Əli Mahmud: “Hesab edirəm ki, Fransada “Qarabağ günləri”nin keçirilməsi qanunsuzdur” Ənvər Çingizoğlu: “Ermənilərin bu həyasızlığına son qoyulmalıdır. Hesab edirəm ki, bu tədbirin keçirilməsinin qarşısı alınmalıdır”
Bu günlərdə qondarma Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyan Fransada Azərbaycanın erməni işğalı altında olan Laçın rayonu ilə Fransanın Alforvil şəhərinin “qardaşlaşması” ilə bağlı razılaşma imzalayıb. Bu azmış kimi, separatçı rejimin başçısı Fransada “Qarabağ günləri”nin keçirilməsi ilə də bağlı “razılıq” əldə edib.
Başqasının torpağını ələ keçirib, mədəniyyətini, maddi dəyərlərini ya dağıdıb, ya da ki, saxtalaşdıraraq öz adlarına çıxan ermənilərin bu hərəkətləri həqiqətən də dünyanı silkələməlidir. Qarabağ probleminin nizamlanmasında önəmli rol oynamalı olan Fransada qondarma rejim tərəfindən “Qarabağ günləri”nin keçirilməsi həqiqətən də qəbul edilən deyil. Qarabağ torpağının, Qarabağ mədəniyyətinin sahibi Azərbaycan xaqlı ola-ola, ermənilərin Fransada belə bir tədbir keçirməsini narazılıqla qarşılayan ekspertlər hesab edirlər ki, bu tədbirin baş tutmaması üçün əlimizdən gələni etməliyik.
“Qarabağa aparan yol” qəzetinin baş redaktoru, tanınmış şair-publisist Əli Mahmudun fikrincə, qondarma rejimin başçısı “Qarabağ günləri”nin keçirilməsini meydana atmaqla dünya ictimaiyyətini çaşdırmaq məqsədi güdür. O hesab edir ki, Bako Saakyanın Qarabağ adından danışmağa nə rəsmi, nə də mənəvi haqqı çatır. Onun statussuz bir rejimə başçılıq etdiyini deyən Ə.Mahmudun bildirdiyinə görə, erməni tərəfi hansısa bir tədbir keçirməklə heç nəyə nail ola bilməyəcək: “Qondarma respublikanın başçısı Fransaya gedib və burada “Qarabağ günləri”nin keçirilməsi ilə bağlı “razılıq” əldə edib. Heç bir dövlət statusu olmayan bir qondarma rejimin başçısının belə bir “razılaşma” imzalaması qanunaziddir. Qarabağ erməni torpağı deyil ki, ermənilər onunla bağlı tədbir keçirsinlər. Məsələ burasındadır ki, “Qarabağ günləri”ni Fransada keçirmək istəyirlər. Mənə belə gəlir ki, burada siyasi məqsəd var. Çünki Fransanın ermənilərə münasibətinin əlavə izaha ehtiyacı yoxdur. Hesab edirəm ki, Fransada “Qarabağ günləri”nin keçirilməsi qanunsuzdur. Bu heç bir qanun çərçivəsinə sığmır. Fransa dövləti separatçı qurumla bu barədə “razılaşma” imzalamalı deyildi. O, həmsədr ölkə kimi erməni separatizminə qarşı çıxmalı olduğu halda, Fransada “Qarabağ günləri”nin keçirilməsini razılıqla qarşılayır. Ermənilər işğal altında saxladıqları Azərbaycan torpaqlarını, oradakı mədəniyyətimizi, dəyərlərimizi mənimsəyiblər. Bu faktdır. Amma onlar bu tədbirdə ortalığa nə çıxaracaqlar? Qarabağ xalçasını toxuya bilməzlər, Qarabağ mətbəxini nümayiş etdirə bilməzlər, Qarabağ atlarını təqdim edə bilməzlər, Qarabağ muğamını oxutdura bilməzlər. Daha bir sıra məsələlər var ki, o sırf Qarabağa və azərbaycanlılara aiddir. Azərbaycan dövləti vaxtaşırı olaraq xaricdə keçirdiyi humanitar tədbirlərdə Qarabağ mədəniyyətini təqdim edir, bu təqdimat Qarabağı əhatə edir. Ermənilər isə nə göstərəcək, onu bilmirəm. Bilirsiniz ki, onlar işğal etdikləri torpaqlarımızda nə qədər vəhşiliklər törədiblər. Bilirsiniz dəhşət doğuran hal nədir? Onlar işğal zamanı Azərbaycan xalqından qarət etdikləri maddi mədəniyyət nümunələrini saxtalaşdıraraq öz adlarına təqdim edə bilərlər. Düşünürəm ki, bunun qarşısı alınmalıdır ki, ermənilər bu halı gerçəkləşdirməsinlər. Onların Qarabağla heç bir əlaqəsi yoxdur. Bunu separatçı rejim gizlətməyə çalışır. Amma mümkün olmayacaq. Azərbaycan tərəfi “Qarabağ günləri”ilə bağlı etiraz səsini ucaltmalı, ona alternativ olaraq tədbirlər keçirməlidir. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və mədəniyyətimizin, tariximizin əbədi qaynağıdır”.
Etnoqraf Ənvər Çingizoğlu da separatçı rejimin Fransada “Qarabağ günləri”ni keçirmək niyyətini etirazla qarşılayır. Onun sözlərinə görə, bu tədbirin keçirilməsi qanunaziddir: “Qarabağ işğal altında olduğu halda onunla bağlı bu formatda tədbirin keçirilməsi doğru deyil. Erməni tərəfin belə bir təşəbbüsdə olmasını, “Qarabağ günləri”nin keçirilməsi ilə bağlı tədbir keçirməsini pisləyirəm. Ermənilərin bu həyasızlığına son qoyulmalıdır. Hesab edirəm ki, bu tədbirin keçirilməsinin qarşısı alınmalıdır”.
İradə SARIYEVA