Yeganə Hacıyeva: “Ən başlıcası isə budur ki, tədbirin mövzusu və keçirildiyi vaxt olduqca uğurlu seçilib”
Məlum olduğu kimi, noyabrın 20-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüsseldə “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda Beynəlxalq Forum keçirilib.
Forumun işində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin deputatları, Avropa Parlamentinin, habelə Avropa ölkələri parlamentlərinin üzvləri, həmçinin, separatizmdən əziyyət çəkən bir sıra ölkələrin deputatları, siyasətçiləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olan bir sıra ölkələrin sabiq prezidentləri, ictimai-siyasi xadimlər, Avropadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, elm xadimləri və KİV əməkdaşlarından ibarət 200 nəfərə yaxın nümayəndə iştirak edib. Göründüyü kimi, tədbirdə Azərbaycan ən yüksək nümayəndə heyətilə təmsil olunub. Hətta ölkə başçısının köməkçisi Əli Həsənov təşkil edilən panel müzakirələrində aktiv iştirak edib. Ən maraqlısı isə tədbirin keçirildiyi vaxtla bağlıdır. Çünki Azərbaycanın təşkilatçı olduğu tədbirdən bir neçə gün sonra, məhz həmin şəhərdə Avropa Birliyinin (AB) “Şərq Tərəfdaşlığı” Sammiti başa çatdı. Azərbaycan Prezidenti İlham Əliyevin də qatıldığı sammitin yekun bəyannaməsində, ölkəmiz də daxil, bütün tərəfdaş ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı bir daha təsbit edildi. Erməni tərəfinin cəhdlərinə rəğmən, sənəddə məhz Azərbaycanı qane edən yanaşma əksini tapdı. Təşkilat tərəfdaş ölkə kimi Azərbaycanın da ərazi bütövlüyünü və suverenliyini dəstəklədi. Əli Həsənovun rəhbərliyi altında keçirilən tədbir Azərbaycanın xeyrinə qəbul edilən sənədin ərsəyə gəlməsində nə kimi rol oynayıb?
Politoloq Yeganə Hacıyevanın sözlərinə görə, bu iki hadisə arasında ciddi bağlılıq var: “Bildiyiniz kimi, bu günlərdə Brüsseldə “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq forum keçirilib. Azərbaycan həmin foruma böyük nümayəndə heyəti ilə qatılıb. Ən başlıcası isə budur ki, tədbirin mövzusu və keçirildiyi vaxt olduqca uğurlu seçilib.
Öncə qeyd etmək istədiyim məqam odur ki, bu forumun Brüsseldə baş tutan Avropa Birliyi liderlərinin görüşü və “Şərq Tərəfdaşlığı” Sammiti öncəsi keçirilməsi gözəl düşünülüb.
Bildiyiniz kimi, son illər dünyanın bir çox regionları bir çox ölkələrin ərazilərində terrorla müşayiət olunan münaqişələr üzündən qaçqın və miqrant problemləri və onların siyasi və iqtisadi fəsadları ilə üz-üzə qalmışlar. Məhz Avropa, Şimali Afrika, Orta Asiya və dünyanın bir çox ölkələrinin ərazilərində beynəlxalq terrorizm və separatçılıqla müşayiət olunan münaqişələr üzündən siyasi və iqtisadi sabitliyə və nəqliyyat-enerji təhlükəsizliyinə hədələrlə üz-üzədirlər.
Avropanın siyasi mərkəzi hesab olunan Brüsseldə Aİ ölkələri liderlərinin görüşü öncəsi onların diqqətinə separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər, dini-irqi və milli dözümsüzlük kimi halların nəticəsi kimi dünyada qaçqın və miqrant problemləri, insan alveri və qaçaqmalçılığının yaranması və s. kimi halların yaşanması çatdırılıb.
Forumda beynəlxalq terrorizm və etnik separatizm kimi təhlükəli meyllərin doğurduğu böhranın həlli yollarının axtarılması ilə bağlı geniş müzakirələrin və səslənən fikirlərin ana xəttini məhz beynəlxalq təşkilatların və qurumların müxtəlif coğrafiyalarda etnik separatizm və terrora yanaşmada ikili standartlar tətbiqinin mövcudluğunu, aparıcı beynəlxalq təşkilatların etnik separatçılığın aradan qaldırılmasını nəzərdə tutan təsirli mübarizə metodlarını və cinayətkarların cəzalandırılmasının beynəlxalq mexanizmini özündə ehtiva edən hüquqi normalara bir çox dünya dövlətlərinin əməl edib-etmədiyi məsələsinə biganə yanaşmasını, bu yanaşmanın yolverilməz olmasını və separatizmin digər həssas regionlara sıçramasında bu nüansın mühüm rol oynaması haqqında fikirləri Aİ liderlərinin diqqətinə çatdırmaq olub.
Forumda Avropada Böyük Britaniya ilə Şimali İrlandiya və Şotlandiya, Belçika ilə Flandriya və Valloniya, Fransa ilə Paris aqlomerasiyası və Korsika, İspaniya ilə basklar və Kataloniya, Serbiya ilə Kosovo kimi potensial separatizm ocaqlarının mövcudluğunun Avropanın bütövlüyünə, Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Moldovada Dnestryanı münaqişələri regionun sabitliyini hər an poza biləcək potensial təhlükə mənbəyi olaraq göstərilib.
Forumda Ermənistanın Azərbaycan ərazisində yaratdığı qondarma Dağlıq Qarabağ rejiminin fəaliyyətinin beynəlxalq hüquq normalarını kobud şəkildə pozması və bunun nəticəsi olaraq Azərbaycanın 20 faiz ərazisinin işğal altında qalması, 1 milyondan artıq insanın qaçqın və köçkün həyat tərzi sürməsi qeyd edilib.
Məhz forum vasitəsilə Aİ liderlərinin diqqətinə bu münaqişələrin beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulmasına, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşı ciddi təhdidlərin yaranmasına gətirib çıxardığı, məhz münaqişələrin həllində ikili standartların tətbiqinin isə konfliktlərin dərinləşməsi və separatizmin diğər regionlara sıçraması ilə müşayiət olunduğu və bu təhlükəli tendensiyanın bütövlükdə Avropa üçün artan xətlə davam etməsindən və nəticə kimi dünya ərazisinin böyük bir qismini millətlərarası münaqişələr meydanına çevirə biləcəyindən doğan narahatlıq çatdırılıb.
Aİ liderlərinin görüşü və “Sərq Tərəfdaşlığı” Sammitinin yekun bəyannaməsində Avropa Parlamenti və Avropa Şurasının bir çox rəsmilərinin tövsiyəsi olan “millətlərin müqəddəratının təyini kimi” separat fikirlər öz əksini tapmayıb, bu sammitdə, adının necə adlandırılmasından fərqli olmayaraq, separatizmin dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə təhdid olduğu bildirilib. Hesab edirəm ki, Azərbaycanın keçirdiyi sammitqabağı tədbirin ab-havanın Azərbaycanın xeyrinə dəyişməsinə mühüm təsiri olub”.
Məhəmmədəli QƏRİBLİ