Nəzakət Məmmədli: “Avropa isə Ermənistanı müxtəlif razılaşma və öhdəliklərlə getdikcə Rusiyanın nəzarətindən çıxarıb gələcəkdə tamamilə özünə tabe edə bilər”
Ermənistanın Avropa Birliyi ilə saziş imazalaması müxtəlif söz-söhbətlərə yol açıb. Bəziləri bunun Ermənistanın xeyrinə olduğunu, digərləri isə həmin ölkənin Rusiya ilə münasibətlərinin korlanacağına səbəb olacağını deyirlər. Maraqlıdır, bu saziş Ermənistana nə verəcək?
Politoloq Nəzakət Məmmədlinin sözlərinə görə, Ermənistanın Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” ilə saziş imzalaması ölkə daxilində və xaricində müəyyən qüvvələrin, hətta daim Avrointeqrasiya yolu tutan və anti-Rusiya mövqeyi ilə seçilən bəzi müxalifətçilərin narazılığına səbəb olub: “Onlar eyni zamanda Ermənistanın bu sazişi imzalamasını, faktiki olaraq, ona tabe olmaq kimi qiymətləndirirlər. Belə ki, əslində, məqsəd Ermənistan kimi müstəqil olmayan ölkələri Rusiyaya qarşı “sanitar kordon” olaraq istifadə etməkdir. Misal olaraq, 2013-cü ildən sonra Ermənistanda anti-Rusiya nümayişlərinin artması, Rusiyaya qarşı narazılığın güclənməsi qeyd olunur. Ermənistan Avropa və Rusiya arasında bir tennis topudur və tərəflər onu bir-birinə atmaqla müəyyən məqsədlər güdürlər. Avropa niyə Ermənistanla saziş imzaladı və Rusiya buna icazə verdi? Avropa elitasının burada bir sıra maraqları var ki, onların başında geosiyasi ambisiyalar gəlir. Bu maraqlar içərisində Rusiyanın rəhbərliyi altında Avrasiyada yeni bir güc mərkəzinin yaranmasına və möhkəmlənməsinə imkan verməmək əsasdır.
Bu ölkə faktiki Rusiyanın forpostudur, ancaq Qafqazda İran, Türkiyə, Gürcüstanla sərhəddə yerləşir. Onu nəzarət altında saxlayan Rusiya Avrasiyada geosiyasi mövqeyini möhkəmlədə, gələcək planlarını həyata keçirə bilər. Avropa isə Ermənistanı müxtəlif razılaşma və öhdəliklərlə getdikcə Rusiyanın nəzarətindən çıxarıb gələcəkdə tamamilə özünə tabe edə bilər. Rusiyanın tabeliyində olan Sarkisyan rejimi bu sazişi imzalamaqla həm də Avropanın rəğbətini qazanmağa, Avropapərəst müxalifəti və diasporu sakitləşdirəcəyinə ümid edir. Sazişin imzalanması onun qüvvəyə minməsi demək deyil. Əgər parlamentdə ratifikasiya olunmazsa, bu saziş hüquqi qüvvəyə minməyəcək. Məsələn, Sürixdə imzalanmış Türkiyə-Ermənistan protokolları qüvvəyə minmədi və hətta Sarkisyan sentyabr ayında BMT Baş Assambleyasının iclasındakı çıxışında Türkiyəni bu müqavilədən birtərəfli qaydada çıxmaqla hədələdi. Avropa İttifaqı ilə imzalanmış sazişlərlə də bağlı eyni problem yarana bilər. Yəni bunun tərəfində olmayan qüvvələr, konkret olaraq Rusiya və gözdən pərdə asmaq, seçkilər ərəfəsində vaxt qazanmaq üçün sənədi imzalayan Ermənistan hakimiyyətinin özü son anda parlamentdə onu ratifikasiya etməyə bilər”.
Məhəmmədəli QƏRİBLİ