Aqşin Əliyev: “Ermənilərin iddialarını sərsəm saymaq olar”
Məlum olduğu kimi, Azərbaycanın təşəbbüsü ilə daha bir meqalayihə yekunlaşdı. Təkcə layihəyə üzv olan ölkələr üçün deyil, eyni zamanda bütün region üçün böyük əhəmiyyət daşıyan Bakı-Tiflis-Qars layihəsi heç də bütün qonşu ölkələrin hamısını əhatə etmədi. İşğalçı siyasət yürütməsi səbəbindən Ermənistan bu layihədən tam təcrid edildi.
Məhz buna görədir ki, əlləri hər yerdən üzülən tərəf kimi onlar çıxış yolunu dezinformasiya yaymaqda görürlər. Ermənistan saytları son günlər ərzində iddia edirlər ki, guya Gürcüstan bu layihədən çıxacaq və onun üçün yüklərini gəmi ilə daşımaq daha sərfəlidir. Bu iddiaları nə dərəcədə əsaslı saymaq olar?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xətti layihəsi uzun dövr gündəmdə olsa da, onun reallaşması yalnız Azərbaycan tərəfinin dəstəyi sayəsində mümkün olub: “2005-ci il mayın 25-də Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri BTQ dəmir yolu xətti layihəsi haqqında bəyannamə imzalayıblar. Nəhayət, 2007-ci il fevralın 7-də Azərbaycan Prezidentinin Gürcüstana işgüzar səfəri zamanı BTQ-nin tikintisinin başlanması ilə bağlı saziş imzalanıb. Həmin il fevralın 21-də Prezident İlham Əliyev layihə ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb. 2007-ci il noyabrın 21-də üç ölkənin prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda kəndində BTQ-nin tikintisinin təməli qoyulub. 2008-ci il iyulun 24-də Türkiyənin Qars şəhərində dəmir yolunun Türkiyə hissəsinin tikintisinə start verilib. Bakıda ümumi uzunluğu təxminən 840 km olan BTQ dəmir yolu xəttinin açılışı olub. Beləliklə də Azərbaycan daha bir beynəlxalq layihəni reallaşdırıb. Bunları niyə sadaladım? Yəni gedilən yol asan olmayıb. Bu əziyyətdə Gürcüstanın da payı var. Erməni tərəfinin iddiaları bir neçə aspektdən gülməlidir. Ən maraqlı sual budur: Gürcüstan öz xeyrindən niyə imtina etməlidir? Belə çıxır ki, əziyyətini çəkib bəhrəsini görməyin vaxtı gələndə ondan imtina edirsən? Heç bir normal ölkə bunu etməz. BTQ Gürcüstan üçün yalnız yük daşımaq baxımından əhəmiyyətli deyil. Gürcüstan bütün bu layihələrdən həm də tranzit pulu götürür. Öz xeyrindən niyə qaçsın ki? Ücüncüsü, belə sanballı layihələr barədə saziş quru söz əsasında imzalanmır ki, kim nə vaxt nə istədi onu da edə. Tərəflərin götürdüyü öhdəliklər var. Bu baxımdan da ermənilərin iddialarını sərsəm saymaq olar”.
Məhəmmədəli QƏRİBLİ