Yaxın Şərqdə gedən proseslər nəticəsində İranın Suriyada mövqelərini möhkəmləndirməsi və buraya əlavə hərbi qüvvələr cəmləşdirməsindən indi ən çox narahat olan tərəflərdən biri də İsraildir. Burada hesab edilir ki, İranın əsas məqsədi Suryia istiqamətindən İsrail sərhədləri yaxınlığına böyük hərbi qüvvə cəmləşdirməkdir. Artıq rəsmi Təl-Əviv buna dözmək niyyətində olmadığını açıq bəyan edir. İsrailin baş naziri Benyamin Netanyahu bu xüsusda bildirir: “İsrail öz sərhədlərində, həmçinin Suriyada İranın hərbi mövcudluğuna dözməyəcək”.
Netanyahu bildirib ki, İranın Suriyada möhkəmlənmək cəhdləri qəbuledilməzdir: “Biz dəfələrlə bildirmişik ki, İranın əlində nüvə silahlarının olması münasib deyil. Biz sərhədlərimizin yaxınlığında İranın hərbi mövcudluğuna imkan verməyəcəyik. Nəsillərin əməkləri sayəsində biz heçdən hər şey yaratmışıq və hər şeyi heçə çevirməyə də imkan verməyəcəyik”. Bununla İsrail İran hərbi qüvvələrinə qarşı əməliyyatların ilkin anonslarını da vermiş olur. Netanyahu onu da bəyan edir ki, ölkəsinin cavab tədbirləri sərt olacaq: "Yaxın Şərqdə əvvəlki kimi İsrailə qarşı hücumlardan sevinənlər var. Xüsusilə qeyd etmək istəyirəm ki, bizim cavabımız çox sərt olacaq və kiməsə bizim gücümüzü yoxlamağı məsləhət görmürük".
İsrail İrana qarşı olan ərəb ölkələri ilə də gücünü birləşdirməyə çalışır. Bunu sui-qəsd nəticəsində öldürülən Misir prezidenti Ənvər Sədatın tarixi İsrail səfərinin ildönümü ərəfəsində ərəb liderlərinin İrana qarşı ittifaq yaratmaq üçün Qüdsə dəvət edilməsi də aydın göstərir. İsrailin müdafiə naziri Aviqdor Liberman qeyd edir: “Ənvər Sədat axınlara qarşı dayanan cəsur bir lider idi və digər ərəb liderlərinin İsraillə strateji münasibətlərin əhəmiyyətini anlamasına şərait yaratdı. Tarixi İsrail ziyarətindən 40 il sonra bu gün bölgə liderlərinə Sədatın addımlarını izləyib Qüdsə gəlməklə yeni bir səhifə açmaq çağırışı edirəm. Hazırda Yaxın Şərqdə İrana qarşı koalisiya qurulmasına hər şeydən daha çox ehtiyac var“.
İndilikdə Səudiyyə Ərəbistanı və İsrail arasında artıq belə bir ittifaqın qurulduğu müşahidə olunur. Ehtiyatda olan israilli general-mayor Dani Rotşild qeyd edir ki, İsrail Səudiyyə Ərəbistanı ilə İran və "Hizbullah"ın daxil olduğu şiə məhvəri arasındakı münaqişədə öz mövqeyini gizlətməməlidir: "Bir halda ki, Səudiyyə Ərəbistanının maraqları ilə yəhudi dövlətinin maraqları bir çox məsələlərdə üst-üstə düşür. Hər iki dövlət hesab edir ki, İran Yaxın Şərqdə sabitliyi pozan başlıca amildir və baxmayaraq ki, dipolmatik əlaqələr mövcud deyil, o, faktiki olaraq barrikadanın bir tərəfində fəliyyət göstərir".
Yeri gəlmişkən qeyd edək ki, Səudiyyə Ərəbistanı və İran arasında gərginlik hər keçən gün artır. Səudiyyə Ərəbistanının “Al Arabiya” saytı isə İranın bölgədə heç kimi sağ buraxmayacaq planının olduğu iddiası ilə çıxış edib: “Bu sadəcə Səudiyyə Ərəbistanının müharibəsi deyil. Bu, bütün ərəblərin və müsəlmanların, hətta bəşəriyyətin müharibəsidir. Bu gün müharibəyə qatılmayanlar alçaqlar süfrəsində məğlub olacaqlar”. Diqqət çəkən məqamlardan biri də Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın bu proseslərdə baş oyunçu kimi təqdim edilməsidir. Xüsusilə Səudiyyə Ərəbistanı mediası İranın dini lideri Xamneyinin qarşısına şahzadə Salmanı çıxarır, onların fotosunu birgə yayır. Bu, gənc vəliəhdin, kral olmasa da, ölkəsində hər şeyə nəzarət etdiyini sübut etməklə yanaşı, həm də yeni liderin o olacağına işarədir. Oksford Universitetinin Yaxın Şərq üzrə mütəxəssisi Tobi Mathiens Səudiyyə və İran arasındakı hazırki vəziyyətin əvvəlki dövrlərlə müqayisədə daha təhlükəli olduğuna diqqət çəkib. Onun fikrincə, vəliəhd Salmanın İranı sərt şəkildə təhdid etməsi iki ölkə arasında vəziyyətin nəzarətdən çıxması nöqtəsi ola bilər: “Vəliəhd ABŞ prezidenti Donald Trampla səmimi münasibətlərinə görə bölgədə toxunulmazlıq statusu alıb. O, İranla Livan arasında quru dəhlizi qurmağa nail oldu və bununla İrana qarşı həmlələrini genişləndirdi”.
Yaxın Şərq üzrə amerikalı ekspert Coşua Landis Səudiyyənin İrana qarşı Livan gedişini şərh edib: “Məhəmməd bin Salman Livanın baş naziri Saad Haririnin İranla uzlaşdığını düşünür. Şahzadə düşünür ki, Livan hökuməti dağılarsa və “Hizbullah“a dəstək kəsilərsə, Qərb hər şeyi anlayacaq və “Hizbullah“ı sıxışdıracaq. Mümkündür ki, 2006-cı ildə olduğu kimi, Səudiyyə Ərəbistanı yenə də İsrailin Livana hücum etməsinə şərait yaratsın. Lakin bu dəfə daha güclü ordu ilə hücum ediləcək”. “Financial Times” nəşrinin siyasi analitiki David Qartner hesab edir ki, Livan Riyad və Tehran arasındakı vəkalət müharibəsinin yeni məkanı olacaqsa, bu, Yaxın Şərqdə nəzarətdən çıxan toqquşma ilə nəticələnəcək. Bu toqquşmaya İsrail də ciddi hazırlıq görür. Eyni zamanda məlumatlar var ki, İsrail Suriyada olan ABŞ qoşunlarının da buradakı İran qüvvələrinə həmlə etməsini isətyir. Amma məsələnin bu tərəfi ilə Rusiya razılaşmır. Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edir ki, terrorçuların məhvindən sonra qoşunların Suriya ərazisindən çıxarılmaması barədə Vaşinqtonun niyyəti ABŞ hərbçilərinin bu ölkədə olmasının həqiqi hədəfləri haqqında böyük suallar yaradır: “ABŞ-ın müdafiə naziri Ceyms Mettis açıq şəkildə dedi ki, Amerika hərbçiləri siyasi nizama salınma prosesinin irəliləyişinə qədər Suriyadan getməyəcək. ABŞ-ın Suriyada hərbi mövcudluğu beynəlxalq hüquqi nöqteyi-nəzərdən qanunsuzdur. Onlar bura Dəməşqin icazəsi və ya dəvəti olmadan gəliblər. Onlar Suriyanın qanuni hökumətinin iradəsinin əksinə hərəkət edirlər. Faktiki olaraq, özlərini işğal anlayışına yaxın aparırlar”. Bütün bunlar isə Yaxın Şərqdə vəziyyətin hələ kifayət qədər gərgin olacağını göstərir.
Tahir TAĞIYEV