdır. Məhz XİN rəhbəri Rusiyada erməni siyasətinin hamisidir və öz kadrını Azərbaycana göndərmək planında onun Bakıda ciddi şəkildə Qarabağla bağlı qeyri-müəyyən açıqlamalar verməsi və ölkədə konfliktin həlli ilə bağlı ümidsizlik yaratması da var. Erməni lobbisinin bu cəhdinə Bakının reaksiyası gözlənilən idi. Azərbaycanın Rusiyanın ermənipərəst yeni səfirini qəbul etməməsi barədə informasiya doğrudursa, bu, ölkəmizin Moskvanın diktəsinə qarşı adekvat cavabıdır. Rusiya Xarici İşlər Nazirliyi tamamilə erməni lobbisinin təsirindədir.
Azərbaycanla Rusiya arasında səfir böhranı əsasən Rusiyanın Qarabağ münaqişəsinin həllində tutduğu mövqedən irəli gəlir. Rəsmi Kremlin qeyri-konstruktiv siyasətindən dolayı danışıqlar dalana dirənib, üstəlik, ermənipərəsti ölkəmizə səfir göndərir. Rusiyanın artan təzyiqləri fonunda Azərbaycan Avrointeqrasiya siyasətini həyata keçirməlidir”.
Məhəmmədəli QƏRİBLİ