Qabil Hüseynli: “Azərbaycan tərəfi bu sənədin təkmilləşdirilməsində iştirak edərək, orada olan lüzumsuz maddələrin çıxarılmasına nail oldu” Aydın Mirzəzadə: “Aİ-nin yekun sənədi Ermənistana xəbərdarlıqdır” Hikmət Babaoğlu: “Aİ-nin 24 noyabr tarixli bəyannaməsi milli diplomatiyamızın növbəti uğurudur”
Brüsseldə Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” Sammiti başa çatdı. Azərbaycan Prezidenti İlham Əliyevin də qatıldığı sammitin yekun bəyannaməsində, ölkəmiz də daxil, bütün tərəfdaş ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı bir daha təsbit edildi. Erməni tərəfinin cəhdlərinə rəğmən, sənəddə məhz Azərbaycanı qane edən yanaşma əksini tapdı. Təşkilat tərəfdaş ölkə kimi Azərbaycanın da ərazi bütövlüyünü və suverenliyini dəstəklədi.
Bu, Aİ-nin Azərbaycana, Dağlıq Qarabağ probleminə yanaşmasında kifayət qədər mühüm jesti kimi yadda qalacaq. Hər necə olmasa, işğalçı tərəf ümidli idi ki, sənədə ərazi bütövlüyümüzü şübhə altına alacaq bəndin daxil edilməsinə nail olacaq. Söhbət sənədə Dağlıq Qarabağ erməniləri üçün “öz müqəddəratını təyinetmə” prinsipinin daxil edilməsindən gedirdi. Göründüyü kimi, düşmən tərəfin arzusu ürəyində qalıb.
Sammitin yekun nəticələrini Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli saymaq olar?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Brüsseldə keçirilən “Şərq Tərəfdaşlığı” Sammitində qəbul edilən birgə bəyannaməni çox böyük, tarixi bir addım kimi dəyərləndirmək olar:
“Avropa bununla nümayiş etdirdi ki, o, dünyanın hər hansı bir nöqtəsində olan separatizmə qarşı mövqe sərgiləyir və separatizmin dirçəlməsinə imkan verməyəcək.
Azərbaycan tərəfi bu sənədin təkmilləşdirilməsində iştirak edərək, orada olan lüzumsuz maddələrin çıxarılmasına nail oldu. Bütövlükdə, dövlətlərin ərazi bütövlüyü prinsipi yekun bəyannamədə özünün hərtərəfli əksini tapdı. Azərbaycan bu müqaviləyə imza atmaqla özünün gələcək uğurlarına böyük töhfə verdi. Bundan sonra Dağlıq Qarabağ probleminin həllində ciddi hüquqi baza formalaşdırmaq mümkün olacaq. Azərbaycan, eyni zamanda, “Şərq Tərəfdaşlığı” proqramına rəsmən qatıldı və bununla da bir sıra imtiyazlar və üstünlüklər əldə etdi”.
Politoloq hesab edir ki, Azərbaycan özünün Qərbyönümlü xarici siyasət xəttini bu imzanı atmaqla bir daha təsdiq etmiş olub: “Bundan sonra Azərbaycanın qarşısında yeni perspektivlər açılır. Bu müqaviləyə imza atmaqla Azərbaycan həm Avropa ölkələrinə vizasız gediş-gəliş məsələlərini tənzimləyəcək, həm də Avropa ilə imtiyazlı ticarət əlaqələrinin qurulmasında bir çox üstünlüklər əldə edəcək. Çünki indiyə qədər dövlət tərəfindən Avropadan yalnız lazım olan malların alınması və satılması həyata keçirilirdisə, bundan sonra gömrük rüsumlarının azaldılması nəticəsində Azərbaycanın ən modern və müasir texnologiyaları, sənaye, eləcə də ilkin tələbat məhsullarını əldə etməsi daha da asanlaşacaq. Bununla da Azərbaycan Qərb ölkələri ilə ticarət əlaqələrini xeyli artırmış olacaq. Bununla Azərbaycan həm də Aİ-yə, NATO-ya yolunu daha da açmış oldu”.
“Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” Sammiti çərçivəsində baş tutan Zirvə görüşü Avropanın tək öz problemlərilə deyil, ona yaxın bölgələrin problemlərilə də məşğul olmasının vacibliyini ortaya qoydu”. Bunu “Trend”ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Millət vəkili bildirib ki, “Şərq Tərəfdaşlığı” Sammitində, bir çox məsələlərlə yanaşı, ərazi bütövlüyü məsələsi önə çəkilib: "Yekun bəyannamədə problemlərin həllinin beynəlxalq hüquq normalarına uyğun, ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyi bildirilib. Vaxtilə Avropanın müəyyən dairələri Azərbaycanın ərazi bütövlüyü məsələsini onlara yad olan bir məsələ kimi qiymətləndirirdi. Amma İspaniyanın Kataloniya vilayətində baş verənlər göstərdi ki, Avropanın özü istənilən vaxt Qarabağ sindromunu yaşaya bilər. Buna görə də Avropa Azərbaycanın ərazi bütövlüyü problemini artıq önə çəkməyə başladı. Həmçinin, Azərbaycanın fəal iştirakçısı olduğu “Cənub Qaz Dəhlizi”nə yüksək qiymət verilməsi onu göstərdi ki, bu gün dünya üçün sabitlik, ərazi bütövlüyü məsələsi prinsipialdır. Cənab Prezident İlham Əliyevin sammitdə qətiyyətli mövqeyi, Azərbaycanın taleyüklü məsələlərinin Avropa İttifaqı rəhbərliyinin diqqətinə çatdırması, Ermənistanın Azərbaycan torpaqlarının işğalını davam etdirməsinə yol verilməsini qabartması yekun bəyannaməyə təsir etdi. Ermənistan rəhbərliyi problem yaratmağa çalışsa da, cəhdlər uğursuz oldu. Dünya bu problemlərin beynəlxalq hüquq normaları ilə həll edilməsini vacib sayır. Bu, işğalçı Ermənistana xəbərdarlıqdır. Azərbaycan Dağlıq Qarabağ münaqişəsini hərb yolu ilə də həll etməyə hazırdır. Bunu aprel döyüşləri bir daha sübut etdi. Aİ-nin yekun sənədi isə Ermənistana son şansı verdi".
“Noyabrın 24-də Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” Sammitinin bəyannaməsində “Şərq Tərəfdaşlığı”nın bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi bir daha dəstəkləndi”. Bunu isə agentliyə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
H.Babaoğlunun sözlərinə görə, xüsusi vurğulanmalıdır ki, bəyannamədə Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə qlobal strategiyasına istinad edilib: “Bu strategiya isə 2016-cı ildə üzv dövlətlərin ortaq rəyi əsasında formalaşan strategiyadır və çox mühüm əhəmiyyət kəsb edir. 2016-cı ilin 20 iyun tarixində Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerini Brüsseldə keçirilən sammitdə strategiyanı rəsmən Avropa İttifaqına üzv dövlətlərin rəhbərlərinə təqdim edərək strategiya ilə bağlı yazdığı müqəddimədə bildirmişdi: "Avropa İttifaqının məqsədi, hətta mövcudluğu şübhə altındadır. Ancaq vətəndaşlarımıza və dünyaya indi əvvəllər olmadığı qədər güclü Avropa İttifaqı lazımdır. Bu, hətta Böyük Britaniyadakı referendumdan sonra da aktualdır. Avropa İttifaqına strategiya lazımdır, bizə ümumi baxış və birgə fəaliyyət lazımdır”. O dövrdə bu fikirlərin səsləndirilməsini zəruri edən beynəlxalq şərtlər var idi. Çünki Böyük Britaniya Avropa İttifaqını artıq tərk etmək üzrə idi və bu hadisə birliyin nəinki genişlənməsini, hətta mövcudluğunu belə təhlükə altında qoyurdu. Artıq elə vəziyyət yaranmışdı ki, Birləşmiş Krallığın başçılığı ilə Millətlər Birliyi, Fransanın rəhbərliyi ilə Frankofoniya Beynəlxalq Təşkilatı, İspaniyanın lider olduğu İbero-Amerikan Dövlətləri Təşkilatı, Portuqaliyanın himayəsində Portuqaldilli Ölkələr Birliyi dünya geosiyasətində fərqli maraqları önə çəkirdi. Beləliklə, Avropa İttifaqının ortaq xarici siyasətinin formalaşdırılıması və uzlaşdırılması müşkül məsələyə çevrilirdi. Çünki Aİ-yə daxil olan ölkələrin hər biri daha çox müstəqil siyasət yeritmək, milli maraqlarını daha çox irəli çəkməklə yeni dünya düzəninin formalaşmasında daha çox söz sahibi olmağa çalışırdılar. Bu isə beynəlxalq hüququn və onun əsas prinsiplərindən biri kimi qəbul edilmiş dövlətlərin ərazi bütövlüyü məsələsində fikir ayrılıqlarına səbəb olurdu. Buna baxmayaraq, nəhayət, 2016-cı ildə Aİ xarici siyasət və təhlükəsizlik üzrə qlobal strategiya müəyyənləşdirə bildi”.
Onun sözlərinə görə, strategiyada qeyd edilir ki, ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və münaqişələrin sülh yolu ilə həlli Avropa təhlükəsizliyinin aparıcı elementləri olacaq, bu prinsiplər həm Aİ daxilində, həm də Aİ sərhədlərindən kənardakı ölkələrə tətbiq ediləcək: “Strategiyada əksini tapan prinsiplər Azərbaycanın maraqlarına cavab verir və İttifaqla əməkdaşlığımızda başlıca prinsip kimi çıxış edir. Azərbaycan hələ 1996-cı ildən Aİ ilə tərəfdaşlıq və əməkdaşlıq sazişi, daha sonra 2004-cü ildən Avropa qonşuluq siyasəti və nəhayət, 2009-cu ildən Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq etsə də, münasibətlər irəliləyib keyfiyyətcə yeni fazaya daxil olmurdu. Çünki Azərbaycan Aİ tərəfindən ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının tanınmasını tələb edirdi. Nəhayət, Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq hüquqa söykənən qətiyyətli mövqeyi sayəsində Aİ-nin 24 noyabr 2017-ci il tarixli bəyannaməsində bu prinsiplər öz əksini tapdı. Hər şeydən öncə bunu milli diplomatiyamızın növbəti uğuru kimi qiymətləndirə bilərik. Eyni zamanda, əminliklə deyə bilərik ki, önümüzdəki aylarda Aİ ilə Azərbaycan arasında imzalanacaq əməkdaşlıq müqaviləsində də artıq bu mühüm məsələ öz əksini tapacaq. Bu isə bir daha Ermənistanın Aİ üzvləri tərəfindən işğalçı dövlət kimi tanınması mənasına gələcək. Beləliklə, Azərbaycan Aİ-ni elan etdiyi təhlükəsizlik prinsiplərinə sadiq qalmağa və işğala son qoymaq üçün Ermənistana təzyiq etməyə dəvət edə biləcək”.
Məhəmmədəli QƏRİBLİ