Qulu İsmayılov: “Trans-Avropa nəqliyyat şəbəkəsi üzrə razılaşmanın əldə olunması Azərbaycanın imkanlarını daha da artıracaq”
Azərbaycan və Avropa İttifaqı (Aİ) Trans-Avropa nəqliyyat şəbəkəsi üzrə sənəd imzalayıb. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Sənəd Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən imzalanıb.
İmzalanan bu sənədin ölkəmiz üçün nə kimi əhəmiyyəti olacaq?
İqtisadçı Qulu İsmayılovun sözlərinə görə, imzalanan sənəddə siyasi ilə yanaşı, iqtisadi aspektlərin də yer alması olduqca vacibdir: “Sənəddə yer alan müddəalardan görünür ki, Azərbaycan iqtisadi sahədə də uğurlu nəticə əldə edib. Trans-Avropa nəqliyyat şəbəkəsi üzrə razılaşmanın əldə olunması Azərbaycanın imkanlarını daha da artıracaq. Bilirsiniz ki, nəqliyyat ticarətin qan damarı sayılr. O olmadan ciddi uğur qazanmaq olmaz. Azərbaycan son illər ərzində enerji daşıyıcıları ixrac edən ölkə kimi tanınırdısa, hazırda həm də nəqliyyat dəhlizlərini, dünyaya çıxış imkanlarını özündə birləşdirən ölkə imicini qazanıb. Cənab Prezident də qeyd edib ki, Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.
Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin, demək olar ki, 50 faizini üzv ölkələrlə olan ticarət təşkil edir. Müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılıb. Eyni zamanda, biz üzv dövlətlərlə ikitərəfli formatda əlaqələrimizi fəal şəkildə inkişaf etdiririk. Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Bu o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edirlər. Bu bizim üçün olduqca önəmlidir. Trans-Avropa üzrə əməkdaşlıq bizim nəqliyyat imkanlarımızın daha da genişlənməsi və iqtisadiyyatımızın gücünün bir qədər də artması anlamına gəlir. Hələlik sənədin tam mətni açıqlanmayıb. Onu biləndən sonra konkret hesablamalar əsasında müqayisələr apara bilərik. Faktiki olaraq, Azərbaycan nəqliyyat sahəsində də lider ölkəyə çevrilmiş olur. Azərbaycan Şərqlə-Qərb arasında əlverişli coğrafi məkanda yerləşən, zəngin sərvətləri olan əhəmiyyətli bir ölkədir. Proqramın reallaşdırılması baxımından mövcud olan çətinliklərin, demək olar ki, hamısını Azərbaycan aradan qaldırıb. Mövcud yolları dünya standartlarına cavab verir. Bu layihə üçün önəmli mahiyyət daşıyan Bakı dəniz limanının yenidən qurulmasını və həyata keçirilən bir sıra digər işləri əsas götürərək, demək olar ki, bu razılaşmanın da ölkəmizə böyük faydası dəyəcək”.
Məhəmmədəli QƏRİBLİ