Ermənistanın işğalçı siyasətinin beynəlxalq müstəvidə davamlı şəkildə ifşa olunması, bunun konkret sənədlərdə öz əksini tapması Azərbaycan xarici siyasətinin əsas prioritetləri sırasında yer alır. Ötən zaman ərzində qeyd olunan istiqamətdə Azərbaycan kifayət qədər vacib nailiyyətlərə imza ata bilib. Qeyd olunan xüsusda düşmənə daha bir diplomatik zərbə Avropa İttifaqının Brüsseldə keçirilən “Şərq Tərəfdaşlığı” sammitində vuruldu. Erməni tərəfinin əvvəlcədən bütün ciddi-cəhdlərinə baxmayaraq, burada Azərbaycanın ərazi bütövlüyü məsələsi sammitin sonunda qəbul edilən Birgə Bəyannamədə təsbit edildi.
Məlumat üçün bildirək ki, sözügedən sənədin ikinci bəndində Avropa İttifaqının həmin proqram üzrə bütün tərəfdaşlarının ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləməsi xüsusi qeyd edilir. Bəyannamədə bu xüsusda deyilir: “Avropa İttifaqı bütün tərəfdaşların ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləməyə dair öhdəliklərinə sadiqdir”. O da çox maraqlıdır ki, ermənilərin Dağlıq Qarabağ münaqişəsində indiyə qədər daim ön plana çəkdiyi millətlərin öz müqəddəratını təyin etməsi hüququ barədə Birgə Bəyannamədə bir kəlmə də olsun hansısa fikir yer almayıb. Əksinə, tərəfdaş dövlətlərin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi ön plana çəkilib. Bütün bunlardan aydın görünür ki, sözügedən bəyannamədə Ermənistanın ümidlənə biləsi hansısa məqam yer almayıb. Halbuki, “Şərq Tərəfdaşlığı” sammiti ərəfəsində Ermənistanda tamam fərqli əhval-ruhiyyə hökm sürürdü. Belə ki, sammitdən bir neçə gün əvvəl Ermənistanın və Avropa Parlamentində antiazərbaycan qüvvələrin dəstəyilə tövsiyə xarakterli sənəd qəbul olunmuşdu. Ermənistan tərəfi ermənipərəst lobbi dairələrinin dəstəyilə ərsəyə gələn bu tövsiyə sənədini Ermənistan diplomatiyasının qələbəsi kimi təqdim edirdi. Brüssel Sammitində qəbul olunan Birgə Bəyannamədə isə bu tövsiyələrin heç biri öz əksini tapmadı.
Digər tərəfdən nəzərə alaq ki, Birgə Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına da istinad edilib. Barəsində bəhs olunan bu strategiyada kifayət qədər açıq mətnlə qeyd edilir ki, Avropa İttifaqı gələcəkdə də “Şərq Tərəfdaşlığı” ölkələrində mövcud münaqişələrin həllində iştirak edəcək, ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və münaqişələrin sülh yolu ilə həlli Avropa təhlükəsizliyinin aparıcı elementləri olacaq. Bu prinsiplər həm Avropa İttifaqı daxilində, həm də Avropa İttifaqı sərhədlərindən kənardakı ölkələrə tətbiq ediləcək. Elə buradan aydın şəkildə göründüyü kimi, bu strategiyada öz əksini tapan prinsiplər Azərbaycanın da maraqlarına cavab verir və Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığında başlıca prinsip kimi çıxış edir.
“Şərq Tərəfdaşlığı” sammitinə bir neçə gün qalmış Ermənistanın aldığı daha bir diplomatik zərbə Avropa Xalq Partiyasından gəlib. Belə ki, qeyd olunan sammitdən əvvəl Ermənistanın hakim Respublika Partiyasının da daxil olduğu Avropa Xalq Partiyasının “Şərq Tərəfdaşlığı” ölkələrinin müvafiq partiyaları ilə qurultayı keçirilmişdi. Bu qurultayda qəbul edilmiş yekun bəyanatda da Avropa İttifaqı və üzv dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində “Şərq Tərəfdaşlığı” dövlətlərinin ərazi bütövlüyünə birmənalı dəstəyi bir daha ifadə olunub. Məhz qeyd edilənlər “Şərq Tərəfdaşlığı”nda erməni tərəfinin bütün gözləntilərini alt-üst edib. Azərbaycan isə ərazi bütövlüyü ilə bağlı daha bir beynəlxalq dəstək alıb və bunun Avropa İttifaqı kimi nüfuzlu bir təşkilatdan gəlməsi olduqca mühümdür.
Burada bir məqama da xüsusi olaraq toxunmaq lazım gəlir ki, hələ iki il bundan əvvəl Riqada keçirilən Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” sammitinin yekun sənədində Ukraynanın, Moldovanın və Gürcüstanın ərazi bütövlüyü ilə bağlı məsələlər birmənalı şəkildə təsdiqini tapsa da, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə belə bir yanaşma öz əksini tapmamışdı. Mücərrəd şəkildə bir yandan ərazi bütövlüyü, bir yandan xalqların öz müqəddəratını təyinetmə, bir yandan da güc tətbiq edilməməsi ilə bağlı prinsiplərdən bəhs edilirdi. Elə o zaman Azərbaycan tərəfi bu məsələyə kəskin etirazını bildirmişdi. Amma bu dəfə Azərbaycanın qətiyyətli mövqeyi tamam fərqli bir sənədin ortaya çıxmasına səbəb oldu. Belə ki, Brüsseldə bu dəfə imzalanan sənəddə “Şərq Tərəfdaşlığı” ölkələrinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə bağlı bənd öz əksini tapdı. Bu, Azərbaycan üçün olduqca vacib məsələ idi və Bakı isətyinə nail oldu. Eləcə də “Şərq Tərəfdaşlığı” dövlətlərində münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli məsələsi də bu dəfə çox açıq formada ifadə edildi. Bildirildi ki, münaqişələr beynəlxalq hüququn normaları çərçivəsində çözümünü tapmalıdır. Bu yanaşma da ölkəmiz üçün çox vacibdir. Çünki Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin məhz beynəlxalq hüquq miüstəvsində həllini istəyir. Dağlıq Qarabağ probleminin beynəlxalq hüququn normaları çərçivəsində həlli o deməkdir ki, münaqişənin həlli BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsaslanmalıdır. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin heç bir şərt irəli sürülmədən işğal olunmuş əraziləri tamamilə tərk etməsi məsələsi öz əksini tapıb. Eyni zamanda, ATƏT-in, AŞPA-nın, Avropa İttifaqının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkətının, NATO-nun da bu məsələ ilə bağlı müvafiq sənədləri var. Həmin sənədlərdə Azərbaycanın ərazi bütövlüyü məsələsi öz əksini tapıb. Bu baxımından “Şərq Tərəfdaşlığı” sammitində, Qarabağ konflikti də daxil olmaqla, digər münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllinin ön plana çəkilməsi Azərbaycanın yeni diplomatik uğuru kimi qeyd edilə bilər.
“Şərq Tərəfdaşlığı” sammitində qeydə alınanlara paralel olaraq ermənilər üçün daha bir zərbə Avropa Komissiyasının Ticarət üzrə Baş Direktorluğundan gəldi. Qurumun rəsmi internet səhifəsində bazara giriş haqqında məlumat bazasında Avropa İttifaqı şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində kommersiya fəaliyyətinin yaradacağı məsuliyyətlə bağlı xəbərdarlıq yerləşdirildi. Xəbərdarlıqda deyilir: “Azərbaycan qanunvericiliyinə əsasən, Dağlıq Qarabağ və ya ətraf ərazilərdə birbaşa və ya filialları vasitəsilə kommersiya fəaliyyəti göstərən Avropa İttifaqı şirkətləri mülki və cinayət məsuliyyətinə cəlb olunma risqi daşıyır. Bu cür fəaliyyət Azərbaycanda həmin fəaliyyəti aparan fərdlərə və müvafiq biznes barəsində cinayət təqibi və ya digər hüquqi tədbirlərin görülməsi ilə nəticələnə bilər; həmçinin gələcəkdə Azərbaycana səfər etmə imkanına təsir edə bilər“. İlk baxışdan da kifayət qədər aydın görünür ki, burada Azərbaycanın ərazi bütövlüyü Avropa İttifaqı tərəfindən ön planda yer alır. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də bildirir ki, Avropa Komissiyasının bu xəbərdarlığı Avropa İttifaqı fiziki və hüquqi şəxslərinin işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətinin qarşısının alınması ilə bağlı Azərbaycanın legitim tələblərinin yerinə yetirilməsi istiqamətində atılmış ilkin addımdır: “Avropa İttifaqı ilə bütün səviyyələrdə, habelə mövcud dialoq formatları, eyni zamanda Avropa İttifaqı üzv ölkələri ilə ikitərəfli iqtisadi-ticarət əməkdaşlığı üzrə Müştərək Komissiyalar çərçivəsində məsələ ilə bağlı prinsipial mövqeyimizin təbliğinin davamlılığı ilkin nəticənin əldə olunmasında mühüm rol oynamışdır. Bu tendensiyanın saxlanması gələcəkdə Avropa İttifaqı tərəfindən növbəti və daha təsirli tədbirlərin görülməsini istisna etmir“. Onun sozlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsi kontekstində Avropa İttifaqı tərəfindən Azərbaycanla bağlı siyasi qərarlar qəbul edilərkən qurumun Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsinin (EUSR) ofisinin rəyi əsas götürülür. EUSR öz fəaliyyətində Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinə hesabat verir və ondan tövsiyələr alır: “Bu isə o deməkdir ki, harada dərc olunmasından asılı olmayaraq yuxarıdakı xəbərdarlığa bütün Avropa İttifaqı üzv ölkələri birmənalı şəkildə riayət etməlidir. Əcnəbi hüquqi və fiziki şəxslərin işğal olunmuş ərazilərdə qanunsuz iqtsadi-ticarət fəaliyyətindən çəkindərilməsinin vacibliyi ilə bağlı ölkəmizin üzv olduğu Avropa təsisatlarında aparılan müzakirələr zamanı yuxarıdakı xəbərdarlıqdan istifadə edilməsi prinsipial mövqeyimizin irəlilədilməsi istiqamətində yardımçı rol oynaya bilər“.
Beləliklə, bütün bu yuxarıda qeyd edilənlər Azərbaycan üçün diplomatik müstəvidə yeni qələbələrin əldə olunduğunu kifayət qədər aydın şəkildə nümayiş etdirir. Çünki ərazi bütövlüyü məsələsinin nə dərəcədə vacib olması bir daha Avropa İttifaqı müstəvisində öz təsdiqi tapdı. Özü də o fonda ki, ərazi bütövlüyü məsələsinə münasibətdə vahid mövqenin müəyyənləşməsi Azərbaycanın uzun illərdən bəri irəli sürdüyü, beynəlxalq təhlükəsizliyin təmin edilməsi üçün böyük önəm daşıyan təşəbbüslərdən biridir. Bu təşəbbüsə növbəti vacib dəstək məhz Avropa İttifaqından gəldi. Bu, Ermənistana, onun lobbisinə də ciddi zərbə oldu. Digər tərəfdən, elə Avropa İttifaqı çərçivəsində onlara nümayiş etdirildi ki, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyinin dəstəklənməsində beynəlxalq hüququn prinsiplərinin tətbiqində ikili standartlara yol verənlərin iflası qaçılmazdır. Məhz “Şərq Tərəfdaşlığı” sammitinin Birgə Bəyannaməsində ərazi bütövlüyünün ön planda yer alması proseslərə ikili standartlardan yanaşanlara çox ciddi zərbə sayılır. Bütün bunlar həm də Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın yeni bir səhifəsini açır. Burada isə ərazi bütövlüyü ilə yanaşı, iqtisadi, o cümlədən enerji təhlükəsizliyi sahəsində əlaqələrin inkişafı, vizasız gediş-gəliş, nəqliyyat sahələri kimi çoxsaylı məsələlər öz əksini tapıb.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.