Əhməd Qəşəmoğlu: “İlham Əliyevin “savadlı insan radikalizmə və dini ekstremizmə qarşı əsas qarantdır” fikri həm elmi, həm siyasi, həm də mənəvi cəhətdən çox doğrudur” Əli Orucov: “Təbii, savadlılıq olan yerdə fanatizm və xurafat geniş məskən sala bilmir” Arzu Nağıyev: “Savadlılıq səviyyəsi nə qədər yüksək olursa, dini ekstremizmə qarşı mübarizə daha da mütəşəkkil təşkil olunur”
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən həftə Belçika Krallığında işgüzar səfərdə olub və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə noyabrın 24-də “Şərq Tərəfdaşlığı” Sammitində iştirak edib. Prezident İlham Əliyev sözügedən sammitdə etdiyi çıxışında siyasi, iqtisadi və s. məsələlərə toxunub. O bu tədbirdə savadlı insanın cəmiyyət, bəşəriyyət üçün gərəkli olduğunu qeyd edib: “Savadlılıq səviyyəsi 100 faizə yaxındır və təhsilli insanlar bizim islahatlarımız üçün əsas aparıcı qüvvə, radikalizmə və dini ekstremizmə qarşı əsas qarantdır”.
Ölkə başçısının çıxışında yer alan “savadlı insan radikalizmə və dini ekstremizmə qarşı əsas qarantdır” fikrini şərh edən ekspertlərin sözlərinə görə, İ.Əliyevin səsləndirdiyi mesaj Azərbaycan dövlətinin mövqeyi, ölkə başçısının dünyanı sülh, əminamanlıq içində görmək istəyinin təzahürüdür.
Tanınmış sosioloq, professor Əhməd Qəşəmoğlu bizimlə söhbətində bildirdi ki, Prezident İlham Əliyevin səsləndirdiyi fikir bütün dünya dövlətləri tərəfindən dəstəklənməlidir: “Bilirsiniz ki, son illər respublikamızda davamlı olaraq humnaitar forumlar keçirilir. Bu forumlar dünyaya çağırış mesajları verir ki, separatizm, radikalizm və s. kimi məsələləri savadlanmaq yolu ilə aradan qaldırmaq olar. Təəssüf ki, Qərbdə çirkin məqsədlər güdən dairələr bu məsələni bilə-bilə, qəsdən savadsızlığa, cəhalətə tərəfdar çıxırlar. Prezident İlham Əliyevin “Şərq Tərəfdaşlığı” Sammitində səsləndirdiyi fikirləri dəstəkləyirəm, çox ağıllı, düzgün və müdrik bir fikirdir. İlham Əliyev bu məsələləri yaxşı bildiyindən, humanitar forumlar Azərbaycanda keçirilir. Ölkə başçısı bəşəriyyətdə sülhə nail olmaqla bağlı çox böyük işlər görür, onun multikulturalizmlə bağlı həyata keçirdiyi uğurlu siyasət də bunu deyir ki, dünyanı sivil yolla idarə etmək lazımdır. İlham Əliyevin “savadlı insan radikalizmə və dini ekstremizmə qarşı əsas qarantdır” fikri həm elmi, həm siyasi, həm də mənəvi cəhətdən çox doğrudur. Başqa ölkələrdə raket, bomba istehsal ediləndə, bizim ölkədə də bəşəriyyəti sülhə çağıran, radikalizm, separatizm, ekstremizm əleyhinə, onların aradan qaldırılmasına yönəlik ideyalar ixrac edilir, meydana gəlir. Biz bu ideyanı dünyaya yaymalıyıq. Onların bombasına, raketinə qarşı bizim dövlətimiz sağlam ideyaları dünyaya yayır. Bu, barışa nail olmağın ən sivil yoludur. Savadlı insan nə qədər çox olacaqsa, bir o qədər insan separatizmə, ekstremizmə qarşı barışmaz olacaq. Bunu ölkə başçısı çox dəqiq vurğulayıb”.
Ə.Qəşəmoğlunun sözlərinə görə, ölkə başçısının səsləndirdiyi fikrin əhəmiyyətini Qərb yaxşı dərk edir, ancaq o, Şərqin inkişafını istəmədiyindən, savadlanmanı istəmir: “Mən özüm də beynəlxalq tədbirlərdə bu barədə tez-tez danışıram. Xarici sosioloqlarla söhbətimdə də deyirəm ki, yer üzündə bu qədər qan-qadanın qarşısını almağın yeganə yolu insanların daha da savadlı olmasıdır. İnsan savadlı olanda bu qədər problem olmaz. Fikir verin, bu gün Qərbin ən çox qorxduğu məsələ əhali artımıdır. Onlar müxtəlif üsullarla, həm sivil, həm də qeyri-sivil qaydada, yəni hərbi, hiyləgər yollarla əhali artımının qarşısını almağa çalışırlar. Beynəlxalq tədbirlərdəki çıxışlarımda dəfələrlə demişəm ki, aparıb Əfqanıstana, ərəb ölkələrinə bomba tökməkdənsə, onların kütləvi savadlanmasına çalışın. Savadsız əhali uşaq artımına çalışacaq, savadlı isə, əksinə, 2 uşaqla kifayətlənəcək. Mən sizə bu işin içində olan bir ekspert kimi deyim ki, Qərb Şərqdə savadlı insanların çox olmasından qorxur. Çünki onlar istəmirlər ki, burada ağıllı, düşünə bilən insanlar olsunlar. Təhlükəli cəhət budur. İkili siyasətin də, ayrıseçkiliyin də kökü burdadır. Onlar yaxşı başa düşürlər ki, savadlı adamlar çoxalanda əhali artımı tənzimlənir, əhalinin keyfiyyəti yaxşılaşır, sağlamlıqla bağlı problemlər qaydasına düşür. İntellektual adamlar düşünürlər. İntellektli adamları sivil qaydada idarə etmək asan olur. Bunu Qərbdəkilər bizdən yaxşı bilsələr də, bizə qarşı qısqanclıqları var”.
Politoloq Əli Orucovun fikrincə də savadlı insanlar olan yerdə radikalizm, ekstremizm güclü şəkildə oturuşa bilmir: “Təbii, savadlılıq olan yerdə fanatizm və xurafat geniş məskən sala bilmir. İnsanlar qara qüvvələrin, radikal dini qruplaşmaların təsiri altına çox az düşürlər. Lakin radikalizmin və dini ekstemizmin tüğyan etməsi təkcə təhsillə bağlı deyil. Azərbaycanla müqayisədə Qərb cəmiyyəti daha savadlı və daha inkişaf etmişdir. Lakin burada da zorakılıq və terror hadisələri tez-tez baş verir. Məncə, terrorun və dini radikalizmin əsas hərəkətverici qüvvəsi supergüclərin bu metoda daha çox yanaşmasından və istifadəsindən asılıdır. Eyni zamanda, cəmiyyətlərdə ədalət prinsipi və qanunların işləməsi də vacib amildir. Təbii, bu bir aksiomadır, qanunlar işləməyən və ədalətsizliklər olan cəmiyyətlərdə gec-tez əks effektlər yaranır. Ona görə də bu amillər vahid mexanizm kimi işləməlidir”.
Politoloq Arzu Nağıyev də qeyd etdi ki, ölkə başçısının vurğuladığı fikir olduqca aktualdır: “Savadlılıq səviyyəsi nə qədər yüksək olursa, dini ekstremizmə qarşı mübarizə daha da mütəşəkkil təşkil olunur. Savadlı, oxumuş, maariflənmiş insanlar bu istiqamətə daha az meyl göstərirlər. Onu vurğulayım ki, dini ekstremizmə meyllilik təkcə savadsızlıqla bağlı deyil. Deyim ki, sosial şəbəkələrdə, digər istiqamətlərdə onların bu işə cəlb edilməsi yönündə müvafiq qurumlar addımlar atırlar. Onlar, təbii ki, savadlı insanları özlərinə elə də cəlb edə bilmirlər. Yəni savadlı insanların bu istiqamətdə maariflənməsi daha üstün olur”.
İradə SARIYEVA