Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın atdığı addımlar bu gün siyasi, iqtisadi, diplomatik müstəvidə Ermənistanın kifayət qədər ciddi problemlərlə üzləşməsinə gətirib çıxarıb. İşğalçı ölkədə indi belə etiraflara getdikcə daha çox rast gəlmək mümkündür ki, Qarabağ konfliktinə görə onlar gözlənildyindən də böyük problemlər yaşayırlar.
Məsələn, “Jamanak” qəzeti yazır ki, məhz bu münaqişə səbəbindən Ermənistanda sosial-iqtisadi vəziyyətin yaxşılaşmasını gözləmək olmaz: “Əvvəla, Dağlıq Qarabağ kofnlikti Ermənistanın hərbi məqsədlər üçün xərclərini artırır. Halbuki, həmin xərcləri sosial məqsədlər üçün istifadə etmək olardı. Digər tərəfdən, yenə bu münaqişə nəticəsində Ermənistan regionda həyata keçirilən bir çox layihələrdən kənarda qalıb. Həmin layihələr isə iqtisadi inkişaf üçün çox vacibdir. Qonşu Gürcüstanın timsalında biz bunu aydın görürük. Ən böyük problemlərdən biri isə Qarabağ münaqişəsinə görə Ermənistandan hansısa məqsədlər üçün istfiadə olunması, eyni zamanda Ermənistana təzyiqlər göstərilməsidir. Bunu Rusiyanın timsalında son dövrlərdə daha aydın müşahidə etmək mümkündür”.
Bununla yanaşı diqqət həm də ona yönəldilir ki, Azərbaycan bu məsələnin, təkcə ATƏT-in Minsk Qrupu çərçivəsində qalmayaraq, digər müstəvilərdə də gündəmə gətrilməsi istiqamətində gördüyü işlərlə Ermənistanı çətin vəziyyətdə qoyur: “Ermənistan üçün daha məqbul variant məsələ ilə bağlı müzakirələrin Minsk Qrupu çərçivəsində getməsidir. Amma Azərbaycan məsələyə fərqli prizmadan yanaşır. Məsələni bütün beynəlxalq platformalarda gündəmə gətirir. Avropa İttifaqı, NATO, Avropa Şurası və digər təşkilatlar səviyyəsində Qarabağ məsələsi hər zaman gündəmdə olur. Bakının gedişlərinin nəticəsidir ki, son dövrlərdə Türkiyə də prosesə aktiv şəkildə qoşulub”.
Yeri gəlmişkən qeyd edək ki, Avropa İttifaqı, NATO çərçivəsində Qarabağ məsələsi yenidən gündəmə gətrilib. Belə ki, Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə bu məsələ yenidən əsas müzakirə mövzularından birini təşkil edib. Yens Stoltenberq burada birmənalı şəkildə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması narahatlıq doğurur. O bildirib ki, münaqişənin həlli sülh yolu ilə mümkündür: "Biz ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyirik. Sevinirik ki, prezidentlər dialoqu bərpa edib. Münaqişənin gərginləşməsindən çəkinmək üçün atılan addımları alqışlayırıq". Brüsseldə keçrilən “Şərq Tərəfdaşlığı“ sammiti çərçivəsində də Azərbaycan yenə Qarabağ məsələsini gündəmə gətirdi. Erməni mediası yazır ki, burada İrəvan üçün problemli məsələlərdən biri sammitin qətnaməsinin ikinci bəndində ərazi bütövlüyü məsələsinin qoyulmasıdır. Məhz burada “Şərq Tərəfdaşlığı“ ölkələrinin ərazi bütövlüyünün dəstəkləndiyinin qeyd olunması Azərbaycanın daha bir uğuru sayılır. Bununla Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini göstərir ki, belə vəziyyət Ermənistan üzərində növbəti qələbə sayılır. Avropa İttifaqının əsas hədəfi isə son dövrlər Avropada Kataloniyadan başlayan separatizmin qarşısının alınmasıdır. Lakin bu, həm də “Şərq Tərəfdaşlığı“ ölkələrindən Azərbaycanın, Ukraynanın və Gürcüstanın da ərazi bütövlüyünün dəstəklənməsidir. Ermənistan mediası yazır ki, bu, İrəvana böyük zərbədir. “Jamanak” qəzeti bu xüsusda bildirir: “Baş verənlər “Şərq Tərəfdaşlığı“ sammitində Avropa İttifaqı ilə yeni sazişə gedən Ermənistana böyük zərbədir”.
Qarabağ məsələsində böyük təsir gücünə malik Rusiya da, Ermənistanın istəklərinin əksinə olaraq, münaqişə ilə bağlı mövcud status-kvonun dəyişməsində maraqlı tərəf qismində çıxış edir. Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da xüsusi olaraq vurğulayır: “Biz çox istəyirik ki, bu problemli məsələ nizamlansın. Nə qədər tez olsa, bir o qədər yaxşıdır. Təbii ki, dəfələrlə barəsində danışdığımız əsaslar üzərində“. O qeyd edib ki, Dağlıq Qarabağ məsələsi Rusiya üçün prioritet mövzudur: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması bizim üçün prioritet mövzulardan biridir, çünki bu mövzu bizə dost olan iki dövlətə, münasibətlərimizi inkişaf etdirdiyimiz xalqlara aiddir. Çox istərdik ki, bu problemli məsələ nəhayət nizamlansın”. Rusiyalı ekspert Maksim Şevçenko da qeyd olunanlar fonunda vurğulayır ki, Dağlıq Qarabağ münaqişəsində tarixi həqiqət Bakının tərəfindədir və Rusiya hazırkı vəziyyətdə özünü daha fəal aparmalı, Bakını dəstəkləməlidir. Ekspertin rəyinə görə, Qarabağ məsələsində dialoq həm də üç ölkə – İran, Türkiyə və Rusiya arasında aparılmalıdır. Şevçenko həmçinin bildirib ki, öz torpaqlarından didərgin düşən insanları da unutmaq olmaz: “Onların və ya varislərinin geri qayıtması məsələsini sərt şəkildə qoymaq lazımdır. Bunsuz heç bir həlldən söhbət belə gedə bilməz“. Şevçenkonun sözlərinə görə, hazırda Dağlıq Qarabağla bağlı vəziyyət Rusiyanın nəzarəti altındadır. Onun fikrincə, Moskva bu durumdan istfiadə edib münaqişənin həlli istiqamətində real fəaliyyətini ortaya qoymalıdır. Əks təqdirdə o, Azərbaycanın güc yolu ilə münaqişənin həllinə nail olmaq üçün hər cür imkanlara malik olduğunu da xüsusi olaraq vurğulayır. Lakin onu da qeyd edir ki, münaqişənin hərbi yolla tənzimlənməsi Rusiyanın maraqlarına cavab vermir. Məhz bu səbəbdən Kremlin dinc yolla münaqişənin həlli istiqamətində fəal siyasət yürütməsinin zəruii olduğunu da ekspert xüsusi olaraq vurğulayır.
Rusiyanın tanınmış hərbi eksperti, “Arsenal oteçestva” jurnalının redaktoru Aleksey Leonkov da, Kreml fəal mövqe sərgiləməyəcəyi təqdirdə, Bakının güc faktorundan istifadəyə məcbur qalacağını deyir. O burada xüsusi olaraq vurğulayır ki, Cənubi Qafqaz regionunda ən güclü ordu Azərbaycana məxsusdur və bunu həm Rusiyada, həm də Ermənistanda nəzərə almalıdırlar. ABŞ tərəfindən Gürcüstana tank əleyhinə “Javelin” raket komplekslərinin satılmasını şərh elərkən ekspert qeyd olunan xüsusda bildirib ki, bu satınalmalardan sonra belə, ümumi fonda yenə Gürcüstan zəif görünür. “Ermənistan KTMT sazişi üzrə Rusiyanın müttəfiqidir. Orada Rusiyanın iki hərbi bazası var və rus hərbçilər xidmət edir. İrəvan Rusiyadan yetərincə çağdaş komplekslər alır. Amma güclərin nisbətinə, silahların sayına və miqlarına görə hazırda regionda ən güclü ordu Azərbaycana məxsusdur”. Aleksey Leonkovun sözlərinə görə, Azərbaycan öz ordusunu üç mənbənin hesabına gücləndirir: “Türkiyə də kömək edir. İsrail də. Onlar Rusiyanı da yaddan çıxarmırlar. Amma Ermənistan da çağdaş silahla təchizinə görə ən zəif deyil. Ümumi fonda Gürcüstan daha sadə görünür. Baxmayaraq ki, onun əsas sponsoru ABŞ-dır. Lakin reionda əsas güc sahibi məhz Azərbaycandır”.
Erməni ekspertlər, əslində Rusiyanın da yardımlarına baxmayaraq, ordularında çox ciddi tənəzzülün başladığını bildirərək, bunun Qarabağ münaqişəsinə də əsasıl surətdə təsir göstərdiyini bəyan edirlər. Məsələn, politoloq Ruben Martirosyan bununla bağıl bildirir: “Ermənistan ordusunda əsgərləri zabitlər öldürür, cinayət işlərini gizlədirlər, günahsız hərbçiləri törətmədikləri əməllərə görə zindana atırlar, əsl cinayətkarlar isə cəzasız qalır. Bu problemi kökündən həll etmək imkanımız yoxdur. Serj Sarkisyan isə açıq şəkildə yalnız bunu deyir: nə istəyirsizsə, onu da edin! Nəticədə ordu məhv olur və tələbələr əsəbi şəkildə möhlət hüququnun məhdudlaşdırılmasına qarşı çıxır. Çünki bu gün Ermənistanda hökm sürən özbaşınalıq səbəbindən heç kim xidmətə getmək istəmir. Sarkisyanın hakimiyyətdə qalması ölkədə gərginlik və qarşıdurmaları qaçılmaz edir. Elə Qarabağ məsələsində də bütün üstünlüklər Azərbaycan tərəfdədir. Biz onlara qarşı, ötən ilin aprelində olduğu kimi, çətin ki, duruş gətirə bilək”. Bu arada diqqət yetirilən məqamlardan biri də Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən düşmən ordusunun hərbi hissələrində qarşılıqlı münasibətlərin pozulması zəminində daha bir neçə ölüm hadisəsinin, cinayətin baş verməsidir. Belə ki, elə bu günlərdə Ermənistan ordusunun üç hərbi qulluqçusunun ölümü ilə nəticələnən qanlı insident baş verib. Ermənistanın “news.am” saytı yazır ki, işğal olunmuş Ağdərə yaşayış məntəqəsi ərazisində yerləşən hərbi hissələrin birində mina partlayışı nəticəsində üç hərbçi ölüb, biri ağır yaralanıb. Erməni saytlarının və ölənlərdən birinin qohumunun sosial şəbəkədə paylaşdığı məlumata görə, partlayış mina quraşdırılarkən baş verib. Nəticədə 1995-ci il təvəllüdlü leytenant Geğam Zakaryan, müqavilə əsasında xidmət edən hərbçilər - 1998-ci il təvəllüdlü Sarkis Abramyan və Sarkis Melikyan ölüb. Ağır vəziyyətdə hospitala aparılan əsgər - 1998-ci il təvəllüdlü Narek Oveyan çoxsaylı qəlpə yaraları alıb və onun vəziyyətinin kritik olduğu bildirilir.
Digər tərəfdən, Ermənistan ordusunda zabitlər də qarşılıqlı münasibətləri kobud şəkildə pozur, tabeliklərində olan hərbi qulluqçulara qarşı fiziki güc tətbiq edir, nalayiq söyüşlərlə təhqir edirlər. Elə bu günlərdə gənc əsgərlər Robert Ayvazyan və Karen Hakopyan zabitlər tərəfindən məruz qaldıqları təhqirlərə dözməyərək qəsdən özlərinə xəsarət yetiriblər. Müqavilə əsasında xidmət edən Armen Yeğazaryan isə onu söyən zabiti döyüb. Tabor komandiri Robert Hambartsumyan tərəfindən döyülən bir əsgər isə hərbi hissənin tibb məntəqəsinə yerləşdirilib. Bundan başqa, digər çoxsaylı cinayət hadisələri də qeydə alınır. Baş verən cinayət hadisələri valideynlərdən və hüquq-mühafizə orqanlarından gizlədilir. Amma görünən odur ki, erməni hakimiyyəti buna tam nail ola bilmir. İndi erməni mediası, sosial şəbəkə istifadəçiləri diqqəti ona yönəldir ki, yaşananlar erməni ordusunun Azərbaycan əsgərləri qarşısında daha gücsüz vəziyyətə düşməsini nümayiş etdirir. Beləliklə, siyasi, iqtisadi, diplomatik, hərbi müstəvidə Azərbaycan üstünlüyünü kifayət qədər artırır ki, bu da Qarabağ konfliktinin həllini tezləşdirən amillərdən sayılır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.